Fərqli adlar, eyni adamlar - YAZI

Fərqli adlar, eyni adamlar - YAZI

Sergey Qoroxovodatiski adlı qazaxıstanlı futbol veteranı var. Eynilə bizim futbol veteranları Kazbek Tuayev, İsgəndər Cavadov, Vaqif Sadıqov kimidi. Lazım olanda dilləndirirlər, o da gözünü yumur, ağzına və ağlına gələnləri danışır, özünü dahi futbol bilicisi kimi aparır.

Yəqin xəbəriniz var, bugünlərdə Qazaxıstan millisinin baş məşqçisi postunda da dəyişiklik oldu. Yerli federasiya əllərinin üzərində, bəh-bəhlə yığmanın baş məqçisi postuna gətirdiyi Stanimir Stoilovla müqaviləni vaxtından əvvəl və qarşılıqlı razılıq əsasında pozdu. Eynilə bizdəki ssenari ilə. Qazaxlar bizdən cəld tərpəniblər, artıq bolqar mütəxəssisin əvəzləyicisini də tapıblar. Futbolun səviyyəsi təxminən elə bizimki qədər olar, amma iddiaları yerə-göyə sığmayan Qazaxıstan millisini bundan sonra çexiyalı Mixal Bilek çalışdıracaq.

Yazıma əbəs yerə sizi Sergey Alekseyeviçlə tanış etməklə başlamamışam. Qazaxıstan və Azərbaycan futbolları arasında aparılması mümkün olan çoxsaylı paralellərdən biri də məhz elə 69 yaşlı futbol veteranıdı. Qazax həmkarlarımız ondan Stoilovun gedişinə münasibət öyrəniblər. Bu da səbəbsiz deyil. Çünki Qoroxovodatiski özü də yığmanı çalışdırıb. Eynilə bizim indi AFFA-nın çaldığı havaya oynayan veteranlarımız kimi. Nə əsas millidə, nə də U-21-in "sükanı arxasında” Sergey Alekseyeviç heç bir uğur qazana bilməyib. Eləcə də onun çalışdırdığı klublar hər hansı möhtəşəm qələbə ilə fərqlənməyib. Sözsüz ki, belə bir müəxəssisin beynəlxalq arenada qazandığı nəticələrdən, avrokuboklardakı çıxışından danışmağa dəyməz. Amma özü məşqçi kimi heç nəyə nail olmayan Qoroxovodatiski Qazaxıstan futbolu üçün unudulması mümkün olmayan uğurlara imza atan Stoilovu bəyənmədiyini deyib. Onun "Astana”nı Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələlərinin daimi iştirakçısına çevirən məşqçi haqda dediyi sözlərə fikir verin: "Stoilov kimdi axı? Ondan ideal məşqçi, Qazaxıstan futbolunun xilaskarı obrazı düzəltməyin. Bura gələndə heç kim idi, bolqar burdan da elə o cür getdi. Belələrindən özümüzdə də yetərincə var. Onun yerinə kimsə gələcək və eyni işləri görəcək”. 

Üslub, pafos, hikkə, paxıllıq hissi necə də açıq-aşkar hiss olunur. Oxuyanda düşünürsən ki, 69 yaşlı veteran illərdi bolqarıstanlı məşqçiyə nifrət hissini ürəyində saxlayırmış, onun qovulacağı günü səbrsizliklə gözləyirmiş. Halbuki özü ondan da uzun müddət iş başında olub, zaman-zaman fürsət qazanıb, amma heç nə əldə edə bilməyib. Əminəm ki, "onlardan bizə nə” sualını vermək həvəsinə düşmədiz. Çünki söhbətin Qazaxıstandan getdiyini bilməyən istənilən şəxs həmin sözlərin bizim veteranlardan hansınınsa dilindən çıxdığını düşünə bilər. Bizimkilər də Sergey Qoroxovodatiski kimi ürəklərinin dərinliklərində qəzəb və nifrət toxumları gəzdirir, zaman-zaman onu ətrafa püskürür, öz mahiyyətlərini ortaya qoyurlar. Belələrinin vəzifəsi ancaq və ancaq danışmaq, kimlərəsə yarınmaqdı. Amma elə ki, iş görmək, ortaya hansısa nəticə, ağıllı bir təklif qoymaq, çıxış yolu təklif etmək lazım gəldi, yaxalarını kənara çəkəcəklər. Mən hələ nöqsanları tənqid etməkdən, AFFA-nın buraxdığı səhvlərdən, futbolumuza vurduğu ziyanlardan danışmağı demirəm. Belə cəsarəti onlardan gözləməyə heç dəyməz.

Veteranlarımızın təfəkkürü, federasiyalarımızın işə, yəni futbola yanaşması necədisə, Qurban Qurbanovla Stanimir Stoilovun millidən uzaqlaşdırılması prosesi də oxşar oldu. Təvazökar davranmadığımı düşünməyin. Diqqətli oxucularımızın yadındadı ki, bu iki mütəxəssisin taleləri arasındakı oxşarlığı xeyli əvvəldən yazmışdım da. Özü də həmin vaxt Qurbanov da, Stoilov da yığmanın baş məşqçisi kimi çalışırdılar. Biri Azərbaycanda, o biri Qazaxıstanda futbolun, millilərin uğuru üçün əmək sərf edir, mövcud problemlərin həllinə çalışır, qarşılaşdıqları problemləri və məğlubiyyətin səbəblərini hər imkandaca vurğulayırdılar. Mən də həmin vaxt "Stoilovla Qurbanovun oxşar problemi” sərhlöhvəli yazımı "Futbol+” oxucularına təqdim etmişdim. Həmin yazıdakı bütün məqamlar təsdiqini tapdı. Özü də artıqlamasıyla.

Qurban Qurbanov "futbolumuzun inkişafını, ardıcıl qələbələr qazanmaq istəyiriksə, hər şeyi sıfırdan başlamalıyıq” deyəndə, Stoilov da Qazaxıstanın futbol ictimaiyyətini eyforiyadan ayıltmağa çalışırdı. Bolqar mütəxəssis deyirdi ki, "Kayrat”la "Astana”nın uğurlarına aldanmayın, gənc istedadlarımız orda legionerlərin kölgəsində itib-batır, onlar limitin tələblərinə görə böyük məbləğlər qarşılığında o klublara dəvət alıb, potensialları isə yüksək səviyyədə oynamağa imkan vermir. Hər ikisinin dediyi mahiyyətcə eyni idi, acı həqiqətlər də kimlərinsə xoşuna gəlmədi. Çünki bu həqiqətlər onların yürütdüyü yanlış futbol siyasətinin mahiyyətinə zidd, pulların havaya sovrulmasına, bu siyasətlə futbolun inkişaf etməyəcəyinə aşkar işarə idi. Sonda hər ikisi yığmadakı işindən uzaqlaşdırıldı, futbol funksionerləri isə yerində qaldı. Eləcə də futbolun aşağı səviyyəsi də, boşboğaz futbol veteranları da...
 
Mənbə: "Futbol+” qəzeti, Amal Abuşov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR