Fərrux İsmayılov: "Hücumçu iki vəziyyətdən ən azı birini qola çevirməlidi"

Fərrux İsmayılov:
"Kukesi" ilə oyundan sonra xüsusən də "Qarabağ"ın hücumçusu Mahir Mədətov ictimaiyyətin tənqidlərinə məruz qalıb.
 
Hücumçu kimi, işinin öhdəsindən tam gələ bilmədiyi düşünülən Mədətovun "ulduz xəstəliyi"nə tutulduğunu da deyənlər var. Hər halda ən azı 2 100 faizli qol vəziyyətini qaçıran Mahirlə bağlı müxtəlif fikirlər səsləndirilir. Biz də sabiq hücumçu Fərrux İsmayılovun fikirlərini öyrənməyi lazım bildik. 

Azərbaycanın tanınmış veteran futbolçularından olan İsmayılov Sport7.az-a açıqlamasında gənc oyunçu ilə bağlı düşüncələrini bölüşdü, bununla yanaşı "Qarabağ"ın oyununa da toxundu: "Fikirləşmirəm ki, Mahir "ulduz xəstəliyi"nə tutulub. Ondan xoşum gəlir, istedadlı futbolçudu. Sadəcə, həmin məqamda sanki sol ayağını kənara çox çəkdi. O uşağın sifətindən istedad "yağır". Özü də bizdə məşq edib, daha doğrusu "Bakı"nın yetirməsidi. Aşağı yaş qrupları üzrə yarışda çempion da olmuşdular. Sağ ayaqla vurmalı idi deyəndə, Mahir solaxaydı. Sol ayaqla da pis alınmırdı, uzaq küncə göndərirdi topu. Sadəcə, ayağını kənara çox çəkdi. Amma sürətdə, gördüz ki, yaxşı idi. Şanssızlıq deyərdim. Düzdü, hücumçu iki vəziyyətdən ən azı birini qola çevirməlidi. İkisin də boşa vermək, hücumçu üçün... Biri ümumiyyətlə 100 faizlik vəziyyət idi, ona heç kim mane olmurdu. Sadəcə, tələsdi. Məncə həmin çatışmazlıqların üzərində işləmək lazımdı. Hətta, həmin məqamda cərimə meydançasına bir qədər də daxil olandan sonra, yaxud, qapıçının irəli çıxmasını gözləyib, onu keçib vura bilərdi. Bu onun ustalığından asılıdı. Ancaq Mahir cərimə meydançasına çatan kimi zərbə vurdu. Hər oyunçunun bir fikri olur. Hər futbolçu üçün belə qol vəziyyətləri yaranmır. Futbolçunun da istəyi buna gətirib çıxarır. Həmin vaxt isə sənin tək yolun olur - qol vurmalısan. Deyərdim ki, Mahirin sağ ayağı işləyir, ancaq çox da güclü deyil. Səhlənkarlıq etməyib, sağ ayağının üzərində işləsə daha yaxşı olar. Futbolçu birayaqlı olmamalıdı. Biz akademiyada da uşaqlara bunu öyrədirik. Hər iki ayaq işləməlidi. Solaxaysansa, amma zərbəni sağ ayaqla vurmalısansa, bunu etməlisən. Uşaq var ki, topu saxlayır, çəkir sağ ayağı tərəfə. Onda deyirəm ki, "səhər açıldı". Sən topu saxlayana qədər müdafiəçi gəlib qoymayacaq, o boşuna dayanmayıb axı orda. Bu şeyləri onlara izah edirik".

Fərrux bəy "Qarabağ"ın növbəti mərhələdə, BATE ilə keçirəcəyi matçla bağlı bunları söylədi: "Hamımız bilirik, BATE yaxşı komandadı. Səhv etmirəmsə evdə "Bavariya"nı məğlub etmişdi o vaxt. Bir qədər ağır olacaq. Necə oynamaq lazım olduğunu baş məşqçi daha yaxşı bilir. Amma "Qarabağ"ın həyata keçirdiyi o iki transfer nəyə desəniz dəyir. Emeqara ilə Delarjı nəzərdə tuturam. Düzdü tam hazır deyillər. Amma yaxşı transferlərdi. Emeqara 3 penalti qazandı, görün bu nə deməkdi. Amma qazanmısansa, gərək özün vurmayasan. Onun hücumdakı canfəşanlığı "Qarabağ"ı irəli atılmağa vadar etdi. Miçeli də qeyd edərdim. 3-cü qolda komanda yoldaşına ötürmə etdi ki, o vursun. Səviyyə, fərq budu. Hansısa azərbaycanlı olsaydı, özü vurmağa çalışardı".

Sport7.az

Xəbər lenti