"Fettel və "Reno" pilotları bütün hazırlığımı məhv etdilər" - Ferstappen

Çin Qran-prisinin sıralama turunun son saniyələrində Sebastyan Fettel ("Ferrari"), Daniel Rikkardo və Niko Hülkenberq (hər ikisi "Reno") Maks Ferstappeni keçmişdilər. Nəticədə damalı bayrağı görən "Red Bull" pilotu son dövrəyə başlaya bilməmişdi.

"Red Bull" pilotu Maks Ferstappen açıqlamasında rəqiblərini günahlandırıb və Formula 1-də bəzi yazılı olmayan qaydaların olduğunu sözlərinə əlavə edib:

"Normal formada bir-birimizin arxasınca irəliləyirdik. Ancaq sonra Fettel və iki "Reno" pilotu məni keçdi. Bütün hazırlığımı məhv etdilər. Bir-birimizi izləməli olduğumuz haqda bəzi yazılı olmayan qaydalar var. Nə isə, bundan sonra sıralama turlarında onlar mənim üçün də bir məna ifadə etməyəcək.

Önümdəki "Ferrari"ni izləməyə və mədəni davranmağa çalışdım. Onu keçə bilərdim, ancaq sıralama turlarında belə şeylərə ehtiyac yoxdu. Əsəbiyəm, çünki üçüncülük uğrunda mübarizə apara bilərdik".

Rəqibləri kimi hücuma cəhd etməməyinin səbəbini soruşan jurnalistə cavabında isə Ferstappen deyib:

"Alçaq biri kimi yadda qalmaq istəmədim. Nə demək istədiyimi bilirsiniz. Burada yarışırıq. İnsanlar, adətən, bu tip situasiyalarda onları keçməyinizi istəmirlər. Əks təqdirdə gərginlik yarana bilər. Ona görə də heç kimin hazırlığına mane olmaq istəmədim. Onsuz da, bir mənası qalmamışdı. Öz işimi görüb, yarışa ön sıralardan başlamağa və kiminsə dövrəsini bərbad etməməyə çalışdım".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR