FİFA embleminə iddialı referi:

FİFA embleminə iddialı referi: "Heç kimdən geri qalmıram"

AFFA-nın Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədovun dönəmində hakimlikdən uzaqlaşdırılanlardan biri də Fuad Abbasov idi. Xeyli müddət sevimli peşəsindən kənarda qalsa da Abbasovun hakimliyə həvəsi azalmadı. Hakimlər Komitəsinin sədr vəzifəsində edilən dəyişiklikdən sonra o, sevimli peşəsinə qayıtdı. Hazırda Bakı Futbol Liqasında idarəçilik edən referinin məqsədi isə təkcə bununla kifayətlənmək deyil. Öz üzərində çalışan və daha da irəli getmək istəyən Fuad bəy beynəlxalq yarışlarda da hakimlik etmək niyyətindədi. 

Bunu hakimliyə qayıtdıqdan sonra karyerasının hansı şəkildə davam etməsi ilə bağlı Sport7.az-a danışarkən referi özü deyib. O, qarşıdakı planları haqda da fikirlərini bölüşüb: "AFFA-ya müraciət etdikdən sonra yenidən hakimliyə qayıtdım. Məşqlərimi "Dalğa Arena"da Ceyhun Haşımovun rəhbərliyi altında keçirəm. Sağ olsunlar, Babək Quliyevlə Anar Salmanov da hakimliyə qayıtmaqda dəstəklərini göstərdi və hazırda mənə nəzarət edirlər. Özümü indi hazır sayıram. Xaqani Məmmədovun dönəmidə müəyyən müddət rəsmi oyunlara təyinat almadım. Bu üzdən fiziki hazırlıqla bağlı problemlərim yaranmışdı. Ancaq indi məşqlərə başlamışam, gələcəyə ümidlərim böyükdü. Bununla yanaşı şəxsi fiziki hazırlıq üzrə məşqçim var - İlham Həsənov. Onun rəhbərliyi altında fərdi şəkildə fiziki məşqlərimi davam etdirirəm. Respublika səviyyəsində oyunlara hazırlaşıram. Premyer Liqada və Birinci Divizionda idarəçilik edən heç bir hakimdən də geri qalmıram. Özümə güvənirəm, keçmiş hakim olduğuma görə AFFA-dan da dəstək gözləyirəm. AFFA-nın razılığı ilə ölkədə müəyyən klubların yoldaşlıq oyunlarını idarə etmişəm. Sağ olsun Elçin Məmmədov dəstəyini göstərdi, hazırda Bakı Futbol Liqasında (BFL) mənə şans verir, oyunlara göndərir ki, praktikamı itirməyim. BFL-də oynayanların 90 faizi vaxtilə Premyer Liqada çıxış etmiş futbolçulardı. Demək olar hər həftə təyinat alıram. Amma bununla kifayətlənmək fikrində deyiləm. Mənə güvənəcəklərsə, şərait yaradacaqlarsa Premyer Liqa və Birinci Divizionda, ən azı aşağı yaş qruplarından ibarət liqalarda hakimlik edəcəyəm. Bu yolda da ən böyük dəstəyi Anar və Babək müəllim göstərir, mənə güvənirlər. Çünki idarəçiliyim haqda məlumatları var".

Hər halda BFL-lə Premyer Liqa və Birinci Divizion oyunları arasında fərqlər var və güman ki, idarəçilikdə də belədi. Bəs bu Abbasovun oyun praktikasına mənfi təsir göstərə bilərmi?: "Bəli, fərqlər var. Əsas fərq futbolçuların sayı ilə bağlıdı. BFL-də oyunlar 8x8 sistemi ilə keçirilir.  Yəni oyunçu sayı azdı. Ancaq üstünlük ondadı ki, buradakı futbolçuların demək olar hamısı vaxtilə Premyer Liqa və Birinci Divizionda çıxış edib. Çox peşəkar futbolçulardı. Oyunlar da peşəkar səviyyədə keçirilir. Bu bizim üçün də böyük praktikadı. Bir oyun 3 Birinci Divizion matçına bərabər səviyyədə keçir. Burda ən zəif oyun, Birinci Diviziondakı ən yaxşı oyuna bərabərdi. Digər fərq də ofsayd olmaması ilə bağlıdı. Böyük futbola aid qalan qaydalar hamısı BFL-də tətbiq olunur".

Referi, qarşıdakı planlarla bağlı danışarkən, Premyer Liqada da oyun idarə etmək istəyini dilə gətirdi: "Bəzi problemlər var idi, yoluna qoyduq. Şükür Allaha, mənə dəstək oldular. Xaqani Məmmədovdan sonra yaranmış problemi aradan qaldırdım. Futbola sevgim Anar, Babək və Ceyhun müəllimin sayəsində geri qayıtdı. İlk planım odu ki, Birinci Divizionda özümü göstərim, daha sonra Premyer Liqaya əsas namizədlərdən olduğumu sübut edim. Heç kimdən geri qalmıram. Növbəti ildən FİFA referiliyinə namizədlərdən biri olmaq istəyirəm. Əsas tələblər ingilis dili və oyun hazırlığıdı ki, bu barədə heç kimdən geri qalmayacağam".

Referi ingilis dili səviyyəsi ilə bağlı bunları dedi: "4 il ingilis dili üzrə hazırlaşmışam. Rəsmi danışığı 50 faiz bilirəm. Bunun tam olması üçün müəyyən dərslər keçməliyəm. Beynəlxalq yarışlarda da əsas şərtlərdən biri ingilis dilini bilməkdi. Futbol qaydaları öz yerində, sadəcə danışıq qabiliyyəti olmalıdı. İlk növbədə özümü sübut etməliyəm. Daha sonra qalan 50 faizi də qısa müddətdə öyrənə bilərəm. Əsas odu ki, mənə şərait yaratsınlar. Əslində, belə bir fikirləri var, mənə güvənirlər. Keçmiş sədrdən qalan qaranlıq məqamlar var. Əvvəlki müsahibəmdə də bildirmişdim, o, məni yüksəklərdə görmək istəmirdi. Belə desəm özünün "kruq"u var idi. Məndən sonra yüksək dəstədə idarəçilik edən hakimlərində bəziləri ona yaxın idi. Sözün düzünü deyən adam olduğum üçün məni AFFA-da bir qədər pis tanıtmışdılar. Keçmiş sədr də "qaralamışdı". Sağ olsun indiki sədr, şərait yaratmağa çalışır. Özüm də demək olar hər gün fizki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında hazırlaşıram. İnanıram ki, lazım olan səviyyəyə çatacağam".

2013-cü ildən bu peşə ilə məşğul olan Fuad bəy hazırda Premyer Liqadakı hakimlərin idarəçiliyinə də münasibət bildirdi: "Belə deyim, 2019/2020 mövsümü hakimlik baxımından hələ ki, ən yaxşı dövrdü. Çünki heç kim qərəzli qərarlar verməyib. Belə bir məqam var - epizodu gördünsə 2-3 saniyə ərzində qərar verməlisən. Ola bilər ki, səhvə yol versinlər. Amma Xaqani Məmmədovun dönəminə baxanda, indi qərəz yoxdu. Hazırda daha çox gənc hakimlərə güvənirlər. Demək olar yaşı 35-dən yuxarı hakimlər idarəçilik etmirlər. Gənclərə güvənirlər. Baxın, Əliyar Ağayev Yunanıstan liqasından tutmuş, bütün beynəlxalq yarışlara dəvət olunur. Çünki qərəz yoxdu, bilik var. Ştuxlik gələndən sonra, biliyə, fiziki hazırlığa daha çox üstünlük verilir. Keşmiş sədrdən fərqli tanışlığa deyil, biliyə güvənirlər. Xaqani Məmmədovun dönəmində, hər 10 turdanbir mətbuatda ancaq xeyli sayda hakim səhvlərindən danışılırdı. İndi 10 verilişin birində görərsiz ki, hansısa səhvlər haqda danışırlar. Əvvəl isə qərəzdən danışırdılar".

Referi beynəlxalq yarışlarda idarəçilik etmək üçün də özünü hazır sayır: "UEFA-nın əsas şərtlərindən biri ingilis dilini bilməkdi. Çünki ortaq dildi. Bundan əlavə, keçmiş sədrin dönəmində normativ verərkən, yalnız 75 metr qaçırdıq. Ancaq Ştuxlik gələndən sonra, "Yoyo" deyilən testi, hər məşqdə vermiş oluruq. UEFA-nın testləri tətbiq olunur. Demək olar normativ veririk. Məşqdə bizdən onları tələb edirlər. Əvvəlki vaxtlara baxanda, daha ağır və məsuliyyətli məşqlər keçirik. Təkcə 75 metr məsafəni qaçmaqla "Yoyo" testinə hazır olmurduq. İndi adi bir məşqdə, ən azı buna hazırlaşırıq. UEFA-nın bütün test tətbiqləri ilə tanışam. Çünki hakimliyi öz ailəm kimi sevirəm. 2013-dən etibarən hakimlik edirəm, nə qədər problemlər olsa da bu sənəti buraxmadım. Ona görə də xırdalıqlarına qədər maraqlanıram. Bilirəm ki, beynəlxalq yarışlarda nə tələb olunur və qarşıma məqsəd qoymuşam".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR