"Final Naxçıvan əvəzinə Lənkəranda olsaydı..." - MÜSAHİBƏ

Sport7.az saytı azarkeşlərin də fikirlərini, iradlarını ictimailəşdirmək üçün onlara tribuna ayırıb. 

Bugünkü müsahibimiz Famil Salehoğludur. 

- Sosial şəbəkədə futbolla bağlı şərhlərinizdən gördüyüm qədəri ilə azarkeşsiniz... Nə vaxtdan futbolla maraqlanırsınız?
- Futbolla uşaq vaxtlarımdan maraqlanıram. Yəqin ki, 7-8 yaşım olardı. Sovet dönəminin bir komandası vardı - Bakının "Neftçi" komandası. Atamla müəllim yoldaşı "Neftçi"nin oyunlarına bir baxardılar. Mən də oturardım onların yanında. Beləcə yavaş-yavaş futbola marağım artdı. İnanırsınız, oyun bitənə kimi onların stressi məndə həyəcan yaradırdı. Hətta bir dəfə "Neftçi" öz meydanında uduzmuşdu. Atamın müəllim yoldaşı necə qışqırdısa, səsi hələ də qulağımdadır...

- Demək "Neftçi" azarkeşisiniz?
- Xeyr, "Xəzər Lənkəran".  Ümumiyyətlə, bölgə futbol klublarının tərəfdarıyam.

- Ancaq vəziyyəti görürsünüz. 8 komandalı "Bakı çempionatı" gedir...
- "Bakı liqası" desək daha doğru olar. 6 komanda bir cibdən maliyyələşir. Bunun harası çempionat sayıla bilər ki? Bilirsiniz Röya xanım, Azərbaycan futbolu bu dəqiqə elə bir gündədir ki, insan ancaq ürəyağrısı yaşayır, başqa heç nə. Boş tribunalar, həyəcansız oyunlar... Azərbaycanda futbolun həyəcanı, ləzzəti "Xəzər Lənkəran"la getdi. Bunu klubun azarkeşi olaraq demirəm. Görünən kəndə bələdçi olmaz. "Xəzər Lənkəran" - "Neftçi" , "Xəzər Lənkəran" - "Qarabağ" oyunlarını stadiondan izləməyin bir başqa dadı vardı. Dolu tribunalar, həyəcan, rəqibin yaratdığı aqressiya... Ehh, nə bilim e...

- Niyə bu günə düşdü çempionat? Siz əsas problemi nədə görürsünüz?
- Məncə, düzgün idarəçilik olmadı. Bizim çemponat o qədər inkişaf etməyib ki, hər hansısa bir şirkət, qrup və ya müəssisə gəlib xahiş etsin ki, "Nə olar, mən sənin sponsorun olum". Və şəxs olaraq sponsorluq edənlər də pulunun sağa-sola xərcləndiyini görüb, qarşılığını görməyincə, sponsorluqdan əl çəkdi. Belə olan halda da,  klublar iflas etdi, dağıldı. Müstəqillik dönəminin futbol tarixinə baxsaq, əməlli0başlı futbol klubu qəbristanlığı görə bilərik. 

Məncə, bir az da günahkar AFFA-dır. Bakıda "Səbail", "Sabah",  "Zirə" kimi klublar yaratmaqdansa, futbolun beşiyi olan Gəncə, Tovuz, Şəmkir, Yevlax kimi rayon, şəhərlərimizdə dağılan klubları bərpa etmiş olsaydılar, daha yaxşı olardı. Həm futbol geniş vüsət alardı, həm bölgələrimizdə futbol daha da inkişaf edərdi, həm də stadionlarda azarkeş olardı. Aydındır ki, futbolu azarkeşsiz təsəvvür etmək olmaz. Futbolçu da azarkeş dəstəyindən vəcdə gəlir. 

- Qeyd etdiyiniz kimi, AFFA bu paytaxt komandalarına ayırdığı pulu bölgə klublarına ayırmır. Demək ki, futbolun inkişafında maraqlı deyillər...
- Gəlin, belə danışaq, bəlkə də mən görmürəm, amma gördüyüm qədəriylə, maraqlı deyillər. Maraqlı olsaydılar edərdilər. Adi bir sitat deyim, bəlkə də sıradan ola bilər. Mayın 19-u Azərbaycan kubokunun final oyunu var.  Harada olacaq? Naxçıvanda. Düzdü, sevindirci haldır. Amma gəlin bir də belə baxaq. Aydındır ki, ermənilərlə münaqişə üzündən Naxçıvanla quru əlaqə yoxdur. Rahat gediş bir təyyarə ilədir ki, bu da hər kəsin imkanı daxilində deyil. Amma Naxçıvan əvəzinə Lənkəran olsaydı, nəyi pis idi ki?! Həm müasir stadion, həm də Lənkərana getmək daha rahatdır, nəinki Naxçıvana. Üstəgəl Naxçıvan stadionu Lənkəran stadionu kimi müasir deyil. Söhbət tribunalar sarıdan gedir. Həm Naxçıvan stadionuna nə qədər azarkeş gedə bilər ki?! Eləcə də Naxçıvan camaatına bu klublar yaddı. Ola bilər ki, stadion dolu olsun. Amma bu sadəcə ya futbol xatirinə olacaq, ya da ki, mütləq getməlisiz kimi bir soz xatirinə. AFFA-dakılar, eləcə də PFL başbilənləri maraqlı olsaydılar ki, futbol bölgələrdə inkişaf etsin, Lənkərana müraciət edərdilər. Demək ki, maraqlarında deyil. Sanki Lənkərana ögey münasibət göstərirlər. Amma əgər orada olsaydı, nə qədər futbola ac adamı mənəvi qidalandırardılar.

- Yəqin ki, "Xəzər Lənkəran" dağıldıqdan sonra siz də bu aclığı hiss edirsiniz...
- Respublika stadionuna yaxın yaşadığımdan, hər həftə olmasa da, arada gedib oyunlara baxıram. Amma nə dadı var, nə ləzzəti. Boş tribunalar, maraqsız oyunlar.

- Hər halda "Böyük oyun"larla bağlı maraqlı xatirələriniz var?
- Səhv etmirəmsə, 2013 cü il idi. Kubokun finalında babat dava düşmüşdü. "Neftçi"nin bayrağını yandırdılar. 

Bir dəfə də Sadiq Sadiqovun prezident olduğu dönəmdə,  təbii ki, "Neftçi"də daha cox naxçıvanlı temsil olunurdu, həmin ərəfədə Lənkəranda oyuna 1 gün əvvəl getmişdim. "Xəzər Lənkəran"ın məşqinə baxmaqçün stadiona girdim. Söhbət vaxtı ləhcəmdən naxçıvanlı olduğumu bilib mənə elə baxırdılar ki, az qalırdılar döysünlər. Amma "Xəzər Lənkəran"ın şərfini boynumdan asan kimi mənə dəvədə buynuz görmüş kimi baxdılar. Hətta biri yaxınlaşıb doğrudan da naxçıvanlı olub-olmadığımı soruşdu. Elə bildi zarafat edirəm. (gülür)...

- Bəs Naxçıvanın "Araz" komandası yarandıqdan sonra necə oldu. Hansı komandaya baxdınız?
- Düzü, "Araz Naxçıvan"ın Premyer Liqaya dönüşü ilə gedişi elə ani oldu ki, bir külək kimi keçdi. Heç özüm də bilə-bilmədim. (gülür)...

Həm "Araz Naxçıvan" hələ I Divizionda cıxış edirdi deyə maneəçiliyi yox idi. "Araz Naxçıvan"ın ancaq Bakıda olan oyunlarına baxa bilirdim. Daha sonra "Araz Naxçıvan"ın "facebook" səhifəsi üzrərindən uşaqlarla tanış olduq. Və artıq rayonlara da azarkeşlik etməyə getdik. Düşünün, I Divizion komandasını bölgədə dəstəkləməyə 50-ə yaxın azarkeş gedir. Yaxın tarixdə belə şey olmamışdı. "Araz Naxçıvan"la bərabər Gəncə, Ağsu, Yevlax və digər rayonlarımıza getdik. Və sonra qərara aldıq ki, fan-klub yaradaq. Kimdənsə asılılığı olmayan bir fan-klub. "Araz Naxçıvan"ın Qusarın "Şahdağ" komandası ilə oyunu zamanı fan-klubun təməlini qoyduq. Məqsəd ətrafımıza daha çox azarkeş toplamaq idi. Lahiyəmiz uğurlu alındı. İdarə heyəti yaratdıq. O idarə heyətinin 5 həqiqi üzvü vardı və onlardan birini fan-klubun idarə heyətinin sədri seçdik.  
 


Səhv etmirəmsə, kubokun 1/8 final oyunu idi. Ən böyük həyəcanı bu oyunda yaşadım. Boynumda "Xəzər Lənkəran" şərfi ilə "Araz Naxçıvan"a azarkeşlik etdim. (gülür). Düzdü, fan-klub yaratdıq, "Araz Naxçıvan"a azarkeşlik edirdim. Amma sonradan müəyyən səbəblər ucbatından fan-klub və "Araz Naxçıvan"dan uzaqlaşdım. Ancaq "Xəzər Lənkəran" başqa bir aləm idi. "Xəzər Lənkəran"ın stadionunda futbol izləmək, sanki İngiltərədə "Stemford Bric"dəsən. Oyun günü Lənkəranda olanda görürdün ki, böyüyündən kiçiyinə, qocasınnan cavanına hamı futboldan danışır. Rəqibin kimliyinin fərqi yox idi. Əsas olan "Xəzər Lənkəran"ın oynaması idi. Mənə deyirdilər ki, bu uzaqlıq yolu gəlməkdən bezmirsiz? Naxçıvan hara, Lənkəran hara. Deyirdim dədəbalası,mövzu "Xəzər Lənkəran" olunca, gerisini boş ver. (gülür)...

- Heç soruşmadım. Necə oldu ki, məhz "Xəzər Lənkəran"a sevgi yarandı?
- İli yadimnan cixib. 2010-cu, və ya 2011-ci il idi.  "Xəzər Lənkəran" evdə "Qarabağ"la oynayırdı və 1:2 uduzmuşdu. Deyəsən qolların hər ikisini Rauf Əliyev vurmuşdu. Həmin vaxt Lənkərandaydıq. Xəbər tutduq ki, futbol var. Qərar verdi ki, gedib baxaq. İlk dəfəydi ki, "Xəzər Lənkəran"ın stadionunda olurdum. Stadiona girəndə əməlli başlı şok oldum, tribunalar tam dolu, özü də uşaq-muşaq yox, daha çox ortayaşlı insanlar. Heyrətdən donub qalmışdım. İlk dəfə idi belə ajiotaj görürdüm. Uzun zaman Rusiyada yaşamışdım. Azərbaycana gəldiyim 4-5 ay olardı. Heç digər klublardan əməlli başlı xəbərim də yox idi. Elə o gündən "Xəzər Lənkəran"ı çox bəyəndim. Bəlkə də azarkeşlərin o cür dəstəyi  "Xəzər Lənkəran"ı elə oynamağa vadar edirdi. Daha sonralar isə Bakıdakı oyunlarına baxdım və belə-belə sevdim "Xəzər Lənkəran"ı. Amma  "Xəzər Lənkəran"ın ən gözəl dönəmi Redniklə getdi. O dövrdə rəhmətlik Böyükağa müəllimlə Rednikin atışması da "Böyük oyun"lara əlavə rəng qatırdı.  

Bir dəfə Respublika stadionundaki oyunda  "Xəzər Lənkəran" "Neftçi"ni 4:1 udurdu. Amma soradan "Neftçi" 2 qol vurdu. O qədər gərginləşmişdim ki, oyun bitəndə sevindiyimdən əynimdəki köynəyimi cıxarıb, bayraq kimi yelləyirdim. (gülür)...

- Son illərdə avrokuboklarda uğur olsa da, ancaq daxili futbolda əvvəlki rəng, maraq yoxdu. Çoxları kənarda qalıb. Hətta fikir vermisinizsə, təcrübəli mütəxəssislər də qalıb kənarda. 
- Daxili çempionat yoxdu. Ciddən yoxdu. Ölübdü. Ağlayanı da yoxdu. Bir "Qəbələ" qalıb, o da ki, deyəsən süquta gedir. 

"Neftçi" köklü komandadı. Mən inanmıram ki, futbola baxan paytaxt sakini "Neftçi"yə azarkeşliyini saxlayıb, digər komandaya azarkeşlik etsin. "Zirə"ni fərqləndirə bilərik, Bakının ən böyük kəndlərindən biridir, qəsəbəsidir. Adına görə azarkeş dəstəyi olacaq. Amma "Səbail", ya "Sabah", bunlara azarkeşlik üçün yəqin ki, zaman lazımdır. Bəlkə daxili çempionatda maraqlı oynayalar, kuboka ya çemponluğa iddia edələr. Bəlkə o vaxtı ətrafına azarkeş kütləsi toplaya bildi. Amma belə inanmıram. "Kəpəz", MKT - "Araz", "Karvan", "Xəzər Lənkəran", "Viləş", "Turan" Premyer Liqada oynasa, daha maraqlı olar. Qaldı ki, futbol mütəxəssilərinə, bizim mütəxəssislər sanki öz sözünü demir.

Həm futbolun maraqlı olması üçün futbolçu da özünü inkişaf etdirməlidir, kənara cixmalıdır. Gəlin, baxaq görək kənarda bir legionerimiz varmı. Yoxdur. Olanın da ya adı iştirak ərizəsinə salınmır, ya da aşağı divizionda 5-10 dəqiqə oynamaqla kifayətlənir.

- Millimizlə bağlı nə fikirləşirsiniz?
- Milliimiz haqqında nə deyim? Deməyə nəsə yoxdu axı. Yeni məşqçidir, cəmi iki oyuna çıxarıb komandanı. O,  özü hələ futbolçularını əməlli başlı tanımır. 

Uduzmaq olar, amma oyna uduz da. Təbii ki, AVRO-2020-də çıxış etməyi utopiya olar. Düşünmürəm ki, nəsə dəyişiklik olar. Adətən nəticə verməyən məşqçini istefaya yollayırlar. Bizdə də elə olmalıdır. AFFA kökündən istefa verməldir. Deməlidir ki, "balam biz bacarmadıq, bacaranlar gəlsin". Futbolla futboldan anlayışı olanlar məşğul olar. Misal üçün, Davor Şuker Xorvatiya futbolunun başında durur. Uğurlu keçmişi olan futbolçu olub, uğurlarını sadalamağa dəyməz. Bizdə isə əksinə. Nə bir inkişaf var, nə də bir dəyişiklik... Kağız üzərində də təşkilat filan yaradıblar, ay nə bilim məşqçilər korpusu, nə bilim nə. Yurçeviçi seçəndə bir nəfər demədi ki, "Ay balam, Yurçeviçi bura niyə gətirirsən, nə səbəbə görə, hansı uğuruna görə?" Bəlkə də yanılırıq, bəlkə də nəyisə bilmirik, amma əminəm ki, Azərbaycanda futbolla məşğul olan sıradan bir adam bizim futbolda başda oturanlardan çox bilir.

Biz isə nə edirik?! Başlayırıq Mxitaryanı söyməyə. Adama deyərlər sən də özünü inkişaf etdirərdin, onun kimi futbol oynayardın. Deyilənlərlə bəlkə də razılaşmaq olar. Məşqçi ilk növbədə futbolçusuna psixologiyanı düzgün aşılamalıdır, oyunu əvvəl meydandan kənarda udmaq lazımdır. Bir misal deyim, İtaliya ilə Respublika stadionunda keçirilən oyunu xatırlayın. Məğlub olduq, amma döyüşüb məğlub olduq. İlk novbədə döyüşkən kollektiv yaratmaq lazımdır. Ondan sonra futbolçularımız gəlir. Məşqçi nə qədər emosional, nə qədər çılğın olarsa, futbolçularına da o qədər qaliblik psixologiyası aşılayacaq. Prosineçki beləydi. Ama Yurçeviçə baxanda adamın yazığı gəlir. Bu dedikləriim mənim subyektiv fikirlərimdir. Bəlkə də səhv deyirəm.
 


- Qurban Qurbanov qalsaydı necə?
- Qurbanov "Qarabağ"dakı taktikanı millidə etmək istəyirdi. Amma nə millidə "Qarabağ"dakı kimi vingerlər var,  nə də ki, mərkəz. Bilmirəm, bəlkə də qalsaydı nələrisə dəyişə bilərdi Amma həm klubda, həm də millidə işləmək yəqin ki, onda gərginlik yaradardı. Yaradırdı da. Ya gəlməməliydi, ya da gəlmişdisə, vaxt verilməliydi. Amma yenə də inanmıram ki, nəsə dəyişərdi. Ya "Qarabağ"ı seçməliydi, ya millini. Görünənsə o oldu ki, "Qarabağ"ı seçdi. Yəni, millidə olduğu dönəmlərdə də qeyri-adi nələrləsə yadda qalmadı. Çünki Millətlər Liaqsının qrupunda elə komandalar var idi ki, milli onları keçməyə borclu idi. Kosovo ilə oyun göstərdi ki, yenə əvvəlki havadayıq. Ortada futbol adına heç nə yoxdu.

- Ümumiyyətlə, çempionatımızda fərqləndirdiyiniz hansısa futbolçu yoxdu?
- "Qəbələ"nin oyunçusu Amin Seydiyev Karles Puyolu xatırladır, döyüşkəndir. Bir də Təmkin. O da ki, intizamsızdır.
"Qarabağ"dan Rahili də deyə bilərəm. Qurban Qurbanovun oğlunu da qeyd edərdim. Səhv etmirəmsə, Musadır adı. Amma daha çox Seydiyev. 

- Bəs özünüz futbol oynamısınız?
- Biz indi də futbol oynayırıq. Məsələn, mən "obyomlu" olduğum üçün qapıda dururam. Mini-futbol oynadığımıza görə,  qapılar da balacadır. Mən də qapının yarısını tuturam deyə, etibarlı qapıçı sayılıram. (gülür)...
Amma orta məktəbdə oxuyanda, o dovrdə məktəblərarası "Sevinc kuboku" adlı yarış keçirilirdi. Xoşladığım mövqe yarımmüdafiənin soluydu. Cərimə meydançasına asma etməyi çox xoşlayırdım. 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR