"Finalı Qarabağda keçirmək alınmasa Gəncədə təşkil etmək istəyirik" - Ramin Musayev

"Ali Baş Komandana, Ordumuza, əsgərlərimizə təşəkkür edirəm. Gözəl günlərdə xalqa sevinc bəxş etdiyinə görə həmin insanlara minnətdarıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıram".

Sport7.az xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 2020/2021 mövsümü üçün Azərbaycan Kubokunun püşkatma mərasimində deyib.

PFL rəhbəri bildirib ki, ötən mövsüm koronavirusa görə ölkə kubokunun finalı baş tutmayıb: "Arzu edirik ki, bu il yarışı başa vurmaq bizə nəsib olsun. Açıqlama vermişdim ki, ölkə rəhbərliyi icazə versə, kubokun finalını Qarabağda keçirərik. Bu, tək bizdən asılı deyil. Qarabağdakı vəziyyəti hamı bilir. Stadion hazır olarsa, böyük fəxrlə həlledici matçı orada təşkil edərik. Əgər hazır olmasa, azarkeşlərin istəyinə uyğun yer seçərik".

Musayev kubokun reqlamentində dəyişiklik edilmədiyini sözlərinə əlavə edib. Bununla yanaşı kubokun finalının harada keçirilməsi ilə bağlı suala da cavab verib: "Keçən dəfə belə qərara gəldik ki, final qarşılaşması "Sabah" klubunun ev oyunlarını keçirdiyi arenada olsun. Bizim üçün ölkəmizin hər yeri əzizdir. Əgər finalı Qarabağda keçirmək alınmasa Gəncədə təşkil etmək istəyirik. Amma oradakı stadionda vəziyyət yaxşı deyil. Stadion yaxşı olsa, həlledici görüş Gəncədə gerçəkləşə bilər. Kubokun finalı ilə bağlı dəqiq fikir demək çətindir".

Musayev həmçinin deyib ki, final matçında çoxlu sürprizlər olacaq: "Bu tədbir təşkilatçılığa görə digər finalları geridə qoyacaq. Böyük zəfərdən sonra biz də azarkeşlərimizi sevindirməyə çalışacağıq". (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR