"Fitness çox vəfasız idman növüdür" - FOTOLAR

İdman, idmançı dedikdə əksəriyyətin ağlına daha çox güclü cinsin nümayəndələri - kişilər gəlir. Amma idmanla məşğul olan xanımlarımızın da sayı kifayət qədərdir. Xüsusən son illər bu sahəyə meyl edən qadınların sayı durmadan artır. Sağlamlıq və daim formada qalmaq istəyi zəif cinsin nümayəndələrini idmana, fitnessə yönəldir.

İdmana marağın artması idman və fitness salonlarının sayının çoxalması ilə müşahidə olunur. Belə salonlardan biri də son dövrlər Bakının ən populiar idman mərkəzlərindən birinə çevirilmiş VİTR Fitness və Sağlamlıq Mərkəzidir.

Bu günlərdə mərkəzin qonağı olub məşqçilər - Kamalə İsmayılova və Səidə Atayeva ilə həmsöhbət olduq. Söhbətə Kamalə İsmayılova ilə başladıq.

- Daim formada qalmaq, mövcud çəkini saxlamaq üçün gündəlik rejimdə nələrə diqqət etmək lazımdır?

- Ümumiyyətlə bizdə pəhriz deyəndə əksəriyyət ac qalmağı başa düşür. Nə bilim, çörək yemirəm, 6-dan sonra heç nə yemirəm və s. Əslində isə pəhriz bu deyil. Pəhriz düzgün qidalanmaqdır. Düzgün qidalanmaq dedikdə isə yediklərinə diqqət etmək, yediyin qidaların kalorisini hesablamaq, gün ərzində qəbul etdiyin kalorinin sərf etdiyin kaloridən az olmasına nəzarət etmək nəzərdə tutulur. Xanımlara məsləhətim odur ki, yağlı və xəmir yeməklərindən, ən əsası şirniyyatdan uzaq dursunlar. 

- Pəhrizi kim saxlaya bilməz? 

- Pəhrizi əsasən sağlamlığında problem olan insanlar saxlaya bilməz. Bura diabet xəstələri, qalxanabənzər vəzində problem olan insanlar, anemiyadan əziyyət çəkənlər və s. bu kimi sağlamlığı ilə problemi olanlar daxildir.

- Nə qədər müddətə istənilən nəticəni əldə etmək mümkündür?

- Bu suallar tez-tez qarşılaşıram. Məsələn, xanımlar müraciət edir ki, "Nə qədər vaxta sizin kimi ola bilərəm?”. Hər kəsin orqanizmi fərqlidir. Elə insan var arıqlamağa meyillidir, elə insan var kökəlməyə. Elələri də var ki, onda metobolizma sürətli, bəzisində də katabolizma sürətli işləyir. Ona görə də heç kimə deyə bilməzsən ki, "sən 3 aya fit olacaqsan, ya da kökələcəksən, arıqlayacaqsan". 
 


- Bir müddət idmanla məşğul olub dayandırdıqdan sonra itirilmiş çəkilərin geri qayıtdığı deyilir. Bu nə qədər doğrudur?

- Ümumiyyətlə, fitness çox vəfasız idman növüdür. Sən fitnesslə məşğul olmağı dayandırırsansa, fitness də səni buraxacaq. Əgər davamlı məşğul olmasan, qida rejiminə nəzarət etməsən, itirdiyindən artıq çəki də qazana bilərsən.  

- Sizə müraciət edən xanımları ən çox maraqlandıran sual hansıdır? 

- Ən çox verilən suallardan biri "idmanla məşğul olsam, bədən quruluşum kişilərin bədən quruluşuna oxşaya bilər" olur. Dəfələrlə bu haqda məlumat vermişik. Kişilərin və qadınların bədən quruluşu və anatomiyası çox fərqlənir. Kişilərdə testesteron hormonu olduğuna görə ayaqları, çiyinləri, qolları şişir. Ancaq hansısa qadında bədəndə şişmə prosesi gedirsə, deməli ya steroidlərdən istifadə edir, ya da kişi hormonları vurdurur. 

- Steroidlər demişkən, süni qidalara münasibət birmənalı deyil... Sizin idman qidalarına münasibətiniz necədir? 

- Əgər söhbət proteinlərdən gedirsə, heç bir zərərdən söhbət gedə bilməz. Mən həm özüm qəbul etdiyim, həm də tələbələrimə məsləhət gördüyüm qidalar Səhiyyə Nazirliyi tərəfindən yoxlanışdan keçib və lisenziya alıb. Amma steroidlərin qəbulu təbii ki, zərərlidir və istifadəsi məsləhət görülmür. 

- Bəs stroidlərdən istifadə edərək bədən yığan idmançılar haqda nə deyə bilərsiniz?

- Nə yaman qalmaqallı sual oldu. Belə idmançılarımız az deyil. Süni şəkildə bədən yığıb, zal açırlar. Amma idmanla bağlı heç bir biliyə, savada sahib deyillər. Onu da deyim ki, Renat, Fuad, Təyyar və s. kimi istedadlı, peşəkar məşqçilərimiz də az deyil. 

- Paytaxtda fəaliyyət göstərən fitness zallardan necə, razısınızmı?

- Bəzi zallar var ki, hər şəraiti var, ancaq sahibinin idman, fitness haqda anlayışı yoxdur. Ona görə də mən dəfələrlə zal dəyişmişəm. Yəni, zalı hər növ alətlə təmin edirlər, ancaq məşqçilərlə necə rəftar etməli olmağı bilmirlər. Hələ də bəzi zallar var ki, hər gün müəllim dəyişir. Ancaq hazırda çalışdığım VİTR Fitness və Sağlamlıq Mərkəzinin rəhbəri, məşhur poverliftinq ustası, 4 qat dünya çempionu Vüqar Namazov məşqçilərlə münasibətdə, davranışda çox diqqətli və nəzakətlidir. Ən əsası insana hörmət etməyi bacarır. İnsan isə xoş münasibət gördükdə işə də həvəslə yanaşır. Zalımız da paytaxtda mövcud olan zallardan həm şəraitinə, hım aurasına görə fərqlənir. Qadın və kişi zallarımız ayrıdır. Xanımlarımız bura gələrkən uşaqlarını da gətirə bilərlər. 

Mərkəzin digər məşqçisi Səidə Atayeva isə aerobika ilə bağlı suallarımızı cavablandırdı. Xanım məşqçi bildirdi ki, qadınlar aerobika və pilateslə məşğul olaraq arıqlaya bilməzlər: "Aerobika yalnız mütəmadi məşğul olub, bədəni formada saxlamağa, əzələləri möhkəmləndirməyə kömək edə bilər. Pilateslə məşğul olan zaman bədəndə çalışmayan əzələ, sinir qalmır. Buna görə də pilates bir növ mənəvi sağlamlığın təməlidir deyə bilərik".

- Bəs hamilə qadınlar hansı növ idmanla məşğul olmalıdırlar? 

- Hamilə qadınlara adətən aerobik məşqlər tövsiyə edilir. Çünki onlara ağırlıq qaldırmaq olmaz. Sadəcə, bədənin elastikliyini saxlaması və doğuşu nisbətən asanlaşdırması üçün gün ərzində heç olmasa yarım saat idmanla məşğul olmaları, ən azından açıq havada gəzmələri məsləhət görülür. (Qaynarinfo.az)
 
 

Sport7.az

Xəbər lenti