FIVB azərbaycanlı voleybolçulara maliyyə yardımı edəcək

FIVB azərbaycanlı voleybolçulara maliyyə yardımı edəcək

Beynəlxalq Voleybol Federasiyası (FIVB) koronavirus pandemiyası səbəbindən maliyyə problemi ilə üzləşən oyunçulara dəstək məqsədilə yardım fondu təsis edib.

Sport7.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 
 
FIVB prezidenti Avi Qrasa və İdmançılar Komissiyasının irəli sürdüyü təşəbbüs İcraiyyə Komitəsi tərəfindən təsdiqlənib.

Maliyyə dəstəyindən beynəlxalq federasiyanın bayrağı altında keçirilən yarışların təxirə salınması səbəbindən çətinlik çəkən peşəkar voleybolçular yararlana biləcəklər.

"Yardım fondu hazırda əsas ehtiyaclarını ödəyə bilməyənlər üçün nəzərdə tutulub. Mövcud qlobal vəziyyət nəzərə alınaraq, ayrılan vəsaitin miqdarı hər bir idmançının durumu hərtərəfli təhlil olunduqdan sonra müəyyən ediləcək. Vəsaitlərin ədalətli bölüşdürülməsi üçün xüsusi İşçi Qrupu yaradılıb. Müraciətlər 23 iyun tarixinə qədər təqdim olunmalıdır. Vəsait almaq istəyən voleybolçuların keçmişdə dopinqlə bağlı problemi olmamalıdır. Bundan əlavə, yardım 2018/19 mövsümündə müəyyən sayda turnirlərdə iştirak edən idmançılar ediləcək. Həmçinin tələblər arasında FIVB-nin hələlik dəqiqləşdirmədiyi meyarlar da var", - məlumatda bildirilib.

Qeyd edək ki, voleybol üzrə Millətlər Liqasında 2020 mövsümü pandemiya səbəbindən ləğv olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR