"Forza Neftçi" tribunadan çəkildi: "O kresloda heç kəs daimi deyil"

"Neftçi"nin ən fəal fanklubu "Forza Neftçi" tribunalardan çəkilmək qərarına gəlib.
 
Sport7.az xəbər verir ki, buna səbəb dünən "Bakcell Arena"da baş tutan "Sabah"la oyunda klub rəhbərliyinin tapşırığı ilə stadiondakı polislərin azarkeşlərlə pis davranması olub. Belə ki, matçda komandanın çıxışından narazı qalan fanatlar "istefa" şüarları səsləndirməyə başlayıb. Onlara müdaxilə edən polislər əvvəlcə səslərini kəsməyi tapşırıb. Ancaq buna məhəl qoyulmadığını görən asayiş keşikçiləri daha sərt davranıb və azarkeşləri stadiondan kənarlaşdırıb, qapıları da bağlayıb. Təbii ki, bu da fanat ordusunun xoşuna gəlməyib.
 
Bu üzdən "Forza Neftçi" tribunadan çəkildiklərini açıqlayıb. Azarkeş qrupu bu addımını rəsmi "feysbuk" səhifəsi vasitəsilə elan edib: "Diqqət! "Forza Neftçi" olaraq bir müddət tribunadan çəkilmək qərarı aldıq. Buna səbəblər çoxdur. Əsas səbəblər isə klubda öz işlərini layiqincə görə bilməyənlər, "Neftçi"nin üzərində rəhbər şəxslərin apardığı "oyunlar", istefa şüarını qəbul etməyib insanları tribunadan uzaqlaşdırmaq, qapıları bağlayıb fasilədə azarkeşləri tribunaya buraxmamaqdı. Bir şeyi yadda saxlayın ki, o kresloda heç kəs daimi deyil. "Neftçi" o loqoya görə həyatını qurban verənlərindir! Geri dönüşümüz möhtəşəm olacaq, hamımız üçün!".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR