"Forza Neftçi"dən sərt etiraz: "Bu biabırçılığın əsas səbəbkarı klub rəhbərliyidir"

"Neftçi"nin İsraildə "Bney Yehuda"ya uduzması klubun ən fəal fanklubu olan "Forza Neftçi"ni qəzəbləndirib.
 
Sport7.az xəbər verir ki, azarkeş qrupu onların əziyyətlərini yerə vuruduğu üçün "Neftçi" rəhbərliyinə və baş məşqçiyə qarşı açıq etiraza başlayıb. Fanklub rəsmi səhifəsi vasitəsilə etirazını bildirib və dolayısı ilə klub prezidenti Kamran Quliyevin və baş məşqçi Bordinin "Neftçi"dən getməsini istəyib.
 
Fanklub rəsmi "feysbuk" səhifəsi vasitəsilə etirazını aşağıdakı şəkildə bildirib.
 
"Bəstəmizdə də dediyimiz kimi nə "Avropalar”, nə kuboklar bizə fərq etmir! Önəmli olan komandada döyüşkən ruhun olması, futbolçuların geyindikləri formanın, daşıdıqları loqonun haqqını verməsi, onlara layiq mübarizə aparması, döyüşməsidir. İsraildə biz bunun tam əksini, böyük bir biyabırçılığı gördük. Biz sizdən qələbə gözləyəndə düşünməzdik ki, meydanda ayağınız əsəcək. Bordindən ağıllı oyun gözləyəndə düşünməzdik ki, ilk oyundakı səhvləri ikinci oyunda da təkrarlayacaq və rəqib qapısına bəxtlə yaxınlaşacaq. Belə oyunla, belə ruhla komanda Avropaya getməsə yaxşıdır.

Çox futbolçunu günahlandıra bilərik, amma bu biabırçılığın əsas səbəbkarı əlbəttə ki, klub rəhbərliyidir! Bir rəhbərlik ki, artıq neçənci dəfədir, "komandanı oyuna yaxşı kökləyə bilməmişəm” sözünü deyən məşqçinin arxasında durursa bu problemdir. Problemin səbəbkarı da siz özünüzsüz. Biz təəssüf ki, rəhbərlik tarixində belə oyunlar çox görmüşük. Amma indi oyun vaxtı deyil. Yeni sezonda həmişəki kimi komandamızın arxasında duracağıq, bizə bu barədə ağıl öyrətməyə, təsəlli və boş vədlər verməyə ehtiyac yoxdur, biz nə etdiyimizi bilirik. Mövsümə transfer etməməyiniz sizi bir az da çətinə salacaq, özünüz bilərsiz.
 
"Forza Neftçi” olaraq bəyan edirik ki, bu sezon bizi yalnız və yalnız çempionluq qane edəcək. İlk turlardan komandanın oyununda müsbətə doğru dəyişiklik olmazsa, bizi qarşınızda görəcəksiz! Məqsəd çempionluq olmayacaqsa, istefaya hazır olun!

Uduzandan sonra rəqib baş məşqçisinin üzərinə getmək lazım deyil, sinyor! Oyun göstərmək lazımdır, döyüşmək lazımdır, çempion olmaq lazımdır!"
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR