"Forza Neftçi"dən sərt tənqid: "Mahmudov kapitanlığa layiq deyil"

"Neftçi"nin ən fəal azarkeş qruplarından olan "Forza Neftçi"nin rəhbəri Sübhan Əliyev sərt şəkildə narazılığını bildirib.

"Neftçi"nin "Səbail"ə məğlubiyyətindən sonra şəxsi "feysbuk" səhifəsində xüsusən də komandanın kapitanı Emin Mahmudovdan narazılığını bildirən Əliyev Sport7.az-a açıqlamasında bunun səbəbini də söylədi.

Eminin kapitanlığa layiq olmadığını bildirən Sübhan bəy "Neftçi"nin durumunu sərt şəkildə tənqid etdi: "Səbail"lə oyunda komandada ruh yox idi. Bunu kənardan uşaq da görə bilər. İllərimizi tribunada keçirmişik. Emin Mahmudova kapitanlıq veriblər. Bu düzgün deyil. Belə kapitandan narazı olmalısan. Çünki oyun bitir, özü də komanda uduzub, kapitan hər kəsdən əvvəl paltardəyişmə otağına gedir. Ancaq dünən komandaya gələn Platellas, Mbodj kimi futbolçular meydanın ortasında oturmuşdular, məğlubiyyətə heyifsilənirdilər. "Neftçi"nin belə kapitanı ola bilməz. Bunu özünə də çatdıracağıq ki, Mahmudov "Neftçi"də kapitanlığa layiq deyil. Ruslan Abışovun, hətta "ölü" vəziyyəti meydanda olmağa kifayət edir ki, komandada ruh yaransın. Düzdü, bu gün Abışov uyğunlaşma dönəmindədi. Amma Abışov kapitan kimi, kapitandı. İnsanlığı da öz yerində. Yəni kapitan kimi sən onları başa salmalısan və deməlisən ki, "ola bilər uduzmuşuq, amma gedək azarkeşlərə üzrhaxlıq edək". Biz elə bir kapitan görmürük meydanda. O "Neftçi" adına yaraşan kapitan deyil".

"Forza Neftçi" bu etirazını növbəti oyunlarda tribunadan nümayiş etdirməyi düşünürmü?: "Belə fikrimiz yoxdu. Amma sözümüzü deyəcəyik ki, Emin bu gün kapitanlığı bacarmır. Ruslan Abışov yoxdusa, Səlahət Ağayev var, kapitanlıq ona verilsin. Ən azı Səlahət meydanda canını qoyur. Azarkeşlikdən əlavə, biz futbolu bilən insanlarıq. Əvəlki rəhbərliklərin də dönəmində nə səhvlər olubsa hamısını özlərinə demişik. Zaman da bizim düzgün olduğumuzu göstərib. Kapitan stola yumruğunu vura biləcək insan olmalıdı. Meydanın ortasında ailənin ağsaqqalı sənsən. Çünki azarkeş girib nəsə söz deyə bilmir. Komandaya motivasiya verən sənsən. Ötürmə vermək hər şey demək deyil. Bu gün meydanda o liderliyi görmürük. Dünya futbolunda çox nümunələrə rast gəlinib ki, komandanı məhz kapitan arxasınca aparıb. Cerard, Lempard kimi futbolçuları, "Fənərbaxça"da vaxtilə oynamış Aleksi nümunə göstərə bilərəm. Ən pis vaxtda görşün taleyini həll ediblər. Məsələn Mirabdulla Abbasov, ürəksiz, cansız oynayır. Tural Axundov o səhvi edəndən sonra Sansone gəlib təsəlli verirdi. Hansı ki, bu futbolçular yenidi, komandaya tam uyğunlaşmayıblar. Komandanı kapitan ələ almalıdı. Sansone ilə görüşməmişik, heç söhbətimiz də olmayıb. Amma hesabda geridə olanda, yoldaşlarılnı ürəkləndirirdi, deyirdi ki, "oynayın, hesabı xeyrimizə dəyişəcəyik". 

Azarkeş qrupunun rəhbəri "Neftçi"nin şansları haqda danışmaqla yanaşı, baş məşqçinin zəif işlədiyini və bəzi futbolçuların da can yandırmadığını söylədi: "Fasilədən sonrakı oyunla çempion olmaq çox çətindi. Baş məşqçinin də işi zəifdi. Çünki komanda meydana çıxdığı 20 oyundan 10-12-də hesabda geriyə düşürsə, onu çevirə bilmir. "Neftçi" qol buraxdısa, məğlubiyyətlə barışmalı olursan. Bu insan klubda olduğu tarixdən yalnız "Uypeşt"lə oyunda 0:1 hesabda geridə olduğumuz matçı 3:1 qazanmışıq, bir də "Qarabağ"la görüşdə hesabı 0:1-dən, 1:1 etmişik. Hər dəfə çıxıb "bu yaxşıdı, o yaxşıdı" deməklə alınmır. Azarkeş görür ki, qol buraxdınsa məğlubiyyətlə barışırsan, futbolçular da pərən-pərən olur. Sanki Dabonu, Mirabdullanı "Neftçi"də məcbur oynadırsan. Elə bil ki, bunların belinə "yük" qoyublar ki, oynamalısan. Maraqlanırıq və eşitdiyimizə görə bunların maaşların, hər bir şeylərin vaxtında verilər. Maraqlıdı, niyə də oynamasınlar. Bu futbolçular komandana pul alırlarsa, formanın haqqını verməlidi. Əks halda qarşılarında olacağıq. Futbolçunu alırsansa, oynamalıdı. Özlərinə də demişik, bizi ikincilik maraqlandırmır, çempion olmalıdılar. Gec olsa, başa düşərik. Amma qarşıda 10 tur var və hər şey öz əllərindədi. Hamısında qələbə qazansalar, sonda "Qarabağ"la heç-heçə oynasalar belə, yenə çempion olarlar. Qış fasiləsindən sonra "Neftçi" baxımlı futbol oynamır. Tanrının hədiyyəsini götürüb sağa-sola atdılar ki, "biz istəmirik". Amma o 3 xal "Neftçi"yə hava-su kimi lazım idi. Əlimizdən gəldiyi qədər yanlarındayıq. Amma ikinciliyi qəbul etmirik. "Neftçi"dəsənsə çempion olmalısan". 

Əvvəllər "Neftçi" azarkeşlərlə tez-tez görüşürdü. Son vaxtlar isə buna rast gəlmirik. Səbəb nədi?: "Düzdü əvvəllər tez-tez görüş olurdu. Amma nədənsə son vaxtlar olmur. Bəlkə də səbəb komandanın durumunun yaxşı olması idi. Yəqin ki, görüşərik. "Neftçi"nin bir səhv etmək limiti qalmışdı və o da bitdi. Bundan sonra ilk səhvdə ikinci yerə düşəcəksən. Hər halda bunu özləri də bizdən əvvəl düşünürlər. Səhv limitləri qalmayıb".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR