Xəbər
verdiyimiz kimi, "Zirə”nin müdafiəçisi Cəlal Hüseynov "Benfika”nın maraq dairəsindədi.
Lissabon təmsilçisi azərbaycanlı futbolçunu baxışa dəvət edib.
Sport7.azxəbər verir ki, qəsəbə klubu hələ də Cəlalı Portuqaliyanın paytaxtına göndərə
bilməyib. Buna səbəb onun viza ilə bağlı probleminin yaranmasıdı.
Fransa səfirliyinə
müdafiəçi üçün Şengen vizasının düzəldilməsinə görə müraciət olunub. Qurum məsələnin
həll olunması üçün qaydalara uyğun davranır. Bu da səfirliyin xüsusi tələblərindən
biridi. Məhz Şengen vizasının hazır olmamasına görə Hüseynov hələ də
Portuqaliyaya gedə bilmir.
Əldə
etdiyimiz məlumata görə, "Zirə” bu problemin həlli üçün bütün vasitələrə əl
atıb. Lakin Fransa səfirliyi sənədin prosedura uyğun verilməsinin tərəfdarıdı.
Səfirlik bu məsələdə "Zirə”yə qısa zamanda kömək etmək niyyətində deyil. Buna
baxmayaraq, "qartallar”ın rəhbərliyi "Benfika” nümayəndələrini problemdən xəbərdar
edib. Mənbəmizin məlumatına görə, Cəlalın problemi 10 gün ərzində həll
olunacaq. Futbolçu mütləq şəkildə "Benfika”nın düşərgəsinə yollanacaq. Bu müddət
fevralın əvvəlinə kimi uzansa belə, mərkəz müdafiəçisinin Lissabona getməsində
problem yaşanmayacaq. Beləliklə, "qartallar”ın futbolçusunun "Benfika”ya baxışa
yollanmasıyla bağlı heç bir problem olmamalıdı.
Bir
çoxlarına maraqlı ola bilər ki, hansı səbəbdən Portuqaliyaya yollanan şəxs üçün
Şengen vizasını Fransa səfirliyi verir? Məsələ burasındadı ki, pireneylilərin
ölkəmizdə daimi nümayəndəliyi yoxdu. Həmçinin Niderland, Belçika, Lüksemburq,
Norveç kimi Şengen sazişi ölkələrinin də Azərbaycanda səfirlikləri fəaliyyət
göstərmir. Azərbaycan vətəndaşları adı çəkilən ölkələrə səfər etmək istəyəndə
Fransa səfirliyinə müraciət etməlidi. Bu qayda Fransa, Niderland, Belçika,
Lüksemburq, Norveç və Portuqaliya dövlətlərinin qarşılıqlı razılaşmalarına
uyğun tətbiq olunur. Bu səbəbdən də "Zirə” Cəlal Hüseynovu "Benfika”nın düşərgəsinə
göndərmək üçün Fransa səfirliyinə müraciət edib.