Futbol bir dünyadı...

Futbol bir dünyadı...
Futbol idman növünü çoxdan aşmış bir varlıqdı. Futbol siyasətdi, futbol mədəniyyətdi, futbol iqtisadiyyatdı, futbol bütün sahələri özündə cəmləşdirən böyük bir industriyadı...

Futbol prezidentindən fəhləsinə kimi, varlısından kasıbına qədər tribunalara gətirən, eyni dərəcəyə qoya bilən, birləşdirən, coşduran əvəzolunmaz bir gücdü...

Futbol dünyada müharibələri dayandıran, top atəşlərini yaşıl meydandakı toplarla əvəzləyən, insanların acılarını unutduran, sabaha ümid verən vasitədi...

Futbol dinindən, irqindən, mənsubiyyətindən asılı olmayaraq milyardlarla insanları birləşdirən, sevindirən, qardaşlaşdıran, mənəvi telləri zirvə nöqtəsinə çatdıran, qaranlıqda yaşıl meydanı işıqlandıran bir günəşdi...

Futbol dərdi, kədəri, problemləri unutduran, psixoloji ruh yüksəkliyi bəxş edən, insanlara gələcəyə baxmağa yardımçı olan bir şəfa ocağıdı...

Futbol 200-dən çox ölkəni, xalqları eyni qaydalarla meydana çıxmağa məcbur edən obyektivlik simvolu, "kiçik"lərin "böyük"lər qarşısında əzilməmək, mübarizə aparmaq, qələbə qazanmaq şansıdı...

Futbol hər bir dövlətin, xalqın genefondunun sağlam böyüməsi, özünü ifadə etməsi, milli komanda ruhunda birliyə nail olması, millətin vəhdət halına gəlməsi deməkdi...

Futbol dünya səviyyəsində bayrağını, himnini, dövlətini, xalqını təmsil etmək, zirvələr fəth etmək, özünüsübut meydanıdı...

Paris, Zaqrebdə 100 minlərlə insan küçələrə mitinq keçirmək üçün axışmayıblar. Qəhrəmanlarını qarşılayaraq prezident-komanda-xalq birliyini nümayiş etdirir, milli, millət adına sevinir, fərəhlənirlər. 

Futbolun gücü budu. Bu gücü bir daha Rusiyada keçirilən dünya çempionatı sübut etdi.
Ölkə başçısı Fransa, Xorvatiya prezidentlərini təbrik edib. Azərbaycan da 32 ölkə kimi mundiallarda iştirak edə bilər. Bunun üçün şərait, diqqət, qayğı, potensial var. 
Prezidentin milliyə baş məşqçi təyinatında qəti fikirini bildirdiyi kimi, ümumi futbola da əl gəzdirməsi vaxtı yetişib artıq...

"2005-2015 Dövlət proqramı"nı yerinə yetirə bilməyənlərdən bundan sonra da uğur gözləməyə dəyməz...

Müstəqil Azərbaycanın, millimizin, mundialda dövlətimizi, dövlətçiliyimizi, futbolumuzu təmsil etmək haqqı var. Bunun üçün imkanlar genişdi. Vaxtilə ÇL, Avroliqa qrupları da xəyal görünürdü. Futbolumuz indiki bərbad durumunda xalqını sevən, işini bacaran insanlar tərəfindən uğurlar qazanılıbsa, təsəvvür edin, vəziyyət müsbətə doğru düzələrsə, hansı zirvələri fəth etmək olar...

Xorvatiya, İslandiya, İran, Serbiya, Mərakeş, futbol oynaya bilməyən Panama belə nümunədi. Yetər ki, hər kəs Vətəni, millətini sevərək bacardığı işlə məşğul olsun. Məğlub psixologiyalı, bəhanələrlə futbolumuzu "sığorta" şirkətinə çevirənlərə, şəxsi mənafelərini güdənlərə futbolda yer olmamalıdı...

Növbəti dünya çempionatlarında Azərbaycanı, millini, xalqımızın sevincini, birliyini görmək, təbrikləri qəbul etmək diləyilə...

Tahir Süleymanov

Xəbər lenti