Futbol nədir: Eşq, yoxsa 22 şortikli kişinin mübarizəsi?

Futbol nədir: Eşq, yoxsa 22 şortikli kişinin mübarizəsi?
Şenol Günəşin gözəl bir sözü var: "Bizim vaxtımızda aclar futbol oynayar, toxlar izləyərdi. İndi isə toxlar futbol oynayır, ac milyonlar da onları izləyir”.

Bu söz futbolun kapitalizmin alətinə çevrildiyini bir daha sübut edir. Statistikaya görə, son 20 ildə futbolçuların gəlirləri 100 qat artıb. Əvvəl aya 1000 dollar qazanan oyunçu indi 100 min qazanır. Milyonlarla "ac” insan hər oyunda stress keçirir, komandaya görə ciddi polemikaya girir. Futbolçular isə udub-uduzmağından asılı olmadan öz həyatlarına davam edirlər. Ya gərgin matç sonrası sevgilisini götürüb tətilə gedir, ya da tarixi oyun öncəsi gecə klublarında sərxoş olur.

Artıq şablona çevrilsə də, futbolun həyatımızdakı qadınlar kimi olduğu doğrudur. Necə ki, bir qadının canını yandırıb getməsinə heç cürə əngəl ola bilmirsən, azarkeşi olduğun komanda da səni yandırıb-yaxanda əlin-qolun bağlı qalır. Sənə qarşı sevgi hissi bəsləməyən qadın necə səni düşünmür, sənin hislərin onun vecinə deyil, eynilə klub üçün də azarkeşin dərin məhəbbəti çox adi gəlir. Onsuz da, sənin sevginin heç vaxt bitməyəcəyinə əmindirlər.
 
Bunlara baxmayaraq, insan özünü futbolda tapa bilir. Əcdadımızdan gələn qrup birliyi, eyni məqsəd üçün vuruşmaq eşqi futbolda çox gözəl əks olunub. Futbol milyonlarla insana 90, bəzən də 120 dəqiqəlik bir məqsəd verir. İnsan təbiətinin dərinliklərində gizlənən fədakarlıq, alturizm oyun zamanı üzə çıxır. Ümumiyyətlə, cəmiyyətin bütün simalarını futbolda tapmaq mümkündür. Qəbilə, xalq ya da bir ideologiya üçün çiyin-çiyinə vuruşanlar – topu ötürməklə qapıya çatanların, sadəcə öz mənafeyi, şöhrəti üçün çalışanlar isə - top ayağına gələn kimi qapıya can atanların əcdadlarıdır.

Günel Mövlüd bir yazısında deyirdi ki, "necə olur, 22 kişi saat yarım boyunca bir topu ora-bura qovalasın”. Üstündən bu qədər vaxt keçəndən sonra Günel Mövluda cavab yazası deyiləm, amma təəssüf doğuran məqam odur ki, bir çox insan bu fikirdədir. Ronaldinyonun hərəkətlərinə, "yekədiş Ronaldo”nun driblinqlərinə baxanda incəsənət, Pirlo və Tottinin müdafiə arxasına atılan ötürmələri baxanda zəka, Ranyerinin "Lester”ə, Sarrinin "Napoli”yə oynatdığı futbola baxanda isə strategiya görünür.

Bu qədər insan bir topun deyil, ciddi ideyaların arxasınca qaçır. Bu ideyalar nə xəyanəti, nə də səhvi qəbul edir.
 


Futbola boksdan fərqli olaraq, fiziki güc lazımdı, biraz da texnika. Pasların düşünülmüş olmalıdır. Bəli, səhv ötürmə vermək haqqın yoxdur! Azarkeşlərdən və ya baş məşqçidən replika gələ bilər ya da səni təhqir edərlər və beləcə həmin görüşdə sənin performansın bir səhvin ucbatından alt-üst ola bilər.
1950-ci ildə 200 min azərkeşin toplaşdığı "Marakana” stadionunda heç kəsin qalibiyyətinə şübhə etmədiyi Braziliya Uruqvayla final görüşünə çıxır. Uruqvayın 2-1 hesablı qələbəsindən sonra hətta heç bir mərasim də keçilmədi, çünki bütün planlar Braziliyanın çempion olacağı üzərinə qurulmuşdu.
 
Oyunu radioda şərh edən spiker hesabı dəfələrlə təkrarlayır. Sonra bunun səbəbini soruşanda deyir: "Brazilyada heç kim Uruqvayın dünya çempionu olacağına inanmazdı, elə özüm də”. Bu uğursuzluqdan sonra üç nəfər elə stadionda intihar edib, fanatların bir neçəsi infrakt olub. Braziliyanın qapıçısı Barbosa isə bu ölkə üçün uğursuzluq rəmzi sayılır. Onu milli komandadan uzaqlaşdırlar. Barbosa çox sonralar deyirdi ki, Braziliyada ən ağır cəza 30 ildir, mən isə 50 ildir cəza çəkirəm. Braziliyalı futbol yazarı Nelson Rodriges yazılarında "hər millətin bir fəlakəti var, yaponlarınkı Xiroşima və Naqasakidir, bizimki də 1950-ci il finalı” deyə yazırdı. Uruqvayın ikinci qolunu vuraraq qələbəni rəsmiləşdirən Qiqianın sözlərinə görə "Marakana” stadionunu 3 nəfər susdura bilib: Frank Sinatra, Roma Papası və mən.
 
İndi bütün bunlardan sonra futbolun bir-neçə şortikli kişinin top arxasında qaçdığı əyləncə olduğunu iddia etmək olar? Futbol incəsənətdir, eşqdir, əsl mübarizədir. Bil Şanklinin sözləri ilə desək, futbol ölüm-dirim məsələsi belə deyil, daha artığıdır.

Mustafa Kamal

Xəbər lenti