Futbol sadəcə kişilərə məxsus idman növü deyil -

Futbol sadəcə kişilərə məxsus idman növü deyil - "Mariqol"un hekayəsi

Futbol kainatın ən populyar idman növlərindən biri, bəlkə də, birincisi olaraq hər kəs tərəfindən sevilir, izlənilir və oynanılır. Məşhurluq baxımından kişi futbolundan geri qalsa da, qadın futbolunun azarkeşləri, onu qadınlar arasında təbliğ edib, oynayanların sayı heç də az deyil. Çətinliklərə sinə gərib, futbolun təkcə kişilərə məxsus idman növü olmadığını sübut etməyə çalışan yetərincə qadın futbolçuya rast gəlmək olar.

Bu gün qadın futbolunda özünəməxsusluğu ilə seçilən və bütün baryerlərə baxmayaraq, sonda istəyinə nail olan meksikalı Maribel Dominqesdən, digər adı ilə - "Mariqol"dan bəhs edəcəm.

O, 1978-ci ilin 18 noyabrında Meksikanın paytaxtı Mexikonun kasıb bölgələrindən birində 9 uşaqlı ailənin ən kiçik qız övladı kimi dünyaya gəlib. Maribelin uşaq yaşlarından futbola böyük marağı olub. Futbol oynamasına qarşı çıxan atasının erkən vəfat etməsi balaca qızın "ayağını açır". İstər ailəsi, istərsə də ətrafındakılar onun futbol oynamasını normal qarşılamasa da, Maribelin sevimli idman növündən uzaq düşmək fikri yox idi. Lakin onun yerli futbol klubları tərəfindən lazımi diqqəti gördüyünü də demək olmazdı. Belə olan halda, yeniyetmə yaşlarında o, oğlanlarla birgə futbol oynamağa başlayır və tanınmasın deyə, özünə "Mario" ləqəbini seçir.

Qısa saçları, oğlanlara bənzər davranışları və təbii ki, bütün bu "komplekt"i tamamlayan bacarığı sayəsində heç kim onun qız olduğunu anlaya bilmirdi. İki il bu formada davam edən Maribel Dominqes yerli federasiya tərəfindən kəşf edildikdən sonra qızlarla birlikdə oynamağa başlayır. Sonradan yolu bir neçə Meksika klubundan keçir. Buna baxmayaraq, xarici görünüşü, həmçini sürətli və təhlükəli oyunu səbəbindən Maribelin oğlan olduğundan şübhələnənlərin sayı heç də az deyildi. Bu şübhələr isə onun üçün ilk çılğınlığına etməyə bəhanə olacaqdı. Bir gün məşqçisi Maribelin həqiqətən də qız olmasını sübut etmək üçün ondan şalvarını aşağı endirməsini tələb edir. Çılğın meksikalının cavabı isə olduqca sərt olur: "Yaxşı, amma qarşılığında sən də eyni hərəkəti edəcəksən".

Həm qibtə edilən, həm də zaman-zaman lağa qoyulan Maribel Dominqesi sonradan "Marimaço" deyə çağırmağa başlayırlar. Futbol aşiqi olan meksikalını yolundan uzaqlaşdırmaq olmur. O, 1999-cu ildə, 21 yaşı olarkən Meksika milli komandasına çağrılır. Ardınca ABŞ-ın "Kanzas Siti" klubuna transfer olur. 2003-cü ildən isə peşəkar olaraq "Atlanta Bit”də çıxış etməyə başlayır. Oyunu, xüsusilə də bombardirlik keyfiyyətləri sayəsində sonradan daha da məşhurlaşaraq "Mariqol" ləqəbini alır. Lakin Amerika Peşəkar Qadın Liqasının dağılması nəticəsində Dominqesin də ABŞ karyerası bitir və o, yenidən Meksikaya qayıtmalı olur.
 


Ölkəsində heç bir klubda oynamadığı dövrdə "Mariqol" millisinin heyətinə daxil edilərək Afina Yay Olimpiya Oyunlarına yollanır. Maribel Meksika yığmasının qrup mərhələsi çərçivəsində Çinli oynadığı və 1:1 hesabı ilə bitən matçda komandasının Olimpiadadakı yeganə qoluna imza ataraq "yaşıllar"ı 1/4 finala daşıyır. Lakin sözügedən mərhələdə "Mariqol"un liderliyindəki Meksika güclü Braziliya qarşısında qapısında 5 cavabsız qol görərək mübarizəni dayandırır. Ancaq o, medianın diqqətini bombardirliyi ilə yox, verdiyi tam fərqli qərarla cəlb edəcəkdi. "Mariqol"un 2004-cü ilin dekabrında Meksika ikinci divizionunda çıxış edən "Atletiko Selaya” ilə müqavilə imzalaması hamının təəccübünə səbəb olur. Çünki o, kişilərdən ibarət komandada oynamaq qərarına gəlmişdi.

Çoxları onun diqqət cəlb etmək üçün bu gedişə əl atdığını desə də, Maribel Dominqes verdiyi qərarı belə izah edir: "Ölkədə normal qadın liqasının olmaması səbəbindən özümü inkişaf etdirə bilmirdim. Ona görə də bu yolu seçdim. Bəli, kişilərin məndən daha güclü və sürətli olduğunu anlayıram. Sadəcə, şansımı yoxlamaq istəyirəm. Ümumiyyətlə, məncə, qadın futbolçuların inkişafı üçün yeganə yol kişilərlə birgə futbol oynamaqdı".

Bu transfer Meksika Futbol Federasiyası tərəfindən qəbul edilsə, FIFA-dan rədd cavabı gəlir. Həmin dönəm quruma rəhbərlik edən Yozef Blatterə görə, qaydalar və şərtlər eyni olsa da, kişilər və qadınlar birlikdə futbol oynaya bilməzdi. Bundan sonra meksikalı futbolçu "Barselona"nın qadın komandası ilə müqavilə imzalayır. Maribel oynadığı futbolla komandasını liqada qalmasında əsas pay sahiblərindən biri olur. 
 


2005-ci ildə ispaniyalı Virxinia Ximenes 16 yaşında kişi komandalarından birinin heyətində debüt edir və 55 dəqiqə meydanda olur. Yekunda Əndəlusiya Futbol Federasiyası inqilabi qərar qəbul etmək məcburiyyətində qalır. Belə ki, artıq heyətinin 50%-i kişilərdən ibarət olması şərtiylə, komandalarda qadınlar və kişilərin birlikdə oynamasına icazə veriləcəkdi. Bu, İspaniya futbol tarixində bir ilk idi. Mətbuatın bu yöndə suallarını cavablandıran Maribel demişdi: "Bu, vacib qərardı. Bəzi şeylər zamanla dəyişir, düşüncələr də həmçinin. Futbol sadəcə kişilərə məxsus idman növü deyil".
 


Verdiyi qərarlar və etdiyi hərəkətlərlə daim diqqət mərkəzində olan Maribel Dominqes 2016-cı ildə karyerasını başa vurub. O, hazırda Meksikanın 15 yaşadək qızlardan ibarət millisini çalışdırır. "Mariqol"un arzusu gənc qızların önünü açmaq və onların özlərini daha yaxşı inkişaf etdirməsi üçün münasib şərait yaratmaqdan ibarətdi.
 
 

OXŞAR XƏBƏRLƏR