Futbol sevgisi ilə nam salan biznesmen,

Futbol sevgisi ilə nam salan biznesmen, "Yuventus" azarkeşi... - "Fiorentina"nın yeni sahibi kimdir?

Florensiyanın məşhur ailələrindən olan Della Vallelər şəhərin ən böyük klubuna 17 il rəhbərlik edəndən sonra onu İtaliya kökənli amerikalı milyarder Rokko Kommissoya 170 milyon avro qarşılığında satdılar. Rokko Kommissonun varidatı təxminən 5 milyard dollar civarında qiymətləndirilir və "Forbes"in ənənəvi siyahısında ən varlı 200-cü amerikalıdır. 

Rokko əslən italiyalıdır, amma onun bütün həyatı ABŞ-da keçib. O, məktəbli olarkən futbol oynamağa başlayıb və daha sonra universitet komandasına da çağrılıb. Rokko 1972-ci ildə ABŞ olimpiya yığmasının heyətində yer alıb. Nəticə olaraq ABŞ yığması Mərakeş, Malayziya və Almaniyanın yer aldığı qrupda dördüncü olub. Rokko isə ümumilikdə 15 dəqiqə meydanda olub. 

Futbola olan marağına baxmayaraq, o, həyatda biznes sahəsində uğurlu olmağı bacarır. Rokko ABŞ-ın ən böyük beşinci internet provayderi "Mediacom"un sahibidir və bu kompaniyanın dəyəri 2.5 milyard dollar civarında qiymətləndirilir. Rokkonun futbola o dərəcə böyük marağı var ki, müsahibələrindən birində hətta büdcəsinə daxil olan ilk 2 milyarda futbol klubu almaq istədiyini də bildirib. İlkin olaraq, o, "Nyu-York Red Bull" və ya "Los-Anceles Qalaksi" klublarına sahib olmaq istəyib. Amma "Red Bull" öz layihəsini satmaqdan imtina edib, Los-Anceles təmsilçisi isə daha çox maliyyə, təxminən 300 milyon dollar istəyib.
 
Buna baxmayaraq, nəhayət 2017-ci ildə Kommisso arzusuna çatır və "Nyu-York Kosmos" klubuna sahib olur. Bu klubu seçməsində onu ilhamlandıran isə bir zamanlar Bekkenbauer, Pele və Corcio Kinalyanın burada çıxış etmələri olub. Hazırda Şimali Amerika liqasında (NASL) çıxış edən "Kosmos"un qarşısına məqsəd olaraq 2020-ci ildə MLS-də çıxış etmək qoyulub. Bu klubu Azərbaycanla bağlayan bir məqam vaxtı ilə yığmanın baş məşqçisi olan Karlos Alberto Torresin futbolçu illərində "Kosmos"da çıxış etməsidi. O, zamanında komandanın fəxri səfirlərindən biri olub. 

Sonradan Rokko Kommissonun futbol sevgisi sərhədləri aşır və artıq o, Avropada klub sahibi olmaq istəyinə düşür. Bunun üçün ilk cəhdini 2018-ci ildə edir. Belə ki, Rokko İtaliya nəhəngi "Milan"a sahib olmaq istəyir. Danışıqlarda irəliləyiş olduğu bir məqamda, həmin dövrdə "Milan"ın çinli sahibi Yonhonq Li klubu amerikalı biznesmenə satmaqdan imtina edir. 

"Fiorentina"ya sahib olandan sonra, "Mən Kalabriyadanam və "Yuventus" azarkeşi olmuşam. Səbəb isə onların həmişə qələbə qazanmaları idi. Amerikaya gələndən sonra da onlara azarkeşlik edirdim. İstəyim komandanın lideri Kyezanı daha bir il komandada saxlamaqdır. İstəmirəm ki, o, Baccio olsun" - deyib. Rokko Kommisso həmçinin hazırkı baş məşqçi Vinçentso Montellaya inandıqlarını və onunla yollarına davam edəcəklərini bildirib.


OXŞAR XƏBƏRLƏR