"Futbolçu olmağa anam imkan vermədi" - MÜSAHİBƏ

Düz 15 il əvvəl stadiona ilk dəfə gedəndə hələ uşaq idim və cinsi ayriseçkiliyə məruz qalmışdım. Yevlax stadionunda qadınların stadiona girişinə qadağa qoyulmuşdu.  Uzun hekayədi. Sonda həll oldu. Ancaq girişə izin verilsə də, insanların düşüncəsindən "qız nədir, futbol nədir?" fikrini silmək olmurdu. İllərcə basqıya məruz qaldım -  "Burax futbolu, qız evdə oturar, yemək bişirər, ailə qurar”. Həmin illər hansı stadiona gedirdimsə, nadir hallarda xanımları görürdüm. O da çox vaxt əcnəbi futbolçuların həyat yoldaşları olurdu. Ancaq son illərdə mətbuatdan, sosial şəbəkələrdən stadionlara jurnalist, azarkeş qismində bir çox xanımların getdiyi görürəm. Və beynimdə bu sual yarandı ki, cəmiyyətimiz artıq "qadın evdə oturub, bozbaş bişirər" fikrindən qurtulub, aydınlanıbmı?

Bu səbəbdən qərar verdim ki, stadionlara jurnalist və azarkeş qismində gedən xanımlarla söhbətləşim. İlk olaraq idman jurnalisti olan həmkarım Rəfiqə Əzizə müracitə etdim. Həqiqətən də vəziyyətin necə olduğu mənə maraqlı gəlirdi. Uzun-uzun yazmağın nə mənası. Ən yaxşısı son vəziyyəti Rəfiqə bizə danışsın. 
 


- Əvvəlcə, şablon sualla başlayaq. Hardan yaranıb futbola maraq? 
- Uşaq yaşlarından. Dayımoğlanları ilə böyümüşəm. Onların da futbola marağı vardı. Demək olar hər oyuna baxırdılar. Mən də onlarla birgə. Məhəllədə futbol oynayırdılar, onlarla gedib baxırdım. Elə maraq yarandı. Bir dəfə dayımoğlanlarından biri bizdə qalmışdı. "Real” Madrid oynayırdı, amma xatırlamıram kimlə. Raul Qonzales elə möhtəşəm qol vurdu ki, vuruldum ona. Bu adam əvvəl "Real"ı, sonra ümumilikdə futbolu sevməyimə səbəb oldu.

- Bəs özün oynamağı bacarırsan?
- Uşaq olanda çox oynayırdım məhəllədə. Hətta deyərdim ən sevdiyim məşğuliyyət idi. Amma son illər oynamamışam. Adam tapmıram oynamağa. Kişilər qadınla top qovmağa ehtiyat edir, qadınlar isə həvəsli deyil təəssüf ki.
 
- Bildiyim qədərilə yaşın gəncdi. Son 10 ilə yaxın müddətdə Azərbaycanda qadın futbolu inkişaf edib, bir çox komandalar yaranıb. Nə əcəb hansısa komandaya yazılıb, futbolçu olmadın? İndi kifayət qədər qız futbolçularımız var. Xəbərin olmayıb, ya evdən izin verməyiblər?
- Yarama duz basma (gülür)... 25 yaşım var. Məktəbdə oxuyanda təbliğat üçün nümayəndələr gəlmişdi. Biləndə qızlar komandası yığılır evdə yalvardım ki, məni də göndərin. Anam imkan vermədi. Maksimum kişilərin üstünlük təşkil etdiyi idman növlərindən uzaq tutmağa çalışırdı məni. O səbəbdən nə döyüşçü, nə futbolçu ola bilmədim.

- Bəs mətbuata gəlişin necə oldu?
- Tələbə olanda "Lider” TV-də işləməyə başladım. Orada yaradıcılıq redaksiyasında idim. Amma idmana marağım içimə sığmırdı. Kollektivdə futbol azarkeşləri çox idi. Günümüz oyunları müzakirə etməklə, bir-birimizə acıq verməklə keçirdi. O ərəfələrdə "CBC Sport” kanalı yayıma başladı. "Lider”dən bir çox əzizim o kanala keçdi. Bir müddət sonra yeni qadın sima axtarışına çıxıb, kastinq elan etdilər. Bizdə bir operator vardı, orada işləyirdi. Hər dəfə yazırdı gəl bura. Elanı mənə göndərdi ki, CV-ni göndər. Mən də göndərdim. Müsabiqədən keçib işə qəbul oldum. Beləcə idman jurnalistikasında ilk addımları atmağa başladım.
 


- Hazırda harada işləyirsən?
- Həvəskar futbol liqası MFL-in media və ictimaiyyətlə əlaqələr meneceriyəm. Yeganə həvəskar liqadır ki, AFFA-nın rəsmi dəstəyi və tərəfdaşlığı ilə keçirilir.

- Bəlkə biraz qeybət edək?
- Baxır qeybətə. (gülür)...

- Bildiyin kimi, bizim cəmiyyətdə stadionda qız  görəndə təpkilər fərqli olur. Sən özünə qarşı necə davranış görmüsən?
- Elə deyirlər. Amma mən mənfi heç nə görməmişəm. Nə komandaların işçiləri, nə stadion işçiləri, nə də azarkeşlər tərəfindən. Əksinə həmişə oyuna maksimum rahat baxım deyə hər şəraiti yaradıblar.

- Hansısa futbolçu sənə eşq elan edıb?
- Bu suala cavab verməsəm olar? (gülür)...

- Təbii ki. Ancaq hiss etdim ki, olub. Bəs futbolçudan evlilik təklifi alsan qəbul edərsən?
- Ailə qurmağı düşünəndə bəlkə. Hazırda planlarım arasında ailə yoxdur deyə belə bir şeyi də götür-qoy etmirəm.

- Bu yaxınlarda bir əcnəbi modelin müsahibəsini oxudum. Deyir futbolçu ilə sevgili olmaram. Səbəb kimi isə, futbolçuların həyatının çox hissəsini yollarda, komanda ilə keçirdiyini bildirib. Bəs sənə uyğun olardı evə gec-gec gələn həyat yoldaş, yoxsa 6-da işdən çıxıb evə gələn daha yaxşıdı?
- Bu məsələdə bir problem görmürəm. Bu adam idmançı da ola bilər, neftçi də, dənizçi də, hərbçi də. Onların hamısının daimi evdə olmaq problemi var. Amma bu işdir, karyeradır. O şəxs bu işi görməklə xoşbəxt olursa və mən o şəxsi sevirəmsə boynuma düşən dəstək olmaq olar.

- Gələcəkdə övladının futbolçu və ya digər idman növü ilə məşğul olmasını istərdin. Məsələn, anan sənə izin verməyib. Bəs sən qızına futbolçu olmağa izin verərsən?
- Çox istəyirəm. Hədsiz çox. Tək futbol yox, istənilən idman növü. Təbii ki, əgər özü istəyərsə. Övladımı heç nəyə məcbur etmərəm. Amma marağı, həvəsi olarsa əlimdən gələn hər dəstəyi göstərərəm.
 


- Xarici mətbuatda, elə uzağa getməyək, Türkiyə mətbuatında xanım jurnalistlər, azarkeşlər, hətta futbolçuların həyat yoldaşları çöx gündəm olur. Sosial şəbəkədə paylaşımları belə günün ciddi xəbərlərindən daha çox diqqət çəkir. Ancaq bizdə belə hallar yoxdu. Səncə, bu mətbuatın maraqsız, sönük olmasından qaynaqlanır, yoxsa mental düşüncələr rol oynayır? 
- Birinci növbədə mental düşüncələr. Futbolçu olmaqla deyil ki. Ailə quran kimi həyat yoldaşının sosial şəbəkə profillərini bağlatdıran futbolçularımız var. Nə olur olsun azərbaycanlıdırlar. Bu cəmiyyətdə böyüyüb, yetişiblər. Əksəriyyəti də mentalitet düşkünü ailələrdən çıxıb. Əsl ölkə ab-havasına uyğun davranırlar. Ruhu fərqli olanlar da digərləri tərəfindən barmaqla göstərilməmək üçün şəxsi həyatlarında maksimum gizli və ehtiyatlı davranır. Onları da qınamıram. İnsanların ağzı torba deyil ki, büzəsən. Danışılanlar isə onların karyerasına mane ola bilir təəssüf ki.

- Səndə bu fikirdəsən, yoxsa şəxsi həyatının, fotolarının gündəmə gəlməsi sənin üçün problem deyil?
- Düzünü desəm əvvəl qəti problem etmirdim. Hətta özüm həyatımdakı adamla şəkil paylaşırdım. Amma son dövrlər qulağıma o qədər söz-söhbət gəlib çatır ki, ürək bulandırır. Ona görə artıq mən də maksimum qapalı yaşayıram şəxsi həyatımı.

- Demək narazı olduğun məqamlar var.
- Heç kəs heç kəsin şəxsi həyatına qarışmasın. Müzakirə etməsin. İnsanın ruh halı maraqlı olsun, mənəviyyatı maraqlı olsun. Kimlə yatıb durduğu, nə qədər qazandığı yox.

- Bu fikirləri, sözləri yayanlar futbol azarkeşləridir, yoxsa məslək yoldaşlarımız? 
- Əslində bu parazitlərdən hər yerdə var. 
 


- Bu bir daha sübut edir ki, bu cəmiyyəttə hələ də qadına qarşı hörmətlə yanaşma yoxdur. Ailə qurub, evdə oturursa "yaxşı qadın"dı, ictimaiyyətə qarışır, stadiona gedir, sosyal şəbəkədə aktiv olursa "pis qadın"dı.
- Əslində etiraf etməliyəmki stadiona getməmi 3 il əvvəlkinə nisbətən daha normal qarşılayır cəmiyyət. Amma ümumilikdə təəssüf ki, elədir. Qadının robot kimi öhdəlikləri var sanki. Ailə qur, övlad dünyaya gətir, onlarla məşğul. Başqa marağın, məqsədin olmasın. O zaman "pis qadın" olursan.

- Bu düşüncəli insanlara mesajın var?
- Bir dəfə gəlirik həyata. Onu doya-doya yaşayaq. Azacıq vaxtımızı başqalarını müzakirə edib, aşağılayıb eqomuzu doydurmağa yox, özümüzə, həyatımıza, sevdiklərimizə, zövq aldığımız işlərə ayıraq. Hər anın dadını çıxaraq. Həyat gözəldir amma yaşamağı bilən üçün.

Röya Kərimli
Sport7.az
 




OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR