"Əmr ver və idarə et" günləri geridə qaldı" - Hücumçu məşqçisi ilə 1v1

"Dandi Yunayted"in hücumçularla çalışan məşqçisi - Li MakKallok Britaniya futbolu üçün qeyri-adi olan işlə məşğuldu. Bəlkə də, Şotlandiyada başqa belə bir məşqçiyə rast gələ bilməzsiz.

Yanvar ayından etibarən sözügedən post "Reyncers"in sabiq kapitanına həvalə olunub. O, daha öncə "Kilmarnok"da baş məşqçi, "Lexiya"da isə köməkçi-məşqçi kimi çalışıb.

Şotlandiya yığmasının formasını 18 dəfə geyinən MakKallok işi, holistik yanaşmanın önəmi, müasir oyunçunun ruh halı və Mançester Mitropolit Universitetində idman direktorluğu üzrə aldığı magistr təhsilindən bəhs edəcək.
 

Hücumçularla çalışan məşqçi

Li MakKallok: "Şotlandiya futbolunda belə bir posta nadir hallarda rast gəlmək mümkündü. "Reyncers"dəki sabiq komanda yoldaşım, "Utrext"də hücumçu məşqçisi kimi çalışan Maykl Molsla danışana kimi mən də futbolda belə bir funksiyanın mövcudluğundan xəbərdar deyildim. O, mənə izah edəndən sonra bu barədə müəyyən anlayışım formalaşdı.

Karyerama baxsaq, oyunçular üzərində idarəetməsi güclü olan məşqçilərlə çalışsam da, heç vaxt spesifik - fərdi çalışdırıcım olmayıb. Buradakı baş məşqçi Robbi Neylson müdafiəçi olub. O, spesifik olaraq hücumçularla çalışmağım üçün məni komandaya dəvət etdi. Oyun fəlsəfəmiz şanslar yaratmaq, top daşımaq və əyləncəli futbol nümayiş etdirməkdən ibarətdi. Ancaq fərdi iş də çox önəmlidi.

Oyunçuların gücü ilə bağlı işlər aparırıq, onları tam paket halına gətirmək istəyirik. Hərəkət, oyun anlayışı, ilk toxunuş, dəstək oyunu, bitiricilik kimi elementlər üzərində çalışırıq. Hücumçu, mərkəz yarımmüdafiəçisi, vinger və müdafiəçi kimi oynamışam. Düşünürəm ki, müəyyən futbol anlayışım var.

Futbolda fərdi çalışmalar oyunçular üzərində effektiv olur. Məncə, futbolda individual yanaşmaya daha çox ehtiyac var. Məşqçilik detallı işdi, yəni fərdi üstünlüklər və zəifliklər üzərində çalışa və oyunçunun ağlına yol tapa bilərsiz. Nəticədə onlar şəxsi hədəflərini bölüşəcək, siz isə onlara uyğun fərdi planlar hazırlayacaqsız".

Holistik yanaşma

"Beş il əvvəllə müqayisədə, məşqçilik tamamilə dəyişib. Mən sadəcə texniki detallar üzərində çalışmaq üçün yox, həm də holistik (bütövlükçü) yanaşma ortaya qoymaq adına burdayam. Texniki çalışmalar, fitness, testlər işin önəmli parçalarıdı, ancaq bunlarla yanaşı, zehniyyət və sağlıq da gərəklidi. Futbolçunun evə getdikdən sonra etdiklərinin böyük təsiri var. Onların inamlı, xoşbəxt, enerjili olmasını, normal qidalanmasını istəyirsən.

Məşqçilik bu baxımdan futbolçuları - xüsusilə də gənc yaşlarda - futbol və yaşam üçün önəmli olan vasitələrlə təchiz etməkdən ibarətdi. Məqsəd sadəcə yaxşı futbolçular yox, həm də yaxşı fərdlər yaratmaqdı. Bu da yaxşı yemək, yaxşı yatmaq, lazımi qədər maye qəbul etmək anlamına gəlir. Eyni zamanda, məşqçi valideynlərin təlimi prosesində də iştirak etməlidi.

Məşqçi futbolçularını taktiki, texniki, fiziki və mental baxımdan daha yaxşı biri halına gətirmək üçün biliklərini və təcrübələrini bölüşməlidi".
 

Liderlik tərzləri

"Əmr ver və idarə et" günləri geridə qaldı. Artıq "Mənim istədiyim budu, bunu da elə" deyə bilməzsən. Cəmiyyət dəyişir, futbol da onunla bərabər dəyişikliklərə məruz qalır.
 
Gənc futbolçular olub-bitənlərdən xəbərdar olmaq istəyirlər və məncə, bu, yaxşı haldı. "Monday Night Football", müxtəlif veb-saytlar, sosial media hesabları, taktiki və məşqçilik perspektivi baxımından ön plana çıxan gənclərin futbola addım atması sayəsində oyunda şüurun və analizin rolu getdikcə artmaqdadı. Məncə, bu trendi dəstəkləməliyik.

Oyunçuların fikirlərini, inanclarını öyrənmək, onlarla münasibət yaratmaqdan yaxşısı yoxdu. İki tərəfli ünsiyyət, iki tərəfli məsuliyyət... İndilərdə gənc futbolçuların zəif zehniyyətə malik olduğu deyilir, ancaq bir də hadisələrə onların gözündən baxmağa cəhd etmək lazımdı. "Reyncers"də oynayanda bizdən hər matçda qələbə qazanmaq tələb olunurdu. Dünya səviyyəli klubdan söhbət gedir və üzərimizdəki təzyiq çox böyük idi. Qəzetlərdə adım başlıqlara mövzu - "o, yaxşı oyunçu deyil" - ola bilərdi, onları oxuyub-oxumamaq isə mənim seçimim idi. Əksər hallarda heç oxumurdum. İndi "twitter" və "instagram" vasitəsilə birbaşa futbolçulara daha da betər şeylər yazırlar. Və bunlar 25-30 min və ya daha da böyük kütlənin qarşısında baş verir.

Daha çox yeniyetmələrdən danışırıq. MMU-dakı İdman direktorluğu kursunda nevrologiya haqqında maraqlı çalışmalar aparırıq. Təhdidə cavab, "savaşmaq, yoxsa qaçmaq", sosial mediada yazdıqların və ya paylaşdığın şeylər bəyəniləndə bədəndə istehsal olunan dopamin hormonu və b. bu kimi mövzuları gözdən keçiririk. Bu arada, sonuncu narkotik kimi bir şeydi. Ancaq bir tərəfdən də, troll, təhqir və onların zərərli tərəfləri var. Oyunçular artıq əlçatandılar və onlara bu gedişatla başa çıxmağı öyrətmək də lazımlıdı.

Mental olaraq güclü birisənsə, komanda yoldaşların və məşqçilər üzərində fikir formalaşdıra bilirsənsə, bəlkə də, bu mənada işin asandı. Ancaq sadaladıqlarım səndə yoxdusa, vəziyyət dəyişir. Bəzən gənc futbolçu kimi, valideynlərindən çox, məşqçini örnək alırsan. Ona görə də biz - məşqçilər böyük məsuliyyət daşıyırlar. Məşqçi ilə münasibətləri formalaşdırmaq və onunla açıq danışa bilmək çox vacibdi".
 
 

Məşqçiliyi öyrənmək

"Məşqçiliyə böyük marağım var idi, hələ oyunçu illərimdə Pro lisenziyamı almışdım. Bunu etmək üçün anlayışlı məşqçin olmalıdı və yaxşı ki, Alli MakKoyst bu mənada yardımçı olurdu. Başqa klubları ziyarət etmək və başqa məşçqilərlə görüşmək son dərəcə dəyərlidi. Hollandiyada "Ayaks" və AZ-nin bazasında olmuşam, digər mədəniyyətlər və fəlsəfələrlə yaxından tanış olmağa çalışmışam. Məşqçilik futbolçuluqdan tamamilə fərqlənir. Burada öz peşəni öyrənməyə məcbursan.

Həmçinin "Seltik"də Brendan Rodcerslə zaman keçirdiyim üçün də çox şanslıyam. 2017-ci ilin oktyabrında "Kilmarnok"dakı işimi itirmişdim. Ertəsi gün Brendan mənə zəng elədi və görüşmək istədiyini dedi. Birlikdə yemək yedik və onların məşqini izlədim.

Brendan kimi birinin, üstəlik, "Reyncers"də oynadığımı bilə-bilə belə bir addım atması onun necə insan olduğunun sübutudu. Onun taktiki baxımdan hər detalın fərqində olduğunu görəndə bir anlıq təntimişdim. O, həm də zehniyyət və oyunçularla olan münasibətləri üzərində çalışırdı. Bu, Rodcersdən götürdüyüm və öz məşqçilik karyeramda tətbiq etməyə çalışdığım bir şeydi.

"Dandi Yunayted"dəki baş məşqçimiz də gələcəyi düşünən biridi. Ən xoşladığım özəlliklərindən biri yeni şeyləri yoxlamağa meyilli olmasıdı. Həyatın istənilən etapında yaxşı insanların əhatəsində olmaq gözəldi. Həmçinin kifayət qədər təcrübəsi olan, Yeni Zelandiyada və Kanadanın "Vankuver Uaytkeps" klubunda çalışmış köməkçi-məşqçi Qordon Forrestlə də çox yaxınıq".


İdman direktorluğu

"Təxminən 8 ayım qalıb və hazırda idman direktorunun funksiyaları, enişli-yoxuşlu situasiyalardakı qərarları barədə dissertasiyamı hazırlayıram. Akademik çağırışdan zövq alıram. Buradakı şəbəkə də möhtəşəmdi. Daha öncə heç tanımadığın, reqbi, kriket, üzgüçülük kimi idman növlərini təmsil edən, həmçinin idmandan kənar isimlərlə eyni partaları bölüşürsüz.

"Dandi Yunayted"in idman direktoru Toni Asqar və icraçı direktorumuz Mal Brenniqan da mənimlə birlikdə təhsil alırlar. Toni ilə münasibətlərim məhz burda formalaşıb. Həm futbol, həm də işin biznes tərəflərində yardıma ehtiyacım olanda mənə dəstək olur. O, bir şeyləri öyrənmək mənasında doğru isimdi və sayəsində klubun kültürü dəyişir.

"Kilmarnok"da idman direktoru ilə birlikdə çalışmamışdım, ancaq belə bir təcrübəni hələ o vaxt yaşamaq istərdim. Məşqçiliyə yeni addım atan biri kimi işim azından daha asan olardı. İdman direktorları aşağı yaş qruplarından əsas komandaya kimi kluba müəyyən bir davamlılıq aşılayırlar. Baş məşqçinin gündəlik hazırlıq məsələləri və əsas komandaya rəhbərlik etməsi baxımından işini asanlaşdırmaq üçün idman direktorlarının stratejik yanaşması önəmlidi.

Nəticədə məşqçi getdikdən sonra - bir gün mütləq bu, baş verir - fəlsəfə və strategiya onunla bərabər yoxa çıxmır. Bu, kültür, atmosfer, fəlsəfə, vizyon yaratmaq deməkdi. Yaxşı ki, "Dandi Yunayted"də belə birinə sahibik.

Kluba gənc məşqçi gətirilir, işlər azacıq qaydasında getməyən kimi isə panikaya düşüb, "Təcrübəyə ehtiyacımız var" deyirlər. Təcrübəli məşqçiləri isə tez-tez "dinozavr" adlandırırlar. Məsələ bu da deyil. Klub kimliyinə, vizyonuna sadiq olmalı və yaşa baxmadan, ən uyğun məşqçini seçməlidi.

Bir gecənin içərisində transformasiya baş vermir. Ancaq futbol adamları tez-tez panikaya düşüb, qərarlar qəbul edirlər. "Norviç Siti"yə baxın, inşa prosesi daimi olaraq davam edir və idman direktoru Styuart Vebberin rəhbərliyi altında inandıqlarını etməkdə israrlıdılar. Ötən mövsüm 14-cü olmuşdular, yəni eyni məşqçi ilə yola davam etmək cəsarət tələb edirdi. Cəsarət nümayiş etdirdilər və görün indi nələr edirlər".

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR