Futbolda hallanmaq söhbəti

Futbolda hallanmaq söhbəti
"Adın çıxınca, canın çıxsın” (Atalar sözü)

AFFA-nın "danışılmış oyunlar”la bağlı aylardan bəri "apardığı” araşdırmalar sona çatıb. Yetərincə müəmmalı hadisələrə şahidlik edirik. Bir tərəfdən deyirlər ki, özümüz araşdırma aparmışıq, sübutlar toplamışıq, günahkarların günahını sübut etmişik. Digər tərəfdən də UEFA-dan konkret məlumatın gəldiyini, qitənin ali futbol qurumunun ortaya faktlar qoyduğunu deyirlər.

Hətta bizim birinci divizionun sorağı Çinə qədər gedib çıxırmış. Güləkmi, ağlayaqmı? Çində belə Azərbaycan futbolunun aşağı liqasıyla maraqlanan var imi. Ölkə həqiqətlərinin dünyaya çatdırılması, təbliğatımız baxımından yaxşı vasitədi.

İllərdi Azərbaycan futbolunda bu və ya digər oyunun "danışılmış” olmasıyla bağlı iddialar səslənib, yazılar yazılıb. Hər dəfəsində də AFFA və PFL rəhbərliyi, eləcə də qurumun hüquqşünası onlara bununla bağlı sual ünvanlayan jurnalistlərə qısa cavab veriblər: "Necə sübut edək? Ortada fakt yoxdu”. İndi cəzalandırıblarsa, deməli, fakt tapıblar. Hamımıza maraqlıdı, o faktlar nədən ibarətdi? Barələrində qərarlar çıxarılan, çempionatdan uzaqlaşdırılan klubların və futbolçuların günahları hansı faktlarla sübut olunub? Həmin faktların geniş ictimaiyyətə açılanmasına ehtiyac var. Beləcə biz də bilmiş olarıq ki, Azərbaycanda oyunların danışıldığı, nəticələrin əvvəlcədən razılaşdırıldığı hansı yolla isbatlanır, AFFA necə sayıq davranıb.

Bir vacib məqama diqqət yetirək. AFFA İntizam Komitəsinin son qərarında çox ziddiyyətli və gülməli iki bənd var:

"Adları "danışılmış oyunlarda” ən çox hallanan "Rəvan” FK və "Şərurspor” FK I Diviziondan kənarlaşdırılsın”.

"Adları "danışılmış oyunlarda” hallanan "Şahdağ” FK, "Energetik” FK, "Bakılı” FK və "Göyəzən” FK-ya xəbərdarlıq edilsin. Bu klubların "danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılsın”.


Bu nə deməkdir, cənablar? Kimin adının az, kimin adının çox hallanmasının mətləbə nə dəxli var? Məşhur atalar sözünü xatırlayın. Çox hörmətli AFFA başbilənləri bizə izah edə bilərlərmi bir dəfə oyun satanla bunu beş dəfə edənin arasında hansı fərq var? Ümumiyyətlə, bu "adı hallanmaq” söhbəti hardan qaynaqlanır, kimdi klubların adını hallandıran? Bəlkə elə yalandan hallandırırlar?! Kiminsə həmin klublarla qərəzi var və başlayır onların adını daha çox hallandırmağa. İntizam Komitəsinin bu cür gülməli qərarlar verməsi nə məntiqə, nə də hüquqa sığır. Belə çıxır ki, bizdə futboldan savayı məntiqlə hüququn özünü "hallandırıblar”. 

Allah betərindən qorusun!


Amal ABUŞOV











Xəbər lenti