Futboldan başqa hər şey...

Futboldan başqa hər şey...
Bizim futbol belədi. Futbolun özünü danışmağa, müzakirə etməyə, dərdimizi deyib, çarəsini axtarmağa heç macalımız olmaz. Biz dünən AFFA və PFL-dən ölkə kubokunun finalı ilə bağlı son qərar gözləyirdik. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə onların də töhvə verəcəyinə, prezidentin 2018-ci ili "Cümhuriyyət İli” elan etməsini nəzərə alacaqlarına ürəkdən inanardıq.
 
Düşünürdük ki, Qırğızıstanla oyunun tarixini dəyişəcəklər, yaxud da bizə ciddi mənada nəsə verməyəcək bu oyunu ləğv edəcəklər. Amma gündəmi "toplananların yerdəyişməsi” oyunu tutdu. AFFA-nın baş katibi Elxan Məmmədov Antalyada şəxsən mənim gözlərimin içinə baxa-baxa "biz "Neftçi”yə heç bir müdaxilə etmirik” desə də, öz yalanını elə özü çıxardı. İş belə gətiribsə, biz də gündəmin axarını nəzərə alaq və ölkənin ən köklü klubundakı bu oyun haqda bir-neçə kəlmə yazaq.

Başlayaq klubun rəsmi saytından ictimaiyyətə verilən RƏSMİ məlumatdan: "Kamran Quliyev "Neftçi” Peşəkar Futbol Klubunun prezidenti vəzifəsinə təyin olunub”. Amerikalının sözü olmasın, OK! Olunubsa, lap yaxşı. Xeyirli olsun. Bəs kim təyin edib? Prezidenti də təyin edərlərmi, ay qıvlasızlar? İndi gəlin görək ki, prezident nə deməkdi? Latıncadan prezident sözünün tərcüməçisi "öndə oturan” ("pre” - əvvəl, "sedere” – oturmaq) mənasını verir, seçki yolu ilə müəyyən olunan dövlət və ya inzibati-ərazi vahidinin rəhbəri, yaxud kollegial orqanın, ictimai birliyin və ya kommersiya təşkilatının sədri deməkdir. Yəni ki, "Neftçi”yə prezidentin təyin olunması özü bir məntiqsizlik, hüquqi prosedura ziddi adımdı. Prezidenti təyin emək olmaz. İdarə heyətinin, sponsor və ya səhmdarların, indiki halda Müşahidə Şurasının toplantısı keçirilməliydi. Həmin toplantıda əvvəlcə Orxan Hüseynzadənin istefası müzakirə edilməli, ondan hesabat istənməliydi. "Neftçi” nə üçün indiki mövqeyindədi, çalışdığı dövrdə hansı problemlərlə rastlaşdı, onları niyə həll edə bilmədi, kluba ayrılan pulları hara xərclədi, nə üçün bir menecerin düşərgəyə gətirdiyi legioneri geri göndərib, sonra Kamil Məmmədov eyni futbolçunu daha baha qiymətə gətirəndə razılıq verdi və s. Bəlkə onun əməllərində hansısa cinayət tərkibli var idi, yaxud da adama "Təşəkkürnamə" verməliydilər?! Bunları müəyyənləşdirəndən sonra isə yeni namizədin müzakirəsi açılmalı, onun mənfi və müsbət tərəfləri müqayisə edilməliydi, qərar çıxarılmalıydı.

"Neftçi”nin adı-sanı, tarixi, məntiq və hüquq elmləri bunu tələb edir. Onlar neynədilər? Onlar deyəndə özümü də gülmək tutur, kimdi ki, onlar? "Neftçi”nin çoxdandı bir-iki nəfərin iradəsiylə idarə olunduğunu hamımız bilirik. Bir ara Müşahidə Şurası adlı bir tamaşa qurdular. Sonra da gördülər ki, sağ qulağı sol əllə tutmaq işi xeyli qəlizləşdirir, bir dəfəlik bu tamaşaya da son qoydular. Başladılar özləri çalıb, özləri də oynatmağa. Artıq idman ictimaiyyətini, klubun tarixini, çoxminli azarkeşləri o qədər veclərinə almırlar ki, bir saatın içində prezident də dəyişdirə bilirlər.

Dostlarımızdan biri deyir ki, gördülər "Neftçi” "Sumqayıt”ı keçə bilməyəcək, onun prezidentini gətirdilər ki, bəlkə bu üsulla yayda "xalq komandası”nı Avropaya göndərə, biabırçılıqdan xilas ola bilərlər. Əlbəttə ki, onun sözləri zarafatdı. Tez-tələsik yerdəyişmənin səbəbləri haqda yetərincə ciddi arqumentlər səslənir və onların çoxusu ağlabatandı. Amma səbəb nə olursa-olsun, bu dəyişikliyin "Neftçi”yə yaxşı heç nə vəd etmədiyi məlum məsələdi. 81 illik tarix istehza hədəfi, autsayder olmağa davam edəcək. Bəla budu. Hazırda klubu idarə edənlər futboldan başqa hər şey barədə düşünür, hər cür hiyləyə əl atmağı bacarırlar. Olan da "Neftçi”yə olar. Azarkeşlərinin sırası seyrəlir, tarixinə 0:8, 1:8 kimi alçaldıcı hesablarla məğlubiyyətlər yazılır. Bir vaxtlar ən yaxşılardan sayılan uşaq məktəbi dağılır, istedadlar pərən-pərən düşür. İş o yerə gəlib çatır ki, "Neftçi” boyda klubun uşaq komandaları bir əcnəbi neft mütəxəssisin oğluna möhtac qalıb. Futbolçu yetişdirməyə borclu olan məşqçilər rəhbərliklə əlbir olub bu uşağın xidmətindən birdən-birə üç komandada yararlanır, aldadıcı nəticələrlə gözə kül üfürürlər. İsmət Qayıbovun adını daşıyan, tribunaları da, ot örtüyü də göz oxşayan stadionu baza tikmək adıyla şumladılar, bir ətək pul da orda israf olundu. İndi bəh-bəhlə təlim məşq bazası dedidkləri yerdə adicə bir paltardəyişmə otağı da yoxdu.

Nəyin qalıb, ay "Neftçi”? Quruca adın, bir də neft pullarından sənin adına ayrılan hissə. Bir də o pulu bölüşdürmək, yağmalaq üçün daim davam edən mübarizələr, münaqişələr. Sən də o münaqişələrin dilsiz-ağılsız qurbanısan. Bir özün utanırsan, bir də biz. Yaşından, başından, düşdüyün durumdan utanırıq. Başına gətirilənlərdən utanırıq. Amma əlimizdən heç nə gəlmir. Bir azca da döz...

Mənbə: "Futbol+" qəzeti,  Amal Abuşov

Xəbər lenti