Futboldan uzaq - Stiven Cerrard

Futboldan uzaq - Stiven Cerrard

Damarlarımı kəssəniz, "Liverpul” qırmızısı axar. Bütün ürəyimlə "Liverpul"a bağlıyam. Con Polun vəfatı təsirsiz ötüşməmişdi. Artıq "Enfild”də zirvələri fəth edəcəyimə dair fikirlərimdə daha qəti idim. Digər tərəfdən, məktəb illərində başıma gələn bir hadisə məni məqsədimə çatmaq üçün daha çox səy göstərməyin vacib olduğuna inandırmışdı. 9 yaşım olanda karyeram başlamamış bitə bilərdi. Bütün xəyallarımın gerçəkləşməsi – "Liverpul” və İngiltərə forması geyinmək, Avropa kuboklarını qaldırmaq, dünya çempionatlarında parlamaq – bir cərrahdan asılı idi.
 
"Enfild” - mənim ilk sevgim, ikinci evim. Gələcəyimi təhlükəyə atan fəlakət baş verən zaman artıq bir il idi ki, orada idim. Maykl Ouenlə Vernon Sanqster mərkəzində məşq edə-edə işimi öyrənməyə çalışırdım. İndi belə, Mersisayddakı evimizin yanındakı kolluqda başıma gələnlər yadıma düşəndə lərzəyə gəlirəm.

Kollarla örtülü bir yer idi. İnsanlar zibilləri heç düşünmədən oraya atardılar, amma mən və dostlarım üçün bu, böyük önəm kəsb etmirdi. Bizim üçün otun ayaq oyunları üçün yararlı olması yetərli idi. Gecə-gündüz, yay-qış demədən ora toplaşardıq. O balaca, tullantılarla dolu sahə bizim üçün həm "Enfild" idi, həm "Qudison", həm də "Uembli". Yer üzünün cənnəti... Günlərdən şənbə, sübh tezdən, həmin dar ərazidə idik - mən və məhəllədən dostum Mark Hannan. Stadion məsələsini birtəhər həll etdik. "Bernabeu"ya bənzəməyə bilərdi, amma ora bizim evimiz idi. Dostum Sandey liqasında oynayan komandasından tor oğurlamışdı, onu yarıdan kəsdik və iki qapı düzəltdik.
 
 
 
Markla futbol oynayırdıq, birdən top gicitkən kollarının arasına getdi. Götürmək üçün qaçdım. Əlimi vurmağa çəkinirdim, incidər deyə qorxurdum. Topu heç tam görə də bilmirdim, kollar çox qalın idi. Corablarımı yuxarı qaldırdım və ayağımı kolların arasına saldım. Götürə bilmirdim, sonra əsas işlək ayağımla - sağla güclü zərbə vurdum ki, top uzaqlaşsın.

İztirab... Əzab çəkirdim. Ağrı aman vermirdi. Az qala ürəyim gedəcəkdi. Yerə yıxılmışdım, yardım etmələri üçün qışqırırdım. Karyeram boyunca çoxlu zədələr almışam, metatarsalım (topuqdan barmağa doğru gedən sümük) çıxıb, qasığımı yırtmışam, amma heç vaxt belə hiss etməmişəm. Mark qaçaraq gəldi. Nə baş verdiyini anlamırdım. Ona dedim: "Görə bilmirəm. Ayağım gicitkən kollarının arasından çıxmır”. Mark baxdı, bir anda qorxudan sifəti ağardı. Qusacağını düşünürdüm. Nə qədər pis ola bilərdi ki? Baxanda gözlərimə inana bilmədim. Dırmıq barmağıma batmışdı. Hansısa əli-ayağı olmayan biri paslı dırmığı ora atmışdı və o, gicitkən kollarının arasında ilişib qalmışdı. Heç tutacaq hissəsi də yox idi, təkcə dişlər... Hər şey aydın idi: mən dırmığın o sivri uc hissəsinə zərbə endirmişdim. Dişlərin içəriyə doğru irəlilədiyini hiss edirdim, sanki sümüyin içində oyuq açılırdı.

"Get və kimisə çağır”, - deyə qışqırdım. Mark valideynlərimi çağırmaq üçün qaçdı. Qonşumuz Nil Ueston qışqırığımı eşidən kimi gəldi. Məni kolluqdan çıxartdı. Dırmıq isə əlavə ayağım kimi ardımca gəlirdi.

Ueston: Bunu çıxara bilərəm?
Mən: Yox, bacarmazsan.
Ueston: Cəhd etməliyəm.

Dırmıq tərpənmirdi. Tibbi yardım çağıracağını deyib getdi. Otluqda uzanmışdım, gözümdən yaş gəlirdi, beynimi isə qorxu hissi bürümüşdü: yenidən topa toxuna biləcəm?

Valideynlərim xəbəri eşidən kimi gəldilər. Atam vəziyyətin ciddi olduğunu bilirdi. "Ayağını itirəcək” – anama bunu deyəndə eşitdim. Amputasiya? Yox, ola bilməz. "Liverpul” karyeramı o kolluqdaca basdıracaqlar.
 


Nəhayət Alder Heydən gələn təcili tibbi yardım maşını yolunu bizim küçədən salmışdı. On dəqiqə çəkdi, amma mənə on il kimi gəlirdi. Həkimlər ayağıma baxdılar. Hətta onlar da dırmığı çıxara bilməyəcəklərini başa düşmüşdülər. Aralarından biri dilləndi: "Bunu xəstəxanada həll etməliyik”. Dörd nəfər məni tibbi yardım maşınına mindirdi: sirena, işıqlar...

Yol boyu işgəncə çəkirdim. Liverpul yollarında nə qədər çala olduğunu da məhz onda anladım. Hər dəfə tibbi yardım maşını çuxura düşəndə sürücüyə qışqırırdım. Tərpənən kimi dırmıq sümüyümə batırdı. Ağırlığı barmağımı əymişdi. Hər dəfə göz yaşı... Yellənirdim. Həkimlərdən biri daha da dərinə getməməsi üçün dırmığı əli ilə bərk-bərk tutub saxladı. Ağrı qorxunc idi. Mən isə sürücüyə qışqırmağa davam edirdim. "Bu, onun səhvi deyil” – valideynlərim dilləndilər. Sadəcə, ağrının bitməsini istəyirdim.

Alder Heyə (uşaq hospitalı) çatan kimi məni "təcili şöbə"yə yerləşdirdilər. Hər kəs vəziyyətin pis olduğunu görür, həmçinin eşidirdi. Anam çox əsəbi idi, hisslərinə nəzarət edə bilmirdi. Mən? Hospitalda da qışqırırdım.

Ancaq ağrıkəsici iynə vurulduqdan sonra iniltim kəsildi. Şokda idim, gücdən düşmüşdüm, amma huşumu tam itirməmişdim. Həkimlərin danışdıqlarını eşidirdim: "Dırmıq paslıdı. Qanqren ola bilər. Qanqrenin yayılmasının qarşısını almaq üçün barmağını kəsməliyik”.

Atam müdaxilə etdi: "Gözləyin. Stiven futbol oynayır. Əməliyyatdan öncə "Liverpul”la danışmalısız. Onları olanlardan xəbərdar etmək lazımdı”.

Atam tez "Liverpul"un akademiyasının direktoru Stiv Hayveyə zəng etdi. Çox keçməmiş özünü yetirdi. Stivin güclü xarakteri var, gələr-gəlməz nəzarəti ələ aldı: "Yox, onun barmağını kəsməyəcəksiz”. Həkim isə israr edirdi: "Əməliyyat etməliyik. Qərar cərrahındı”.

Dediyindən dönməyən Stiv müzakirədən qalib ayrıldı. Tanrıya şükürlər olsun. Cərrah bütün ayağımı keyitdi və dırmığı çıxartdı. Dəlik böyük idi, 20 peni qədər, dərinliyi isə 1,5 inç olardı. Çətin olsa da, cərrah barmağımı, dolayısı ilə karyeramı xilas etmişdi.

Stiv çox şanslı olduğumu deyirdi. Həkimlər də həmfikir idilər: "Daha öncə belə bir şey görməmişdik”. Hətta hər situasiyada mənimlə məzələnən qardaşım Pol belə, narahat idi.

Hadisənin tək müsbət tərəfi var idi: 3 həftə məktəbə getmədim. Həkimlər israr etdikdən sonra mən kiməm ki? Ev tapşırıqlarını göndərirdilər, amma etmirdim. Başqa cür ola da bilməzdi. Zədəmin mənə yaratdığı fürsətlərdən yararlanmaqla məşğul idim.

Sanki xəstə idim. Ailəm o dərəcə qayğıma qalırdı. Taxtda uzanıb, sarğımı gözləyərkən "Liverpul”un videolarını izləyirdim. Fantastika! Bütün qəhrəmanlarım ekranda öz bacarıqlarını nümayiş etdirirlər: Con Barns, Kenni Dalqliş və İan Raş - mənim "dərmanlar"ım. Azından daha tez sağalacağıma dair zəmanət verirdilər. Hər gün tibb bacısı dəliyi antiseptiklərlə təmizləyir, pambıq topaları yerləşdirir, ətrafına ilgək qoyur, daha sonra isə topuğuma qədər olan hissəni sarırdı. Yara sağaldıqca pambıq topalarının da sayı azalırdı. Tezliklə qoltuqağacının köməkliyilə məktəbə gedəcəkdim. Ancaq evin önündə oynaya bilməzdim. "Liverpul”la məşqlərə davam etmək üçün Vernon Sanqsterə də gedə bilmirdim. Həyatımda ilk dəfə çox sevdiyim şeylərdən məhrum olmuşdum.

Bu qəza və bərpa müddəti futbolun mənim üçün nə dərəcə önəmli olduğunu bir daha xatırlatdı. Daha ciddi şəkildə futbola baxmağa başladım. Taxtda oturanda belə, topu başımla və ya ayağımla atıb tuturdum. İçimi rahatlatmaq üçün onu yanımdan ayırmırdım. Arada ağrı hiss edirdim, ancaq beş həftə sonra rahatlıqla topa zərbə vuracağımı bilirdim. Tanrıya şükür. Futbolsuz həyatım çox mənasız olardı. Topdan ayrı qalmağın səbəb olduğu o yalnızlıq hissini heç vaxt unutmayacam.
 
 

Stiven Cerrard tərəfindən qələmə alınıb.

Hazırladı: Rüfət Məcid

OXŞAR XƏBƏRLƏR