Futbolu neçəyə “satırlar”? – ARAŞDIRMA

Futbolu neçəyə “satırlar”? – ARAŞDIRMA

Bu yaxınlarda Azərbaycan futbolu tarixində ilk sayıla biləcək yeniliyə şahid olduq. AFFA və PFL-in birgə elan etdiyi tender ölkə Premyer Liqasının oyunlarının yayım hüququnun "CBC TV” kanalına 700 min manata satılmasıyla yekunlaşdı. Əldə olunan məbləğ isə elitada iştirak edən 10 klub arasında bərabər qaydadada bölündü. "İdman Azərbaycan” telekanalı başda olmaqla digərlərinin yayım hüququ uğrunda mübarizəyə maraq göstərməməsi, CBC-nin də AFFA kimi SOCAR tərəfindən maliyyələşdirilməsi məsələnin başqa tərəfidi. Eləcə də, CBC-nin öhdəsinə götürdüyü işi hansı səviyyəyədə bacaracağı da bu günkü araşdırmamızın mövzusu deyil. Az və ya çox, pis və ya yaxşı, fakt odu ki, ölkə çempionatı yeni bir məhrələyə qədəm qoydu, çağdaş dünya ilə ayaqlaşma yolunda kiçik də olsa addım atdıq. 

700 min manat kimlərəsə fantastik məbləğ görünür, başqa cür düşünənlər isə bütöv bir mövsüm üçün bu pulun xeyli kiçik olduğunu düşünür.

Sport7.az Avropa ölkələrinin, eləcə də qonşu Rusiya, Türkiyə və Qazaxıstan çempionatlarının teleyayım qiymətləri ilə bağlı araşdırma aparıb. Qarşılaşdığımız maraqlı məqamları sizinlə bölüşürük.

İngiltərə Premyer Liqası şübhəsiz ki, dünyanın ən həyəcanlı və baxımlı futbol birinciliyi sayılır. Təsadüfi deyil ki, teleyayımın qiymətlərinə görə də Premyer Liqa digərlərini üstələyir. İlk dəfə 1992-ci ildə rəsmi müqaviləylə yayım hüququnu satan ingilislər o zamandan bəri böyük inkişaf yolu keçiblər. 2013-cü ildə "Sky” "Sentanta” və "ESPN” şirkətləriylə bağlanan üç illik müqavilənin məbləği 4 milyard 240 milyon avroya bərabər idi. Hələ həmin vaxt bu rəqəm çoxlarını şoka salmışdı. Növbəti müqavilənin müzakirəsi zamanı "Sky” və "BT” birlikdə qiyməti daha da artırdılar. Artıq 2016-2017-ci il mövsümündən qüvvəyə minəcək yeni müqaviləyə görə Premyer Liqanın yayım hüququ 3 il müddətinə bu şirkətlərə satılıb. Məbləğə diqqət edin: 5,1 milyard pound. Bunu avroyla ifadə edəsi olsaq, təxminən 6,9 milyard civarında bir rəqəm alınar. 

İngilislərin qiyməti belə qaldırması almanların da iştahını artırıb. Təsadüfi deyil ki, bu ilin fevralında oynanılan "Bavariya” – "Hamburq” qarşılaşması zamanı tribunadakı azarkeşlər etiraz şüarları səsləndirərək "bura Almaniyadır, İngiltərə deyil!” pankartı qaldırmışdılar. Çünki telekanalların menecerləri və futbol federasiyasının başbilənləri yeni müqavilənin detallarını müzakirə edərkən ingilislərin təcrübəsindən bəhrələnməyə çalışırdılar. Bundesliqanın yayım hüququ 2013-cü ildən "Sky Deutschland”a 4 illik satılıb. Məbləğ də pis deyil – 2 milyard 500 milyon avro. Bu rəqəmi illərin sayına böləndə təxminən hər mövsümə 628 milyon avro düşür. Almaniya mətbuatı iddi edir ki, tərəflər arasında bağlanacaq yeni sözləşmədə mövsümlük ödənişin 965 milyona çatdırılması nəzərdə tutulur.

"Yuventus”, "Roma”, "Milan” kimi "top-klublar”ın mübarizə apardığı İtaliya A seriyasının da qiyməti yetərincə sanballıdır. "Sky İtalia” hər mövsüm üçün 820 milyon avrosundan keçməyə razı olub. Burda da müqavilə 3 il müddətinə imzalanıb.

Digər iştirakçıların "Real”la "Barselona”nın "kölgəsi”ndə qaldığı İspaniya çempionatının yayım hüququna sahiblənmək "Sogecable” və "Mediapro” şirkətlərinə ildə 655 milyon avroya başa gəlir. 
Ərəb milyonçularının maliyyələşdirdiyi "Əl Cəzirə” Fransanın "Liqa-1” yayım hüququnu 2017-ci ilə qədər özəlləşdirib. Bu şərəfə nail olmaq üçün ərəblər ildə 600 milyon avro olmaqla, ümumilikdə 2 milyard 400 milyon xərcə düşüblər.

Qardaş ölkə adlandırdığımz Türkiyə Super Liqasının da dəyəri yetərincə yüksəkdir. Uzun müddətdi ki, bu sahədə meydan sulayan "Digitürk” 2010-cu ildən bağlanan 5 illik müqaviləyə görə TFF-yə 2 milyard dollar ödəmək öhdəçiliyinə razı olmuşdu. Bu rəqəmi 5-ə böləndə Super Liqanın bir mövsümlük yayımının 400 milyon dollar olduğunu müəyyənləşdirə bilərik. Qeyd edək ki, hər iki tərəf qarşılıqlı əməkdaşlıqdan xeyli razıdırlar. Məhz bu səbəbdən müqavilənin müddəti eyni şərtlərlə daha iki illiyinə uzadılıb.

Şimal qonşumuz da ildən ilə qiyməti artırır. "NTV +” Rusiya Premyer Liqasının yayım hüququnun yeganə sahibi olmaqdan ötrü RFF-lə üç illik müqavilə bağlamışdı. Sonradan Putinin tələbiylə həmin müqaviləyə mühüm dəyişiklik edildi. Belə ki, hər turun azı bir qarşılaşması ödənişsiz kanal vasitəsiylə canlı yayınlanmalıdı. Müqavilənin maddi dəyəri isə illik 27,2 milyon avro dəyərində göstərilirdi. Ötən ay tərəflər arasında növbəti üç ili əhatə edən yeni razılıq əldə olundu. Bu dəfə məbləğ xeyli artıb: RFF-nin büdcəsinə 1,5 milyard rubl ödənəcək, yəni 240 milyon avro. 

Gördüyünüz kimi, futbolun teleyayımına görə kifayət qədər ciddi paralar xərclənir. Bu rəqəmlərin yanında CBC-nin AFFA-ya ödəyəcəyi 700 min manat elə də böyük deyil.

Amma bizə qibtə ilə baxanlar da var. Xəzərin o tayında yerləşən Qazaxıstanda klublar teleyayımdan bir qara qəpikdə qazana bilmirlər. Necə ki, indiyə qədər bizimkilər eyni durumdaydılar. Qazaxıstan Super Liqasının oyunlarını "İdman Azərbaycan”ın oxşarı "Kazsport” ekranlara daşıyır. Ucuz ətin şorbasının dadı olmadığından onlar da qarşılaşmaları ürəkləri istəyəndə canlı, istəməyəndə isə videoyazı şəklində futbolsevərlərə təqdim edirlər. 
Deməli, CBC-yə şükr etməyə dəyərmiş.

Sport7.az



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR