Futbolu qızlara görə oynamayan, hirsindən qaşıq çeynəyən

Futbolu qızlara görə oynamayan, hirsindən qaşıq çeynəyən "uşaq" və ya tarixin ən yaxşısı (?)

Messi üçün futbol hər şeydi. Ən xoşbəxt anlarını soruşsanız, hələ balaca olarkən keyfiyyətsiz meydançada 30 nəfərlə futbol oynamaqdan, driblinq edib, onları keçməkdən danışar. Messi deyir: "Futbol olmasa, görəsən, nə edərdim? Uşaq olarkən necə oynayırdımsa, indi də eləyəm. Meydana çıxıram və əylənirəm – bu qədər. Bacarsam, hər gün bir oyunda meydana çıxardım”.

O, meydanda və meydandan kənarda eyni insandı. Həmişə kameralardan və diqqətdən uzaq olmağa çalışır. Bilin ki, onunla bağlı gördüyünüz hər şey elə olduğu kimidi. Klub ona evindəki kimi – Rosario, Argentina – yaşamaq imkanı yaradıb; ailəsi yanındadı. "Barselona”dakı digər oyunçulardan fərqli olaraq, klub heç vaxt onu katalanca danışmağa sövq etmir və ya önəmli tədbirlər istisna, heç vaxt ondan klubu meydandan kənarda tez-tez təmsil etmək tələb olunmur. Jurnalistlərlə, demək olar ki, danışmır, zəng vuracağı meneceri belə yoxdu. O, həyatını xüsusi qayğı ilə idarə olunan PR kampaniyası kimi görmür. Hər şey sadəcə meydanda etdiklərindən ibarətdi.

Tokioda Klublararası dünya çempionatı keçirilirdi. Finalda "Barselona” və "Santos" qarşılaşacaqdı. Həmin gün Pep Quardiola dostlarından birinə "ulduz" və "professional" anlayışları arasındakı fərqi izah etməyə çalışarkən Neymar bənzətməsindən istifadə etmişdi: "Məsələn, Neymarı götürək. Braziliyalı final matçına özəl saç düzümü ilə çıxır, bahalı saat alıb və butsuna yaponca nəsə yazdırıb. İndi isə Messiyə bax – dünyanın ən yaxşı futbolçusu, bəlkə də gəlmiş-keçmiş ən yaxşı oyunçu... Amma sadəcə Messidi”.
 


Pep başqa bir açıqlamasında vurğulayır: "Messi jurnalların üz qabıqlarında, reklamlarda görünmək üçün və ya qızlara görə oynamır; qalib gəlmək, titul qazanmaq, yeni şəxsi uğurlar qazanmaq üçün bunu edir. O, rəqibə qarşı mübarizə aparır: Kriştiano Ronalduya, "Real”a, Mourinyoya qarşı. Nə olursa olsun, ona qarşı qaydanı pozurlar, ya yox, o həm də ən yaxşı olduğunu sübut etmək üçün özünə qarşı mübarizə aparır. Qalan şeylər isə onun üçün önəm kəsb etmir. Bizim öhdəmizə düşən şey isə topu ən uyğun şəraitdə ona ötürməkdi. Sonrası? Sadəcə oturmaq və onu izləmək".

Argentinalı ilə futbol haqqında danışkarən bir şeyi iki dəfə izah etməyə ehtiyac yoxdu, həmçinin Pepin tez-tez işlətdiyi hiyləyə - media vasitəsilə mesaj göndərmək - əl atmaq da lazımsızdı. O, Quardiolanın nə istədiyini yaxşı bilir və lazım olanı oyununa tətbiq edirdi. "Barça”nın zonada üstün olması üçün cinahları dəyişirdi, lazım olanda arxaya çəkilir, lazım olanda isə sürpriz etmək, birdən ortaya çıxmaq üçün yoxa çıxırdı. Pepin Argentina yığmasının baş məşqçisi Alexandro Sabelyaya dediyi kimi: "Onunla çox danışmağa ehtiyac yoxdu, sadəcə, onu qoru və dediklərinə qulaq as. Və onu mümkün qədər oyundan çıxarma, hətta alqışlatmaq üçün olsa belə...”

Müqavilə bağladığımız xarici ulduzlardan fərqli olaraq, o, "La Masiya"da - klubun içərisində böyüyüb. Ramon Besanın təsvir etdiyi kimi: "Şavi və İnyestanı müşayiət edərək, hər hansı musiqi əsərinin kənar parçası ola bilər. Bəzən finişi möhtəşəm solo ilə edənin də o olduğunu görə bilərsiz”.
 


O, adətən, ondan tələb olunanı edir. Göstərişli fəndlərini isə ancaq problemləri həll etmək üçün işə salır.

İşlər mürəkkəb vəziyyət alanda ilk addımı atan da həmişə o olur. Messiyə nəsə deyə bilmək üçün çox ağıllı olmalısan. Pep bəzən oyundan öncə oyunçuları ilə danışır: "Leonun öndə press edəcəyini bilməlisiz və həmçinin bilin ki, biz irəlidə təzyiq etməyə qərar verəndə o, məsuliyyəti üzərinə götürəcək”.

Dolayı yolla demək istəyir ki, Leo, bu, sənin işindi. "Suonsi”də baş məşqçi işləyərkən Brendan Rocersin dediyi kimi: "Leo Messi özlərini yaxşı futbolçu adlandıranların işini çox çətinləşdirib. Onun kimi biri əgər topsuz pressinq edirsə, əminəm ki, dostum Neytan Dayer də edə bilər. Onu inandırmaq üçün çox dil tökməyə ehtiyac yoxdu”.

Hücumda Messiyə azadlıq verilirdi, amma o, həmçinin müdafiədəki məsuliyyətinin də yaxşı fərqində idi. Diqqəti yayınsa belə, yarımmüdafiəçilər ona missiyasını xatırladırdılar. Çünki komanda işinin ən böyük uğuru vəzifələrin bölüşdürülməsidi. Argentinalı bilir ki, bir-iki müdafiə həmləsini qaçıra bilər, ancaq üçüncünü əsla... "Arsenal”la oyunlardan birində Şavi və İnyesta – onun qoruyucuları – bir anlıq yoxa çıxdığına, arxaya köməyə gəlmədiyinə görə, həmin gecə mərkəz hücumçusu kimi oynayan və iki dəfə fərqlənən İbrahimoviçin kölgəsində qalan Messini azarlamışdılar.

İlk gündən etibarən Quardiola komanda hazırlığının hər mərhələsinə - fiziki, tibbi, qida - nəzarət etmək üçün vahid yanaşma mənimsəmişdi. O, Messinin günlük qidasının əsasının mal ətindən təşkil olunduğunu və argentinalının heç vaxt balıq əti yemədiyini öyrəndikdən sonra, onun üçün kolanı, popkornu, pizzanı və Messinin favoriti - "conguitos"u qadağan edən xüsusi pəhriz proqramı hazırlatdırmışdı.
 


Messini başa düşmək, ona istədiyini vermək istəyi təkcə onun istedadı ilə əlaqədar deyildi; bu, həm də birbaşa onun davranışları ilə bağlı idi. Leo hər məşq sessiyasında həddindən artıq çox çalışırdı. Komanda yoldaşları da bunu görürdülər. "Mən Messiyəm, bunu mənim üçün etməlisiz” – dediyini görə bilməzdiz. Komandada "mən” deyə bir şeyin olmadığını başa düşürdü. Ona görə də, bəzən Quardiola onu hamıdan əvvəl tətilə göndərir, ya da hamıdan gec məşqlərə qayıtmasına icazə verirdi. Məntiq başadüşüləndi: o, digərlərindən çox çalışır, çox oynayır, çox qol vurur və çox matç qazandırırdı.

Quardiola Messinin hücumdakı ideal partnerini müəyyənlişdirərkən, bir sıra önəmli qərarlar vermişdi. Eyni zamanda, onun komanda ilə nə etmək istədiyinə dair bəzi şübhələri də var idi. "Barselona” bənzəri görülməmiş uğurlar əldə edirdi, ancaq Pep oyun kriteriyalarını ildən-ilə dəyişirdi və o, Eto və İbrahimoviçin düzgün addım olmadığını anladıqdan sonra növbəti dəfə doğru yolu tapmalı idi.

Əvvəl Pep Eto kimi bir "punta” ilə - cəld, tez düşünüb, tez qərar verən və daim müdafiə arxasına açılan hücumçu - oynamaq niyyətində idi. Daha sonra o, başa düşdü ki, qısa yarımmüdafiəçilər və Eto ilə oynamaq hava toplarının müdafiəsində problemlər yaradır. İbrahimoviçin - dərinə uzun top oynanılmasına imkan yaradan, ikinci xəttdən irəli çıxan forvard - gəlişi ilə başqa imkanlar təklif edən digər bir sistemə keçid başlandı. Ancaq yeni ideya bir mövsümün ardından iflasa uğradı və üçüncü bir istiqamət tapıldı. Bəlkə də, elə birinciyə qayıtdılar. O, forvardın işlətdiyi müəyyən boşluğu azad buraxmaq qərarına gəldi: heç kim dəyişməz "doqquz nömrə" olmayacaqdı. Messi nə vaxt uyğun hesab etsə, o vaxt orada peyda ola bilərdi.

"Saxta hücumçu” rolu daha öncə rast gəlinməmiş bir şey deyildi. Alfredo Relanyonun AS qəzetində yazdığı kimi, siyahıda Sinkleyrin "Möcüzəvi komanda"sı, Laudrupun "Barça”sı, Pederneranın "River Pleyt”i, Hideqkutinin Macarıstanı, Di Stefanonun "Real”ı, Tostaolu Braziliya və Krayflı "Ayaks” da var idi.

İrəlidəki dəyişikliklər şübhələri bərabərində gətirmişdi, ancaq heyətin keyfiyyəti və əlavə olaraq, təməlində topa sahib olmaq və mövqe oyunu duran tərz komandanın hücum futbolu haqqında müzakirələrin aparılmağa başladığı bir dönəmdə titullar qazanmasına imkan yaratdı. İbranın gedişi, David Vilyanın gəlişi ilə formul yenidən kəşf edilmişdi. Messi "saxta 9", Vilya sol vinqer kimi oynayırdı. Nəticələr və uğurlar özünü çox gözlətmədi: Leo "Qızıl top"u və "Qızıl buts" mükafatlarını qazandı. O, artıq özünü bənzəri olmayan "qol maşını", unikal ötürmə verən və lazım gələndə müdafiəni yaran futbolçu kimi təsdiqləmişdi. Təsadüfi deyil ki, Quardiolanın rəhbərliyi altında çıxdığı son səkkiz finalın altısında fərqlənmişdi.
 


Pep onun prosesdəki rolunu belə izah edir: "Messidən yoxdu. Ümid edirik ki, canı sıxılmır. Özünü rahat hiss etməsi, əhvalının pozulmaması üçün klub onun üçün oyunçular transfer edir. Əgər o, yaxşı oynamırsa, bunun bir səbəbi ola bilər: ətrafında nəsə yanlış bir şey baş verir. Klub onun ətrafını düzgün transferlərlə doldura biləcək qədər ağıllıdı". Xose Manuel Pintonun - Messinin paltardəyişmə otağındakı ən yaxşı dostu - "Barselona”ya transferinin əsas səbəbi də elə budu.

Əgər tarixin ən güclü komandalarını müqayisə etsələr, "Barselona” liderlər siyahısında olar. Komanda təkcə baxımlı futbol oynamırdı, həm də bir o qədər rəqabətcil idi. Oyunçular despot deyildilər; onlar həmişə qələbəyə acıydılar. Pepin dediyi kimi, onları idarə etmək asandı, çünki rəftarları hər şeyin özəyidi. Onların arasında ən yaxşı şəkildə ruhu xarakterizə edən isə Messi idi. Bəli, uduzduqdan sonra ağlayan futbol ikonu.
 


"Barselona” 2010-cu ildə Kral kubokunun 1/16 finalında mübarizəni dayandırdıqdan sonra Sevilyada Messini ağladan tək bir səbəb var idi: o, uğurlardan hələ də doymamışdı. Sözügedən titul önəminə görə komanda üçün üçüncü prioritet idi və Pep komandadakı ilk iki ili ərzində ilk dəfə idi ki, hansısa kuboku qazana bilmirdi. Messi həmin gecə möhtəşəm oynamışdı, hətta het-trik də edə bilərdi - təbii, əgər Palopun qapı önündəki sensasional performansı olmasaydı...

Final fitindən sonra argentinalı emosiyalarına hakim ola bilmədi. Yerə çöküb – gözlərdən uzaq – balaca oğlan uşağı kimi ağlamağa başladı – eynən klubdakı ilk aylarında özünü tək və balaca hiss edəndə, o cümlədən vurulan böyümə hormonlarının yan təsirlərinin səbəb olduğu artan ağrılara dözmədiyi üçün ağladığı kimi...

Quardiola o zaman anlamışdı ki, argentinalının həyatda futbol oynamaq qədər zövq aldığı heç nə yoxdur (hərçənd günorta yuxusunu müqayisə edə bilərik). Messi ilə bəzi məsələləri müzakirə etmək üçün ayrılıqda yemək yeməyə ehtiyac yox idi. Onların münasibətləri meydan, matçlar və məşq sessiyaları üzərində qurulmuşdu. Jestlər və hərdən isə susmaqla ünsiyyət qururdular. Qucaqlaşmalar, qısa danışıqlar, bəzən sadəcə, "Hər şey yaxşıdı?”, bəzən isə baş barmaq işarətləri və gülümsəmə...

Ancaq dünyanın ən yaxşı futbolçusunun özünü pis hiss etdiyi anlar da olurdu. Pep Leonun 100 faizini meydanda qoymadığını görəndə, oyundan sonra sadəcə onun gözlərinin içinə yaxşıca baxırdı və bu, kifayət edirdi. Oyunçunun diqqəti yayınıbsa, Pep onu geri gətirməyə fokuslanırdı.

Həmin məyusedici oyunlar əsəbi Messini ortaya çıxarırdı - gülməyən, susqun, heç kimlə danışmayan və sadəcə yerə baxan Messini. Mələk kimi görünüşün, günahsız olmasının altında həmçinin bir yırtıcı yatırdı: ambisiyaların, rekord qıran uğurların arxasında bir uşaq gizlənmişdi. Və o uşaq tez-tez hisslərini gizlədə bilmirdi.

Bir dəfə Messi ağzında çay qaşığı ilə məşq meydançasına gəlmişdi və sessiyanın böyük bir hissəsini də o vəziyyətdə keçirdi. Normalda məşqdən əvvəl ya kofe, ya da "yerba mate" (Argentinaya məxsus bitki mənşəli çay) içir. Meydançaya çatana kimi qaşığı ağzında oynatmağı sevir, məşq başlayan kimi isə onu bir kənara atır. Həmin gün isə istisna idi: "işlətdi”də isinərkən qaşığı çeynəyirdi. Səbəbi məşqdən bir gün öncəki matçda əvəzlənməsi idi. Ona istirahət veriləndə, ya da əvəzlənəndə günlərlə məşqçini dindirmədiyi olurdu.

İbra klubdakı ilk aylarındakı oyununa görə təriflər eşidəndə, Messi Pepə yaxınlaşıb, ondan ya "doqquz nömrə” kimi oynadılmasını, ya da ümumiyyətlə, meydana buraxılmamasını istəmişdi. Pep: "Bəs İbrahimoviçi necə edim?” Messi fikrindən dönmək niyyətində deyildi: "Ya orada oynayacam, ya da heç oynamayacam”.
 


2010-11 mövsümünün sonunda "Barselona” "Kamp Nou”da "Deportivo” ilə qolsuz heç-heçəyə razılaşdı. Ancaq çempionluq artıq qazanılmışdı. Oyundan sonra şənliklər başladı. Messi həmin gün əvəzedicilər siyahısında olsa da, meydana çıxmamışdı. Qarşıda "Mançester Yunayted”lə oynanılacaq Çempionlar Liqası finalı var idi. Argentinalı özünü şənliklərdən uzaq tutmaq istəyirdi, halbuki titula ən layiq oyunçu, bəlkə də, özü idi. Ronaldunun "Vilyarreal”a iki qol vurması nəticəsində "Piçiçi” mükafatını qazanmaq şansının olmadığını anladığı üçün məyus idi, evə getmək istəyirdi. Xuanyo Brau – komandanın fizioterapevti – onu güclə yanımıza gətirdi. Ancaq komanda fotosu onsuz çəkilmişdi. Məcburiyyətdən geri qayıtdıqdan sonra bir də şəkil çəkdirdik.

Pepin sonuncu ilində "Sosyedad”la oynanılan matçın son otuz dəqiqəsində meydana çıxan Messi ən pis performansını göstərmişdi. Bunun davamı olaraq növbəti gün məşqə gəlmədi. Leo əsas heyətdə meydana çıxmadığı üçün hirsini üstündən ata bilmirdi. Ancaq sentyabrın əvvəlində ikili arasında baş tutan görüşdən sonra hər şey yoluna düşdü. Həmin gündən etibarən Messi mövsümün hər dəqiqəsində meydanda oldu. Onu futboldan uzaq tutanda bütün həyat motivasiyasını itirir. Elə bil ki, onu yeməksiz və yuxusuz qoymusuz.

Quardiola Messidən canavar yaratmışdımı? Məşqçinin sonuncu ilində argentinalı artıq komandada açıq-aşkar söz sahibinə çevrilmişdi. Bəzən bu, yersiz hal alırdı. Kuenka və Telyo kimi gənclər ona ötürmə verməyəndə əsəbləşirdi. Hətta David Vilyanı belə, ötürmə vermək imkanı ola-ola qapıya zərbə vurduğunu görəndə bağışlamırdı.

"Messi hər oyunun tələbinə uyğun qərarlar qəbul etməyi öyrənmişdi”, - deyə Sesar Luis Menotti vurğulayır. Haqlıdı, amma onun təsir gücü artıq meydanı da aşmışdı. Klub Neymarı transfer etmək istəyəndə Messi və ətrafının fikrini öyrənirdi. Messi gənc ulduzu Dani Alvesin sayəsində tanımışdı. Onlar tez-tez birlikdə "PlayStation” oynayırdılar. Sonda klub istədiyi cavabı aldı: "Onunla müqavilə imzalayın”.

Pep Messiyə həddindən çox səlahiyyət verdiyini düşünürdümü? O, "heç kimi incitməmək” adına klubdan ayrılmaq barədə danışanda, əksəriyyət bunu Messi və digər oyunçular arasındakı seçim məsələsi ilə əlaqələndirirdi. Pep üçün qalmaq həqiqətənmi gücün kimdə olduğunu sorğulamaq anlamına gəlirdi?

Belə bir arqument irəli sürülə bilər ki, Pep "Barselona”da məşqçilik karyerasına komanda oyununu inkişaf etdirərək başlamışdı, ancaq sonuncu mövsümündə individual keyfiyyətlərə daha çox önəm verdi. Bu, bütün məşqçilərin etdiyi bir şeydi, çünki futbolçular oyunun taleyini həll edən şəxslərdi. Burada isə söhbət Messi kimi bir individualdan gedirdi.
 


Üstün bacarıqlara sahib oyunçu ilə komanda etikası arasında balans yaratmaq çox çətindi və Pep bunu məşqçi kimi karyerasının böyük bir hissəsində bacara bilib. Ancaq Pep üçün Messinin xüsusi biri olduğunu açıq şəkildə və tez-tez demək zəruriydimi? Quardiolanın klubdan ayrılmasına gətirib çıxaran şeyin başlanğıcı bu – yaradılan qeyri-balansın fərqində olmaq – idi? Məşqçi balansı yaradan adamdı və əgər o, avtoriteti oyunçuya verirsə, futbolun yazılmayan qanunlarına görə, yüklər yenidən tərəziyə qoyulmalıdı...

Mətn Pep Quardiolanın bioqrafiyasından götürülüb.

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR