Futbolumuzda daha bir saxtakarlıq faktı: onun neçə yaşı var?

Futbolumuzda daha bir saxtakarlıq faktı: onun neçə yaşı var?

Futbolçu karyerası elə də parlaq olmayan Şəhriyar Rəhimovun təvəllüdü qeyri-müəyyəndi. Sport7.az futbolinfo.az saytına istinadən xəbər verir ki, onun doğum tarixini müəyyən etmək həqiqətən də çətin məsələdi. Bunun üçün gərək ya yunan alimlərinə, ya da münəccimlərə müraciət edəsən.

Futbolçu karyerasına "İnter”də başlayan yarımmüdafiəçi indi çıxışını AZAL-da davam etdirir. 2007-ci ildə peşəkar futbolçu karyerasına başlayan Şəhriyar 2010-cu ilə qədər "bankirlər”in heyətində çıxış edib. O, daha indi izi-tozu qalmayan "Karvan"a icarəyə verilib. Yevlax təmsilçisində uğurlu çıxış edə bilməyən Rəhimov yenidən "İnter"ə qayıdıb.

İki mövsüm ərzində cəmi 19 oyuna çıxan yarımmüdafiəçi AZAL-a, burada da uğurlu çıxış etmədiyi üçün daha sonra "Rəvan"a icarəyə verilib. Bir mövsüm "sarı-qırmızılar"da çıxış edən futbolçu növbəti ildə Şüvəlan təmsilçisi ilə müqavilə imzalayıb. Bir il də burada top qovan Rəhimov yenidən "Rəvan"a qayıdıb. Bu iki komanda arasında get-gəl edən Şəhriyar nəhayət, fikrini qətiləşdirərək son olaraq AZAL-da oynamaq istədiyinə əmin olub.

İndi marağımıza səbəb olan məsələ tamam fərqlidi. İş burasındadı ki, 2008/2009-cü il mövsümündə "İnter"in Peşəkar Futbol Liqasına təqdim etdiyi sifariş ərizəsində Şəhriyar Rəhimov 1988-ci il təvəllüdlü futbolçu kimi göstərilib. Maraqlıdı ki, 2012/2013 mövsümündə futbolçu "Rəvan"da çıxış etdiyi vaxtda 1986-cı il doğumlu olub. İndi isə Rəhimov AZAL-da 1989 təvəllüdü ilə oynayır. Biz indi hardan bilək ki, Şəhriyar Rəhimov 25, 26, yoxsa 28 yaşlı futbolçudu?

Görəsən, futbolçu, karyerası ərzində bircə dəfə də olsun öz təvəllüdü ilə maraqlanıbmı? Belə çıxır ki, Rəhimov "İnter", "Rəvan" və AZAL klubları arasında o qədər normativə qaçıb ki, öz hesabını itirib. Ya da həqiqətən də ortada nəsə "lipa” məsələsi var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR