Futbolumuzun Baş katibi, yoxsa

Futbolumuzun Baş katibi, yoxsa "Baş günahkarı"? - Elxan Məmmədov



2 manat... Kimin üçün kontur, kimin üçün yemək, kimin üçün isə yol puludur... Bir anlıq isə il ərzində 2 milyon dollar qazanc düşünün və bunun 7 il davam etdiyini təsəvvür edin. Düşünün ki, əli quru, ayağı quru, oturmusunuz, Almaniyanın, bəzən də Bakının göbəyində, konkret olaraq, heç bir iş görmədən ildə 2 milyon qazanırsınız...

Və bunu 67 yaşınız olanda edirsiniz... Bundan gözəl nəsə ola bilər? Mərdi-mazarı axtarmaqla deyil, vallah, özü gəlib tapır səni... Lazım idi ilin-günün bu vaxtında Xorvatiya ilə oyun, 0:6 hesablı məğlubiyyət, böyük ictimai qınaq? Lazım idi bütün bunlar? Kişi pulunu qazanırdı, neft iyi onun burnundan keçib, ağ ciyərlərinə elə dolmuşdu ki, hətta buradan gedəndə "Azərbaycan mənim ikinci vətənimdir" dedi...

.... Herr Berti neftin iyini ilk dəfə baş katib Elxan Məmmədovun vasitəsi ilə 2008-ci ildə ciyərlərinə çəkmişdi... Sözsüz, Şotlandiya və Nigeriya kimi ölkələrdən qovulmuş, öz ölkəsində faktiki olaraq, heç kimə lazım olmayan bir şəxs üçün Şərqdən gələn fantastik təklifdən üstün nə ola bilərdi ki? Azərbaycandan gələn zəng Foqtsa çox şeyi unutdurdu: Hətta ikinci dünya müharibəsində məhv etdiyimiz babalarını belə... Vaxtilə Almaniyanın, Foqtsun babalarının məhvinə səbəb olan neftimiz indi Foqts üçün nicat yolu idi...

Nə isə, son uğurunu ulduzlar toplusu Almaniya ilə qazanmış Foqts uzun çək-çevirdən sonra milli komandamıza gətirildi. Bəziləri ona Azərbaycan futbolunun xilaskarı olacaq şəxs kimi baxsa da, vaxt dəyirmanı göstərirdi ki, boğazımıza qızıl ilan dolan(dırılıb)ıb. İlk vaxtlar elə düşünürdü ki, Azərbaycanda heç kim futbolu bilmir. Amma bir müddət sonra uğur qazanan yerli məşqçilərimiz Foqtsa sübut etdilər ki, ölkəmizdə futbol ənənəsi olub, var, olacaq da...

Yerli məşqçilərin uğurlarına sevinmək əvəzinə, hər fürsətdə onları qınayan Foqts "fiziki hazırlıqları zəifdir” cümləsini Azərbaycanda aldığı son nəfəsinə qədər işlətdi. "Fiziki hazırlığı qaydasında olmayan futbolçu necə Avropa Liqasında oynaya bilər" sualına isə biz Foqtsun dilindən cavab ala bilmədik ki, bilmədik...

Foqtsun Azərbaycana gəlişi millidəki atmosferi, millinin infrastrukturunu xeyli dəyişdirdi. Vaxtilə yerli məşqçilərimizə heç bir şərait yaratmayanlar Foqtsu yağ içində böyrək kimi saxladı. Qa dedi dən verdi, qu dedi su verdi. Ölkə xaricində təlim-məşq toplanışları, çarter reysləri, vəd olunan mükafatlar, lüks otellər, super meydançalar... Bütün bunlar Foqtslu milli üçün adi şeylər idi... Bəs nəticə, hanı nəticə?

Absurda xərclənən milyonlar...

Bizdə olan məlumata görə, milli komanda üçün ildə 9 milyon manat xərclənir. Bura Foqtsun, digər məşqçilərin, Almaniyadan gətirdiyi adam-nəfərinin maaşı daxil deyil. Bütün bunları toplayanda ildə 12-13 milyon edirdi. İnsan ağlına yerləşdirə bilmir, vallah, mümkün olan məsələ deyil. Heç bir oyunu, heç bir nəticəsi, heç bir məşqçi işi olmayan, görünməyən, görünmək ehtimalı belə az olan bir milli komanda üçün ildə necə bu qədər pul xərcləmək olar? Absurddur, tamamilə absurddur...

Bütün bunlara rəğmən yaxın gələcəkdə, Azərbaycanda güclü komanda olmayacaq. Bilirsiniz, niyə? Çünki Elxan Məmmədov sistemli şəkildə çalışmır. O, evin bünövrəsini qoymadan qapı-pəncərəni "zakaz” verir, ikiqat bahasına Almaniyadan... Vaxtı keçmiş, adları heç yerdə olmayan almanlara xərclədiyin pulun yarısını bölgələrimizə ayırmaq lazımdır. Tovuzda, Gəncədə, Mingəçevirdə yüksək səviyyəli futbol akademiyaları fəaliyyət göstərməlidir, istedadlar üzə çıxarılmalıdır və iş zəncirvari həyata keçirilməlidir. Bizdə isə çox təəssüf ki, baş katib bugünlə yaşayır. Bir gün Gəncəyə gedib, Mehman Allahverdiyevin evində oturub, İsgəndər Cavadovla çay içməyini AFFA-nın rəsmi saytında yerləşdirib: "Gəncə futbolu hər zaman diqqət mərkəzindədir” sərlövhəli yazı dərc edib, insanların gözünə kül üfürmək inkişaf deyil, elə gözə kül üfürməkdir.

70 min futbolçumuz var... 11 futbolçu tapa bilmirik?

... Yazırlar, o da hər tədbirdə deyir və atəşfəşanlıqla qeyd edir ki, Azərbaycanda futbol oynayanların sayı 70 min nəfəri keçib. Çox gözəl, çox pakizə... Amma eyni zamanda çox ürəkağrıdıcı bir mənzərə var. Azərbaycanda 70 min nəfərin futbolla məşğul olduğu halda, hər bir milli komandamızda legioner çıxış edir. Necə olur bu? Ümumiyyətlə, milli komandada legioner futbolçunun nə işi var?

Əgər bizim ölkəmizdə 70 min nəfər futbolçu varsa və bizim legionerə ehtiyacımız yaranırsa, deməli burada futbol yox, digər ehtiyaclar ön planda olur. Futbolun idarə olunduğu qurum üçün futbol yox, digər ehtiyaclar ön planda olanda isə məhz əsas millimizdə də legionerlərə ehtiyac olur.

Süni örtük bznesi

Biz bunun bəhrəsini görürükmü? Əslində gözə görünən nəsnələr var, inkişafdan başqa... Bilirsiniz ki, Azərbaycanda futbola dövlət səviyyəsində qayğı mövcuddur və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən futbolun inkişafına dair dövlət proqramı imzalanıb. 2015-ci ildə başa çatacaq proqramın kuliminasiya nöqtəsində isə "Neftçi” və "Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində çıxışı dayanır ki, bunun da baş katiblə heç bir əlaqəsi yoxdur. Deyə bilərsiniz ki, bəs bu qədər infrastruktur, stadionlar?

Stadionlar? Yoxsa zədə və digər xəstəliklərə yol açan "qoxulu” süni qazonlar? Bütün dünyanın süni qazonlardan imtina etdiyi bir vaxtda Azərbaycanda stadionların süniləşdirilməsinin mənası nədir? Ümumiyyətlə, bu işdə məna axtarmaq qədər mənasız iş yoxdur. Yox, mənası odur ki, bu, Elxan Məmmədovun şəxsi biznesidir. Sadəcə, onu deyək ki, 9 iqlim qurşağının olduğu subtropik, mülayim qurşaqda yerləşən bir ölkədə "ot saxlaya” bilmirik demək, "ot saxlamaq istəmirik” kimi başa düşülməlidir. Başqa bir cümlə də işlətmək olar: "Süni otu bir dəfə gətirib yerləşdiririk, illərlə istifadə edirik, ayrılan pulları da sovururuq havaya”.

Bəlkə də havaya sovurulmur...

1 xala 50 min manat... və 1 manat tapa bilməyənlər

Hə, yadımdan çıxmamış qeyd edim ki, bizdə futbol təsərrüfatında çox böyük bir uçurum var. Milli komandamızın oyunçuları qələbəyə görə fantastik mükafat aldığı, səfərlərə çarter reysi ilə uçduğu bir vaxtda istedadlı yeniyetmələrimiz məşq etməyə top tapmırlar, yan xəttləri olmayan, mərkəz xətti və qapının önündə bir ot tapana mükafatın verildiyi meydançada məşq edirlər. Bəli, Azərbaycan futbolunda uçurum bu qədər böyükdür. Özlərinə sərf edən qurum üçün milyonlar ayıran Məmmədov, əslində, vəsaitə ehtiyacı olan gələcəyin səfil gündə yaşamasına, şəraitsizliyinə göz yumur. Özlərinin gətirdiyi hər hansı bir adama 5 min manat, maşın, 3 otaqlı mənzil ayıranlar, ömrünü-gününü Azərbaycan futboluna həsr etmiş bir şəxsə "400 manatla da keçinər” deyirlər. Bəli, hər 10 adamdan 8-nin bir-birini tanıdığı bir ölkənin futbolunda bu qədər qeyri-müəyyənliyin olması əslində uçurumdur. Bunu dərk etmək lazımdır.

İnkişaf istəyiriksə, 1 xala görə 50 min manat mükafat ayrılmamalıdır, həmin əlliminlər məşqə gedib-gəlməyə 1 manat tapa bilməyənlər üçün ayrılmalıdır. Bəlkə də ayrılır, amma kağız üzərində. Əgər nəzərdə tutulan pul həqiqətən də uşaqlar üçün ayrılsaydı, o zaman onlar paltarlarını oturacaqlarda dəyişməzdilər, o zaman onlar məşqə avtobusla gələrdilər, o zaman onlar evdən yemək gətirməzdilər, o zaman onlar "Ronaldo”, "Messi” forması ilə məşqlərə çıxmazdılar...

7 il ərzində 1 pillə

Yaxşı, AFFA, qurumun əsas idarəedicisi Elxan Məmmədov düzgün yoldadırsa, biz səhv ediriksə, niyə onun çalışdığı illərdə millimiz FİFA reytinqində ili ortalama götürsək, 110-120-ci yerlərdə bitirib. Məlumat üçün deyək ki, Elxan Məmmədov federasiyaya baş katib təyin olunduğu il (2007) millimiz FİFA reytinqində ən yaxşı halda, 103-cü, ən pis halda isə 127-ci olub. Hazırda FİFA reytinqində 126-cı yerdə olan milli komandamız kobud dildə desək, elmə məlum olmayan ölkələri qabaqlayır, Elxan müəllim. Yaxşı nəticədir, Məmmədovun təyinatından 7 il keçib və milli komandamız bu 7 il ərzində 1 pillə irəliləyib, "möhtəşəmdir”, "fantastikdir”, "əla” nəticədir. Bütün bunların fonunda çıxıb pafoslu danışmaq isə sadəcə mənasızdır, Elxan müəllim!

Bu arada, ağızlarından çıxarmışdılar ki, biz AVRO-2016-da oynayacağıq. Nə oldu bəs? Yoxsa, Avropa çempionatına yol məhz startdakı dörd məğlubiyyətdən keçir? Yoxsa, sizin təfəkkürünüzdə futbol məhz belə idarə olunur, inkişaf məhz buna deyilir? Əgər siz dünya çempionatının qrup oyunlarının Azərbaycanda keçirilməsinə qərar verilməsini öz adınıza yazırsınızsa, burada dayanın! Çünki burada sizin heç bir əməyiniz yoxdur. Bütün bunlar ölkəmizdə idmana göstərilən dövlət qayğısının hesabına mümkün olub. Sizi isə ancaq və ancaq Xorvatiya ilə oyunda biabırçı hesabla uduzan milli komandanın əsas idarəedicisi kimi tanıyırlar.

Digər bir sual... milli komandanın oyunları zamanı niyə tutumu 10 minə çatmayan "Baksell Arena” dolmur? Bu cümləni yazanda Məmmədovun illər öncəki brifinqini xatırlamaq lazımdır:

- Jurlanist: Elxan müəllim, niyə oyunun sonlarına yaxın tribunalar boşaldı? Bunu millinin bərbad oyunu ilə əlaqələndirmək olar?

- Baş katib: Yox, deməzdim ki, belədir. Yəqin, vacib iş çıxıb.

Yaxşı, bunun birinin işi çıxdı, digəri toya getməli idi, digəri evə tələsirdi, aha... Sonra? Bəs dördüncü? Belə absurd cavablar o qədər olub ki...


Bizə legioner baş katib lazımdır


Elxan Məmmədov öz ayranına heç vaxt turş deməyib... Amma insanlar bilir ki, bu ayran turşdur, yoxsa şirin.. Xalqın gözü tərəzidir... Milli dəyərlərin cəmləşdiyi himndən saxta şou düzəldən adam, başqa suallara ehtiyac var?

Niyə 70 min futbolçusu olmasına rəğmən, oradan-buradan top dalınca qaçanları tutub gətirən baş katib və onun himayəsində olanlar aşağı yaş qrupları üzrə milli komandalarımızın heç də güclü olmayan hər hansı bir ölkədən xal almasını bayrama çevirirlər? Bu bayramlar çox nadir hallarda olur. Çünki biz bəzən xal belə ala bilmirik. Aşağı yaş qrupları üzrə mövcud olan bütün millilərimizə də (U-15, U-17, U-19, U-21,) Elxan Məmmədova sərf edən, şəxsi biznesinin inkişafında köməyi dəyən şəxslər rəhbərlik edir.

Aşağı yaş qrupları üzrə komandaların ölkə çempionatı aşağı səviyyədə keçirilir Bu çempionata da Elxan Məmmədov və onun kimi top çiləməyi bilməyənlər nəzarət edir. Nəyə lazımdır bu qədər acizlik? Bəli, 2007-ci ildən federasiyanın əsas idarəedicisi olan, bu müddət ərzində heç bir ciddi inkişafa nail olmayan, ayrılan çox böyük büdcənin qarşılığında millilərimizi layiq olduğu yerə daşıya bilməyən, millimizə himn zamanı saqqız çeynəyən legionerlər gətirən və ən nəhayət FİFA reytinqində 126-cı yer tutan millidə inkişafın getdiyini deyən bir şəxs acizdir...

Bizə legioner baş məşçi yox, legioner baş katib lazımdır.

Elkin Xəlilov
Qaynar.info

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR