Futbolun inkişafına dair AFFA proqramı

Futbolun inkişafına dair AFFA proqramı
Təkrarçılıq edəcəm, üzürlü sayın. 2015-ci ilin mayında Azərbaycan kubokunun finalına AFFA rəhbərliyindən heç kim gəlməmişdi. Qurumun prezidentinin futbola laqeydliyi haqda çox deyilib, çox yazılıb. Amma səsi Avropanın cürbəcür ölkələrindən gələn baş katibin bilavasitə borcu idi ki, özünə əziyyət verib, ölkə kubokunun finalında stadionda olsun. Dedilər ki, cənab Məmmədov gecəsini gündüzə qatıb, futbolun inkişafına dair yeni dövlət proqramı yazır. Həmin proqramın aqibətindən sonralar xəbər tutmadıq. "Hər işdə bir xeyir var” məsələni boşuna deməyiblər. Belə çıxır ki, AFFA hazırladığı yeni proqramda prioriteti müəyyənləşdiribmiş: dövlətdən futbola ayrılan pullar bütünlüklə əməkdaşların xarici səfərlərinə, bayram karnavallarına, ordan-burdan tapılan futbolçuların "milliləşdirilməsinə” və şəxsi məqsədlər üçün həyata keçirilən digər layihələrə sərf olunmalıdı, qalan xərclər isə klublara kəsilən cərimələrlə kompensasiya edilməlidi. AFFA-nın hazırkı fəaliyyətini, idarəetmə sistemini, müstəqil klublara olan münasibətini müşahidə edəndən sonra başqa cür qənaətə gəlmək olmur. 

Tale Heydərov səxavətlidi, futbolu sevir, "Qəbələ”nin çempion olmasında, bölgədə infrastrukturun inkişafında, ölkənin dörd bir yanından istedadlı uşaqların akademiyaya seçilib, orda püxtələşməsində maraqlıdı. Amma bütün bunlar o demək deyil ki, nazir oğlunun komandasının başına hər oyunu açmaq, klubun əməkdaşlarına uzunmüddətli cəzalar verib, 38 min 400 manat cərimə kəsmək də olar. Səslərini çıxarmayacaqlar, AFFA-nın sözünün qabağında söz deyən tapılmayacaq. Mən hakimlərə qarşı aqressivliyə, meydandan verilən qərarlara görə ordan kənarda onları cəzalandırmaq, söymək, təhqir etmək cəhdlərinə haqq qazandırmıram. Yazılarımı daim izləyən oxucular da bundan xəbərdardı. Söhbət "Qəbələ”nin rəsmilərindən gedirsə, azdan-çoxdan hamısını tanıyırıq. Bilirik ki, aralarında ölkə xaricində yüksək ali təhsil alanı da var, illərlə idman mətbuatında çalışmış, bu sahədə imzasını tanıtdırmışlar da. Həmin əməkdaşlar da bu cür davranmağa məcbur qalıblarsa, deməli, əvvəlcə onların dərdlərini dinləmək lazımdı.

"Qarabağ”la "Qəbələ” son bir-neçə ildə Azərbaycan futbolunun inkişafı üçün yetərincə ciddi işlər görüblər. AFFA kimi bərli-bəzəkli, neftən gələn pulların dağıdılmasına yönəlik layihələrlə yox, əməldə. Futbolumuzun Avropada sayılmasına, hörmət qazanmasına bu iki klubun qrup mərhələsinə yüksəlməsi sayəsində nail olmuşuq. Ardıcıl iki il birinci təsnifat mərhələsindən mübarizəyə başlayan, qrup mərhələsinə qədər getməyi bacaran yeganə klub da "Qəbələ”di. Bir anlığa 8 komandalı Azərbaycan premyer-liqasını "Qəbələ”siz təsəvvür edin. "Qarabağ”ın yarışmağa, güclənməyə, legionerlərə pul xərcləməyə həvəsi qalardımı? Bu sualın birmənalı cavabı var – YOX. Bütün bu sadaladıqlarım heç də əziyyətsiz, xərcsiz başa gəlməyib. Söhbət təkcə Heydərovun səxavətindən, futbola böyük pullar ayırmasından da getmir. "İnter” ardıcıl neçə il Beynəlxalq Bankın pullarını havaya sovurdu. Qitə səhnəsində nə qazandıq? Klubun heç düz-əməlli akademiyası belə yaradılmadı. "Bakı”yla "Xəzər Lənkəran” yaxşı vaxtlarında heç də az pul xərcləmirdilər. Amma ortada fəxr ediləsi hansısa nəticə olmadı. Hər ikisi avrokubokların təsnifat mərhələsində ələnib, üstümüzə əli ətəyindən uzun qayıdırdı. Deməli, "Qəbələ”nin uğurları məhz klubda çalışan peşəkar və vicdanlı əməkdaşların zəhməti sayəsində qazanılıb. Onlar da robot deyil. Hansısa məqamda aqressivliyə, özlərinə yaraşmayan davranışa belə yol vermiş ola bilərlər. İnkar etmirəm. Bu davranışların səbəblərini heç araşdırdılarmı? Gərginliyin son həddə çatdığı çoxdan hiss olunduğu vaxtda AFFA-da klublarla hər hansı bir görüş keçirildimi? Elxan Məmmədov böyük hay-küylə Klublar Komitəsi yaratmışdı. Özü sonuncu dəfə nə vaxt bu komitənin iclasında iştirak edib, klubların dərdini dinləyib? Mənim yadıma gəlmir. Halbuki hələ ikinci dövrədəki "Qarabağ” – "Qəbələ” qarşılaşmasından sonra bütün klubların rəhbərlərinin iştirakıyla geniş toplantı keçirmək, onların iradlarını dinləmək mümkün idi. Bununla da hakimlərlə klublar arasında, eləcə də iddialı klubların öz aralarındakı gərginliyi yumşaltmaq, ortaya sülh toxumları səpmək olardı. 

Peşəkarlıqdan dəm vuran adamlar 3-4 klubu öz nəzarətlərinə alıblar, hər birinə də öz adamlarını yerləşdiriblər. İtaət etməyənləri bir-birinə düşmən edir, müxtəlif üsullarla ortaya nifaq toxumu səpirlər. Budurmu peşəkarlıq? "Kəpəz” peşəkar klubdusa, AFFA-nın sözçüsü niyə Gəncə təmsilçisinin rəsmi şəxsidi? Peşəkalıq edib, çempionatın yayım hüququnu satmısızsa, "CBC Sport” klublara niyə pul ödəmir? Nə üçün peşəkarlıq ancaq özünüzə sərf edən məqamlarda yadınıza düşür? Guya ki, "Qəbələ”yə ağır cəzalar verməklə digərlərinin gözünü qorxudublar, hakimlərin toxunulmaz olduğunu isbatlamağa çalışıblar. Axı Gəncədəki oyunun hakimi Əliyar Ağayev özü deyirdi ki, klub rəsmilərindən heç kim onlara fiziki təzyiq göstərməyə cəhd etməyib. Ağayevin sözləri əsas götürülübsə, Səbuhi Qarayevə necə 16 min manat cərimə kəsiblər? Müəmmalar çoxdu. Amma bir şey dəqiqdi ki, AFFA-nın klubların başına açdığı bu oyundan sonra heç bir ağlı başında olan iş adamı "İnter”ə sponsorluq etmək fikrinə düşməyəcək. Bu da AFFA-nın Azərbaycan futboluna göstərdiyi "ayı xidməti”di.

Mənbə: "Futbol+", Amal Abuşov


Xəbər lenti