Futbolun sirlərini

Futbolun sirlərini "Ayaks"da öyrənən, Aleks Ferqyusonun bəyəndiyi türk futbolçu

70-ci illərin əvvəllərində səssiz-sədasız Hollandiyaya köçən Yücedağ ailəsinin kiçik oğlu, 80-ci illərin sonlarında Türkiyəyə geri döndü. "Socrates” jurnalı "Ayaks” futbol akademiyasında futbolun sirlərinə yiyələnən yeganə türk futbolçu olan Mustafa Yücedağla keçmişi "vərəqləyib":

"Kiçik yaşlarımda "Zilvermeeuwen” komandasında çıxış edirdim. "Ayaks” karyeram 16 yaşım olanda başladı. İlk dəfə 14 yaşımda məni izləməyə başladılar və yoxlanışa çağırdılar. Mövqeyimi soruşdular, orta xəttdə və libero kimi oynadığımı dedim, amma məni sağ cinahda sınamaqa qərarına gəldilər. Rəqibin sol cinah oyunçusunun karyerasını bitirəcək qədər yaxşı oynadım. Mənə mavi kağız verdilər və ailəmə imzalatdırdıqdan sonra, çərşənbə axşamı onlara qaytarmağımı istədilər. Şənbə günü idi, ikinci günə qədər yata bilmədim, vaxt keçmirdi. Bu anı indi də xatırlayanda həyəcanlanıram. Əsl bayram ab-havası hökm sürürdü, ailəm, dostlarım sevinirdi.

"Ayaks” akademiyasında tez-tez turnirlərə yollanır və "Barselona” kimi nəhəng komandalarla mübarizə aparırdıq. Hər oyunumuz ən incə detalına qədər təhlil edilirdi. Məsələn, "Barselona”ya qarşı yaxşı oynayıb, digər komandalara qarşı ciddi yanaşmayanda onlar bunların fərqinə varırdılar. Karyeram ərzində hər komandaya eyni ciddiyyətlə yanaşmağı məhz orada öyrənmişəm.
 



Daxilimizdə bizi uğurlu ola biləcəyimizə inandırmış, "məktəbdə uğurlu olsan, komanda da uğur qazana bilərsən” fikrini yeritmişdilər. Hollandiyadakı dostlarımdan biri ilə birlikdə çox vaxt keçirirdim, nəticədə sinifdə qaldım. Məni ciddi şəkildə silkələdilər: "Diplomun olmasa, səni komandadan göndərəcəyik”. Dəfələrlə belə hadisələrlə rastlaşmışam. "Ayaks” üçün tək məktəbdə yox, həm də məktəbdən kənarda davranış və intizam qaydaları çox vacibdir. Heç nəyi güzəştə getmirlər, tolerantlıq bir kənara, hətta səni komandadan qovurlar... Dərslərə ciddi yanaşırsansa, klub sənin üçün hər cür şərait yaradır və bütün ehtiyaclarını qarşılayır. Bəli, bu, ölkə mədəniyyəti ilə əlaqədar idi. PSV və "Feyenoord”un akademiyalarında da belə qaydalar mövcuddur, amma "Ayaks” bu baxımdan çox seçilir. Qatı prinsiplərə malikdirlər.

Orada səndən çox qaçmaq tələb olunmur, əsas texnika və topla oyundur. Məsələn, mən "Ayaks”a gələndə sol ayağımla, demək olar ki, oynaya bilmirdim, amma sonra onlar məni cərimə meydançası kənarında sol ayaqla qol vuracaq səviyyəyə gətirdilər. Türkiyədə isə belə deyil. Baş məşqçilər səndən meydanın ətrafında 10 dövrə qaçmağı tələb edirlər. Niyə qaçırdırsan ki? Uşağın 24 saat oynayacaq enerjisi var, yorulmaz. Sən onun toplu oyununu inkişaf etdir, topla yatıb, topla qalxsın. Fiziki cəhətdən sonra yükləyərsən, əsas texniki bacarıqdır.

"Ayaks”la yenə bir turnirə yollanmışdım. Ahmet Suat Özyazıcı və Aleks Ferqyuson bizim oyunu izləyirdi. O vaxt saçlarımı rəngləmişdim. Ahmet Suat saçımı gördükdən sonra "Belə futbolçu olar?” demişdi, amma Aleks Ferqyuson məni bəyənib, evimizə qədər gəlmiş, atamla danışmış və məni transfer etmək istədiyini bildirmişdi. Məni isə bu iki bir-birindən fərqli yanaşma düşündürürdü. Biri saçıma fikir vermişdi, digəri oyunuma. Sonradan "Sarıyer”də çıxış edərkən Ahmet Suat yanlış düşündüyünü dedi. Ferqyusonun tələbəsi ola bilərdim, amma atam o yaşda tək İngiltərəyə getməyə icazə vermədi.

Birinci komandaya yüksəldikdən sonra əsas oyunların hamısında oynayırdım. Baş məşqçimiz Yohan Kroyf idi və aramızda ata-oğul münasibəti var idi. Hər oyundan sonra mənimlə danışar və "Yaxşı oynayırsan, Mus” deyərdi. Adım Mustafa olduğu üçün qısaca "Mus” və ya "Yuseda” deyə çağırırdılar. Kroyf vəfat edəndə hamıya zəng edib görüşdülər, amma çox gözləsəm də, mənə heç bir dəvət gəlmədi.
 


Kroyf "Arminia” ilə oyunda məni sağ cinahda oynatdı. Bir epizodda topu önümə atıb qaçmağa başladım və irəlidə ona çatdım. Oyun dayananda Kroyf məni yanına çağırıb, etdiyim hərəkətin səbəbini soruşdu. Ona, cərimə meydançasına asma edərək təhlükə yaratmaq istədiyimi söylədim. Cavabında dedi: "Bəs topu itirsəydiniz, necə olacaqdı? Hər ikiniz irəlidə yaxalanacaqdınız və qol buraxacaqdıq”. Məhz o an futbolun pis ehtimallarını da anlamağa başladım.

Bir müddət sonra ona özümü inkişaf etdirmək üçün icarəyə yollanmaq istədiyimi bildirdim. Kroyf bu təklifi bəyənərək məni 1986-cı ildə "Zvolle”yə göndərdi. Orada yaxşı çıxış etdikdən sonra Türkiyədən təkliflər almağa başladım. Sonradan atam "Ayaks”a dönməyimə qarşı çıxdı, mən də onun sözündən çıxmadım.

Həyatımın ən böyük səhvini də məhz Türkiyəyə qayıdaraq etdim. Bütün bildiklərimi unutdum. Türkiyədə və Hollandiyadakı şərait arasında dağlar qədər fərq var. Özümü sudan çıxmış balıq kimi hiss edirdim. "Sarıyer”də futbolun "f”-sini belə bilməyən Milan Ribar adlı baş məşqçi ilə işləyirdim. Növbəti il hollandiyalı Cor van der Hart posta gətirildi və komandaya ötürmələr etməyi öyrətdi. 1989-1990 mövsümündə çempionatda pas baxımından ən yaxşı komandalardan biri "Sarıyer” idi. Ardınca "Qalatasaray”a yollandım. Məşqdən sonra qalıb üzərimdə işləyirdim. Baş məşqçi Mustafa Dənizli mənə deyirdi: "Məşqlərim sənə bəs etmir?" Amma bir dəfə özü canlı efirdə "Kriştianu Ronaldu hər məşqdən sonra bir saat zərbələr üzərində çalışır, necə uğursuz ola bilər ki?” ifadəsini işlətdi.
 


Hollandiyalı məşqçilər Türkiyədə niyə uğurlu ola bilmirlər? Çünki onların əxlaq və futbola baxışları fərqlidir. Türkiyədə intizam yoxdur. Alman məşqçi gələr, sərt siyasət yürüdər və sən də onun dediklərini etməyə məcbur qalarsan, amma holland sənə sadəcə etməli olduqlarını bildirər. Məsələn, Frank Raykardın gəlişi böyük həyəcana səbəb olmuşdu. Bu atmosferdən təsirlənən futbolçular ilk dönəm məşqçinin tapşırıqlarını yerinə yetirdi və "Qalatasaray” liqaya super start verdi. Amma sonra nizam-intizamı itirdilər, tapşırıqlar yerinə yetirilmədi və bu da çöküşə səbəb oldu. Əslində, futbolçular məşqçiyə yox, elə özlərinə quyu qazırdılar.

Bugünkü "Ayaks”a gəlincə, onların bu səviyyəyə gəlməsi gözlənilən idi. Bu nəslin ən yaxşı futbolçusu isə Abdelhak Nuri idi, amma təəssüflər olsun ki, o da komaya düşdü. Kroyf kimi oynayırdı, böyük futbolçu olacaqdı. İki il əvvəl Avropa Liqasında final oynadılar. Çempionlar Liqasını da qazanacaqlarını düşünürdüm, amma bu səfər buraxılan bəxtsiz qolla finalın astanasından döndülər. Deyirlər ki, komanda dağılacaq, dağılsın. Yerinə daha yaxşı futbolçular yetişdirib, daha güclü şəkildə yenidən zirvədə olacaqlar. Bundan əminəm!"

Tərcümə: Əkbər Ağazadə


OXŞAR XƏBƏRLƏR