“Futbol(unun) saatı” dayanan ölkə

“Futbol(unun) saatı” dayanan ölkə
Bu vaxta qədər AFFA-nı, qurumun boz binasında oturub "milliləşdirmə” mafiyasını idarə edənləri ən sərt dillə tənqid etmişəm, onlara nifrət və qəzəb püskürmüşəm. Amma düşünə bilməzdim ki, nə vaxtsa onların iyrənc əməllərindən elə bir həddə çatacam ki, dünya gözümdə qaralacaq, beynimə qan sızma həddinə çatacağam. Özümü o dərəcədə alçalmış və təhqir olunmuş Yaşar Vahabzadənin çalışdırdığı komandanın İrlandiya ilə oyununu izləyərkən hiss edirdim.

Cəmi 3 ay bundan əvvəl Vahabzadəni və onun rəhbərliyi altında çıxış edən futbolçuları qəhrəman elan etmişdilər. İslam Oyunlarında ayağı top tutmayan yeniyetmələri məğlub edib, dünyanın yeddinci qatına qalxanların qarşısına iki normal komanda çıxıb, onların qarşısında aciz qalıblar. Nəticə, məğlubiyyətlər cəhənnəmə olsun. Elə "milliləşdirmə” siyasətləri də başlarına dəysin, heç qazandıqları pulların xeyrini görməsinlər. Amma bizi bu dərəcəyə çatdırmağa ixtiyarları yoxdu. Ayıbdı, utanıb yerə girsinlər. Bu mənfur siyasətə kimlərin rəhbərlik etdiyi hamımıza məlumdu. İllərdi ordan-burda tutub gətirdiklər çolaqları, topalları bizim futbolumuza calaq edirlər, millilərimizin heyətinə doldururlar. Allah onlara insaf versin, bir az vicdanları olsun. Onsuz da qaz vurub, qazan doldururlar. Əllərindən almaq fikrimiz, səlahiyyətimiz yoxdu. Elxan Məmmədov heç nə bacarmasa da, insanları bölməyi, komitələşdirməyi, susdurmağı bacarır. Bütün əməllərinin yollarını hamarlaşdırıblar. Artıq nə veteranlardan əvvəlki kimi dillənən var, nə də mətbuatın təzyiqindən çəkinir. Kefi necə istəyirsə, Azərbaycan futbolunu elə də fırladır. Boynuna bir şey qoymaq, ona nəyisə sübut etmək çətindir.
 
"Şəmkir”in prezidenti Türkiyədən Bakıya səsini-hayqırtısını çatdırmağa çalışır, AFFA-nın baş katibini nişan verir. Əminliklə deyir ki, bölgə klubunun elitaya gedən yolunu Məmmədov bağlayıb. "Şərurspor”un prezidenti həbsxanadan çıxır, ilk müsahibəsindəcə baş katibdən şikayətlənir. Azərbaycan futbolundakı bütün hoqqaların başında onun dayandığını iddia edir. Amma bütün bunların izinə düşən, istintaq və yaxud müstəqil araşdırma aparan, qaranlıqları aydınladan yoxdu. Necə olur ki, hamı məhz onun adını çəkir, başqasının yox?! Çünki AFFA-da səlahiyyətcə ondan yüksəkdə olan adamların heç birisi bilavasitə futbolla maraqlanmır, "boz bina”da gedən əməliyyatlarla maraqlanmır. Kef də düşüb ona. Kəsdiyi başın, yıxdığı evin hesabatını heç kimə vermir. Mən bu günə qədər inanmamışam, İrlandiya ilə oyundan sonra heç inanmıram. AFFA-nın binasında oturub, Azərbaycan futbolunu idarə edənlərin bircə qram da bizim futbola sevgisi, xalqa məhəbbəti yoxdu. Olsaydı, bizi belə biabırçı duruma salmaq, ölkənin milli komandalarını futbolçu adının heç "f” hərfinə yaxın gəlməyənlərlə doldurmazdılar. Cənablar, Mustafa Özhitay ayaqlarının arasında o topu buraxanda hansı hissi keçirdiniz? Utandınızmı, xəcalət çəkdinizmi? Axı o sizin əsərinizdi. Onu siz gətirmisiz, "azərbaycanlı”ya çevirmisiz. Harda, kimə göz qoydunuz? Necə əmin oldunuz ki, Azərbaycanda futbol oynayan gənclər arasında Mustafa səviyyəsində qapıçı yoxdu? "Milliləşdirin”, pulunuzu qazanın. Amma insafınız olsun. Bizimkilərdən güclüləri demirəm, heç olmasa onlar səviyyəsində olanı gətirin. Sinəmizə çalın-çarpaz dağ çəkməyin. Cəzasız qalmağınızdan, işinizə nəzarət edib, sizdən hesabat istəyənin olmamasından belə qol-qanad açmayın. Əmin olun ki, bu millətin içində səsini ölkə başçısına çatdıracaq, sizin əməllərinizdən UEFA və FİFA-nı xəbərdar edib, havadarlarınızı da fakt qarşısında qoyacaq kifayət qədər ağıl və cəsarət sahibləri var. Və bir gün bütün bu əməllərinizə görə mütləq cavab verəcəksiniz.
 
Yaşar Vahabzadənin İrlandiyaya uduzandan sonra mətbuat konfransında dedikləri isə AFFA-nın yarıtmaz siyasətinin ifşası idi. Adam deyir ki, AFFA-nın elektron qeydiyyat sistemində sayın az qala 200 minə çatmasının da, müxtəlif böyük şirkətlərin sponsorluğu ilə keçirilən aşağı yaş qrupları üzrə çempionatların da heç bir işə yaramadığını etiraf etdi. Bir Mahir Mədətovumuz var, onu "Bakı”nın Akademiyasında Hafiz Məmmədovun gələcəyə hesablanmış və böyük pullar bahasına ərsəyə gələn layihələr sayəsində yetişdirmişik. 10 ildi Azərbaycanda kef-damaq içərisində yaşayan Bernard Lippert bizə nə verib? "Elit məşq”, "Berlindəki futbol məktəbi”, əcnəbi idman direktorları bizə nə qazandırıb, Məşqçilər Komitəsinin dahiyanə təkliflərindən sonra hansı müsbət dəyişikliklər baş verib? Buyursunlar bu suallara cavab versinlər. Heç şübhəm yoxdu ki, cavab verə də bilməzlər. Onların əməllərinin cəzasını azarkeşlər də, futbolçular da çəkir. Son 2-3 ildə əllərini klublara da uzatdılar, onun da nəticəsi gözümüzün qabağındadı. 80 yaşlı "Neftçi”ni divizion səviyyəsinə salanlar da bu adamlardı.

Bu arada haqq sözün tribunasına çevrilən "Futbol saatı” verlişinin bağlanması da taleyin istehzasıdı. Futbolu olmayan ölkədə "Futbol saatı”na da ehtiyac yoxdu. Sözü verək Aslan Kərimoca, "bəy tərifinə” davam etsin.

Mənbə: "Futbol+” qəzeti, Amal Abuşov

Xəbər lenti