Gəl sənə təsəlli verim...

Gəl sənə təsəlli verim...
Ya sök, ya tik, nə fərqi var, bu daxma düzəlməyəcək.
Gəl sənə təsəlli verim: darıxma, düzəlməyəcək!

Müasir dövrün yaxşı qələm sahiblərindən olan şair Salam Sarvanın bu misraları AFFA İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransındakı fikirləri oxuyandan sonra yadıma düşdü. Azərbaycan futbolunda vəziyyət çox qəlizdi. Bu qəlizliyi düşünmək belə əzabvericidi.

Düzdü, Qurban Qurbanovun milliyə baş məşqçi təyin olunması bizi xeyli ümidləndirib. Sevinc qarışıq ümidlərlə fevralın ilk günlərini gözləyirik. Gürcüstan yığmasıyla qarşılaşmadan sonra milli komandamız üçün yeni bir dönəmin başlayacağına, vacib qələbələri sıralayacağımıza ürəkdən inanırıq. Amma çətin olacaq.

Ümidlərinizi qırmaq, sizi həvəsdən salmaq istəmirəm. Onsuz da Qurban Qurbanov çiyinlərinə çox ağır bir yük götürüb, həlli xeyli qəliz olan problemlərin çözülməsi üçün qollarını çırmalayıb. Di gəl ki, Qurban Qurbanov təkdi. Onun yanında Rəşad Sadıqov, Elçin Rəmanov kimi gənclər olsa da, Zaur Həşimovla Ramin Quliyevə böyük ümidlər bəslənsə də, vəziyyətin tezliklə düzələcəyinə inanmaq çətindi.

Qurban Qurbanov həm də "Qarabağ”ın məşqçisidi. Çox sağ olsun, bu çətin dönəmdə bir-neçə işi paralel aparmağa, milli komanda ilə yanaşı digər yaş qruplarına, ümumlikdə Azərbaycan futboluna nəzarəti öz üzərinə götürməyə razılıq verib. Amma unutmayaq ki, Qurban Qurbanovun əlində nəinki sehirli çubuq, heç AFFA prezidenti və baş katibi qədər səlahiyyət də yoxdu. Futbolumuzda inqilab etmək üçün doğru yola ən əvvəl onları gətirməli, uğura onları inandırmalı, həlledici qərarlar üçün onların razılığı alınmalıdı. Bu isə heç də asan görünmür.

Ayrı-ayrı detallar üzərində dayanmaq istəmirəm. Onsuz da bu günkü mətbuat konfransında AFFA prezidenti ilə baş katibin sözlərini oxuyanda, ciddi mesajlar tapmaq mümkündü. Bütün bunları dəyişmək üçünsə səbr, dözüm, iradə və bacarıq belə yetərsiz qala bilər. Həmin baxışı, dünyagörüşünü, münasibəti dəyişmədən, şəxsi mənafelərin qurduğu səddləri aşmadan Azərbaycan futbolunu indiki yerindən çox da irəli aparmaq xeyli mürəkkəb prosesdi.

Biri mənə təsəlli versin...

Amal ABUŞOV
 

Xəbər lenti