"Gəlin belə sualları yığışdırıb, kənara qoyaq" - Şahin Diniyev

"Kəpəz"in sabiq çalışdırıcısı Şahin Diniyevin Sport7.az saytına müsahibəsində bir çox maraqlı məqamlara toxunub.
 
Gəncə klubundan ayrıldıqdan sonra "kölgə"yə çəkilən Diniyev müsahibəsində həm işsiz günlərindən, həm də oğlu Kərimin "Kəpəz"dən ayrılmasından danışıb. Həmin müsahibəni sizə təqdim edirik:

- Hazırda nə işlə məşğulsuz? Futbolsuz darıxmırsız ki?

- Şükür salamatçılıqdı. Futbolsuz kim darıxmaz? Bu oyunu hamı sevir. Həyatda hər şey olur, irəli baxmaq lazımdı. 

- Ötən müddət ərzində hansısa klubdan sizinlə maraqlanan olubmu?

- Xeyr, belə bir şey olmayıb.

- Hazırda divizionda canlanma yaşanır, təklif gəlsə, aşağı liqada çalışarsızmı?

- Gəlin belə suallarla qutaraq. Bu "Böyüyəndə nə olmaq istəyirsən?" sualına bənzəyir. Mən də özümə görə bir adamam. Gəlin belə sualları yığışdırıb, kənara qoyaq.

- Yaxın gələcəklə bağlı planlarınız necədi?

- Plan deyəndə, nə düşünməliyəm ki? Təklif gələndə düşünməliyik. Əks halda buna ehtiyac yoxdu. Hər bir şey normaldı. Hər şeyə sadə baxmaq lazımdı. 

- Sizdən sonra "Kəpəz"də baş verənləri izləyirsizmi?

- Məlumatım var. Amma konkret nəyinsə arxasınca düşüb maraqlanmaq söhbəti yoxdu. Əlbəttə, nələr baş verdiyini bilirəm.

- Bu yaxınlarda klubdan xeyli sayda futbolçu uzaqlaşdırdılar...

- Bu mənim işim deyil. Mən artıq klubda çalışmadığım üçün buna cavabdeh deyiləm.

- Onların arasında oğlunuz Kərim Diniyev də vardı. Bunu da sizinlə bağlayırlar. Yəni, komandanın başında yoxsuzsa, o da olmayacaq.

- Bilirsiz, bu işdə iki maraqlı tərəf var Kərim Diniyev və baş məşqçi. Mən sadəcə bir atayam. Futbolla bağlı deyəcəyim nəsə yoxdu.

- Kərimi "Kəpəz"ə apardığınız üçün təəssüflənmədiz? Birvaxtlar ona "Neftçi"dən də təklif vardı. Bəlkə də vaxtında getsəydi, indi klubsuz qalmazdı.

- Mən elədiklərimə görə heç vaxt təəssüflənməmişəm. O cümlədən buna görə də. Həyatda hər şeyi sadə və sakit qarşılamaq lazımdı. Fikirlərə qapılmamaq, hər şeyə bir prizmadan baxmaq lazımdı. Nə olursa, yaxşılığa doğrudu. Yaxşılıq izi qoymusansa yaxşılığa əks halda pisliyə doğru gedir hər şey. İnanıram ki, hər şey yaxşılığa doğru gedəcək.

- Kərimlə maraqlanan varmı?

- Yəqin ki, bir neçə gün ərzində məlum olacaq. Dünən olan hadisələrdi. Ona görə də vaxt lazımdı. 

- "Kəpəz"in problemlərin nədə görürsüz ümumiyyətlə?

- Bu haqda danışmaq istəmirəm. Mənim "Kəpəz" səhifəm bağlanıb artıq. Danışmaq etik normadan kənardı. Klubda işləyəndə problemləri deyə bilərdim. İndi bu düzgün deyil.

- Göndərilən futbolçuların hamısını siz dəvət etmişdiz. Sizcə onların gedişindən sonra "Kəpəz" düzələcək?

- İnşallah, yaxşı olmaq arzusu ilə.

Sport7.az

Xəbər lenti