Gəncədə alovlanan ocağın tüstüsü...

Gəncədə alovlanan ocağın tüstüsü...

Bir neçə gün bundan əvvəl etibarlılığına şübhə etmədiyimiz bir mənbədən redaksiyamıza maraqlı informasiya daxil oldu. Həmin məlumatlı mənbə israrla bildirirdi ki, "Kəpəz”in düşərgəsində yeni qalmaqal baş verib. Biz onsuz da Gəncə klubunda zaman-zaman qalmaqallara adət etmişik. Bilirik ki, Gəncə futbolu daim qaynayır, yeni münaqişə ocaqları yaranır.

Çox da uzağa getməyək, ötən ilin payızını xatırlayaq. AFFA-nın "Kəpəz”ə göndərdiyi səlahiyyətli nümayəndə Mikayıl Nərimanoğlunun klubda yol verdiyi yeyintilər uzun müddət gündəmi zəbt etmişdi. Mətbuatın araşdırmaları dəhşətli faktları üzə çıxarmışdı. Hər nə qədər təkzib etməyə, üstünə basdırmağa çalışsalar da, cidanı çuvalda gizlətmək mümkün olmamışdı. "Kəpəz”in mühasibi Mənsurə Məmmədova baş verən yeyintiləri etiraf etmişdi və bildirmişdi ki, bütün əyri əməlləri Mikayıl Nərimanoğlunun diqtəsi ilə edib, müəyyən adamların bank kartlarına artıq pullar köçürülüb. Mənsurə xanım onu da söyləmişdi ki, Nərimanoğlu hər dəfəsində onu Elxan Məmmədovun adını çəkməklə arxayınlaşdırıb, AFFA-nın baş katibinin məsələdən xəbərdar olduğunu xüsusi ilə vurğulayıb.

Sonrası nə oldu? Utanmadılar, qızarmadılar. Şahmatda olduğu kimi, vəzir piyadanı qurban verdi, şah özünü heç nə olmamış kimi apardı. Vəssalam. AFFA üfunətli gölməçəyə bənzəyən bu sudan da quru çıxmağı bacardı. Mikayıl Nərimanoğludan başqa heç kimin tükü də tərpənmədi. Mikayıl bəyə də susmaq tapşırığı verib, "oyundan” kənarlaşdırdılar. Bu hadisənin özü də bir daha isbatladı ki, "Kəpəz” Gəncə futbolunun layiqincə təmsil etmək, yeni istedadları üzə çıxarmaq, ötənlərin məşhur komandasının nüfuzunu bərpa məqsədi ilə yaradılmayıb. Ora müəyyən adamları yerləşdirməklə klubu, daha doğrusu kluba ayrılan pulları nəzarətdə saxlamaq istəyirlər və bu istəklərinə də nail olurlar.

Qayıdaq Etibar İbrahimovun futbolçu Şöhrət Quliyev tərəfindən döyülməsi ilə bağlı olan məsələyə. AFFA gənc və təcrübəsiz çalışdırıcını birdən-birə "Kəpəz” kimi mürəkkəb komandaya baş məşqçi təyin etməklə səhvə yol vermişdi. İbrahimov bununla odun içinə atılmış, gələcək karyerası üçün riski oyuna girmişdi. Elə futbolçusuyla yaşadığı münaqişə də bunu sübut edir. Bizim heç kimlə qəsdi-qərəzliyimiz yoxdu. O cümlədən də İbrahimovla və onun çalışdırdığı "Kəpəz”lə. Redaksiyamıza informasiya daxil olan kimi onu operativlik naminə dərhal oxucularımıza təqdim etdik. Sonra da obyektivlik prinsiplərinə əsasən qarşı tərəfə, konkret olaraq klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevə tribuna verdik.
 

 
Təəssüflər olsun ki, Azad bəy baş verdiyinə şübhə etmədiyimiz, xeyli şahidi olan hadisəni ört-basdır etməyə çalışdı. Ondan sonra cənab Etibar İbrahimov da verdiyi müsahibələrdə bizi yalançı çıxarmağa, dava-dalaşı inkar etməyə çalışdı. Maraqlıdı ki, həm baş məşqçi, həm də Mustafayev hadisənin çoxdan baş verdiyini deyir, bununla da olayın əhəmiyyətini azaldırdı. Davanın nə vaxt baş verməsinin nə fərqi var? Əsas odu ki, dava olub. Atalarımız demişkən, od yanmayanda tüstü çıxmaz. Gəncədə də od yanmışdı və tüstüsü Bakıya qədər gəlib çatmışdı.
 
"Kəpəz” tərəfinin iddialarından sonra Şöhrət Quliyevə yaxınlığı ilə tanınan, amma adının çəkilməsini istəməyən bir şəxslə də danışdıq. Əlavə şərh vermədən onun da fikirləriylə sizi tanış edirik:

"Saytda nə yazılıbsa, hamısı düzdü. Yazılanlar olanların az bir hissəsidi. Baş məşqçi ilə Şöhrət dalaşıblar. Bir neçə dəfə davaları olub. İki cavan oğlan sözləri çəp gələndə necə dava edirlərsə, bunlar da elə edib. Əməlli-başlı yumruq-təpik olub, uşaqlar aralaşdırıb, hərəsini bir kənara çəkiblər. Hələ Etibar müəllim yaxşıdı, orda Orxan adlı biri var, çox "ilişib”, Şöhrətə sifət göstərib. Hadisənin səhəri bu haqda xəbərimiz oldu.

Səhv etmirəmsə, dava sentyabrın 30-u, ya da oktyabrın 1-də olub. Özü də heç nədən olub. Məşqdən çıxıblar, çay içməyə oturublar. Baş məşqçi ağzından "quş” buraxıb. Sonra dəfələrlə Şöhrətdən üzr istəyib. Səhvini boynuna alıb. Açıq danışmaq lazımdı. Şöhrəti komandada olanların üstünü ört-basdır etmək üçün saxlayıblar. İstəmirlər ki, hər şeyin üstü açılsın, çünki səhv özlərinindi. Şöhrət komandada kiminləsə dalaşacaq son uşaqdı. Onun belə hərəkəti heç kimin ağlına gələ bilməz. Təsəvvür edin ki, onu da özündən çıxarıblar. İstəyərəkdən, ya istəmədən olub bilmirəm, ancaq fakt uşağın üzünə ağır ifadələr işlədib, sonra üzr istəyib. İndi özünüz fikirləşin, kimisə özündən çıxaran sözlər deyirsiz, hərəkətlər edirsiz, sonra da deyirsiz ki, "məni bağışla”, bağışlayarlarmı? Bunun o biri tərəfi də var. Dərinə gedə bilərdik, amma istəmədik. Həm də qarşımızı kəsdilər. Nə yazılıbsa, düzdü, yalan yoxdu. Klubun mətbuat xidmətindən Azad Mustafayev danışıb, amma nə deyibsə, hamısı boş şeylərdi".

Sitatın sonu!

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR