Güclü Gəncə, güclü “Kəpəz”!

Güclü Gəncə, güclü “Kəpəz”!

Amal ABUŞOV
 
Rəşadətli Azərbaycan ordusu ermənilərin yuxusunu qaçırıb. 30 ilə yaxındı işğal altında olan vətən torpaqları qarışbaqarış, kəndbəkənd azad edirik. Elə bir gün yoxdu ki, Ali Baş Komandanımız İlham Əliyev xalqı yeni xoş xəbərlərlə müjdələməsin, azad olan yeni torpaqlarımızın adını açıqlamasın. Düşmən döyüş meydanından qaçır, Azərbaycan əsgərinin qarşısında tab gətirə bilmir. Dünya dəyişib, Azərbaycan da bu dəyişikliklərdən yetərincə bəhrələnib. Artıq mənfur ermənilərin havadarları əvvəlki tək onlara qahmar çıxa bilmir. Düzdü, düşmən ölkə yenə də gizlin-gizlin silahlandırılır, Azərbaycana qarşı olan qüvvələr dığaların əliylə bizdən qisas almağa çalışırlar. Amma indi vəziyyət tam başqadı. Azərbaycan öz güclü rəhbəri və rəşadətli ordusuyla düşməni doğma torpaqlarımızdan qovmaqda israrlıdı. Apardığımız bu haqq davası dostlarımızı sevindirir, düşmənlərimizin bağrını çatladır. Bu dəfə qətiyyətliyik. Düşməni sərhədlərimizin o üzünə qədər qovana qədər dayandı yoxdu. Mənfur ermənilər də bu həqiqəti aydın başa düşür. Ona görə də təlaşlanıblar, dünyaya haray çəkir, imdad diləyirlər. Öz himayədarlarına yalvarırlar ki, onlar Azərbaycanı dayandırsınlar, atəşkəsə məcbur etsinlər.

Ermənilər üzbəüz döyüşdə məğlub olduqca, ordumuzun qarşısından qaçdıqca daha da azğınlaşır. Artıq neçənci dəfədi ki, mənfur düşmənlər namərdcəsinə dinc əhalini hədəfə alır, günahsız insanları atəşə tutur. Gəncənin, Mingəçevirin atəşə tutulması, insanların evində yatdığı yerdə nişangaha çevrilməsi bu alçaqlığın nümunəsidi. Qısa müddət ərzində artıq iki dəfə Gəncədə qətliam törədilib, onlarla günahsız insan bu qətliamın qurbanına çevrilib. Mənfur ermənilərin raket atəşinin qurbanına çevrilənlər arasında körpə uşaqlar da var, məktəblilər də. Çox təəssüf ki, dünya ictimaiyyəti bu alçaqlığın qarşısında susur, ermənilərin insanlığa sığmayan davranışı ciddi şəkildə qınanmır. Belə ikili standartlara, ədalətsiz dünyanın ermənilərə havadarlıq etməsinə müəyyən dərəcədə öyrəşmişik. Ona görə də qisasımızı nə qiyamətə saxlayırıq, nə də başqalarının köməyinə və ədalətinə bel bağlayırıq. Öz işimizi özümüz görürük, həm qisasımızı alırıq, həm də işğal altında olan torpaqlarımızı.

Bu çətin məqamda bütün Azərbaycan yumruq kimi birləşib. İnsanlar həm bir-birinə dəstək olur, həm də ordumuza. Futbol ailəsi də bu birlikdən kənarda deyil. Gəncədə başverənlər, günahsız insanların düşmənin raket atəşinin qurbanına çevrilməsi bu şəhəri hər bir azərbaycanlı üçün doğmalaşdırdı, hamı özünü gəncəli hesab etməyə başladı. Elə Azərbaycan premyer liqasının 6-cı turunun "Sumqayıt” – "Zirə” qarşılşamasında da futbolçular Gəncə hadisələrinə bigan qalmadı. Sumqayıtda keçirilən oyunda hər iki komanda meydana Gəncə şəhərini təmsil edən, hazırda 1-ci divizionda mübarizə aparan "Kəpəz”in formasında çıxdı. Bu görüntüləri izləyərkən hamımız duyğulandıq, yumruqlarımızı düyünlədik. Gəncəlilər hiss etdi ki, çətin günlərdə yalqız deyillər, Azərbaycan xalqı onlarla birlikdədi. Mənfur ermənilərə qarşı hamımız birlikdə mübarizə aparır, sevincimizi də, kədərimizi də bölüşürük. Hərə öz dəstəyini bacardığı formada nümayiş etdirir. "Sumqayıt”la "Zirə”nin futbolçularının meydana "Kəpəz”in formasıyla çıxması da həmin dəstəyin bir nümunəsi idi. Təkcə bu komandaların heyətində çıxış edən legionerlər yox, Azərbaycan klublarında forma geyən digər əcnəbilər də nəyin baş verdiyinin fərqindədilər. Onlar da bu çətin günlərdə "Kəpəz”i və zərər çəkmiş Gəncə sakinlərini dəstəkləyənlərin bir parçasına çevriliblər. Sumqayıtdakı oyuna komandaların "Kəpəz” formasıyla çıxmasının təşəbbüskarlarına da böyük "sağ ol” düşür.

Kaş "Kəpəz” elitada çıxış edəydi, bu ağır günlərdə Gəncə şəhər stadionunda Azərbaycan premier-liqasının oyunu keçiriləydi. Həmin görüş də canlı yayınla ekranlara gətiriləydi. Bütün dünya görərdi ki, Gəncə ayaqdadı, ermənilərin atdığı toplar, mərmilər heç kimi qorxutmayıb. Gəncəlilər ermənilərdən qorxmur, üstəlik, futbol da oynayır. İllərdi Ağdamın "Qarabağ” komandası Avropanın yaşıl meydanlarında müqəddəs missiyanı həyata keçirir. Ardıcıl 7 ildi Qurban Qurbanov və onun cəngavərləri avrokubokların qrup mərhələsinə yüksəlir, bütün dünyanın diqqətini Qarabağa cəlb edir. Dünya ictimaiyyətinə bir həqiqət qəbul etdirilir ki, Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdı, onun ayrılmaz hissəsidi. Artıq bu müqəddəs missiyaya qəhrəman Gəncənin təmsilçisi "Kəpəz”i də qoşmağın zamanıdı. Güclü "Kəpəz” igid gəncəlilərin, güclü Azərbaycanın rəmzinə çevrilməlidi. Gəncə şəhər stadionu ən yüksək səviyyədə təmir olunmalı, "Kəpəz” avrokuboklara qatılacaq, orda layiqincə mübarizə aparacaq səviyyədə gücləndirilməlidi. Avropanın adlı-sanlı klublarını ondan sonra "Kəpəz”in rəqibi kimi Gəncəyə gətirək, erməni vəhşiliyinin hədəfinə çevrilən Gəncədə Azərbaycan həqiqətləri onlara çatdırmalıyıq. Güclü "Kəpəz” neçə-neçə yeni istedadın kəşf olunmasına təkan verməklə yanaşı, "Qarabağ”la birlikdə təbliğat vasitəsinə çevriləcək. Bunu unutmayın. Ümid edirəm ki, tezliklə hamımızın arzuladığı güclü "Kəpəz”i müqəddəs missiyanın daşıyıcısı kimi görəcəyik.

Mənbə: "Futbol+”

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR