Güldürməyi sevən prezident

Güldürməyi sevən prezident
Bilənlər bilir, Kamran Quliyev mənim diqqətlə izlədiyim personalardandı. Onu hələ "Sumqayıt”ın prezidenti olandan maraqla təqib edirəm. Hər açıqlaması, hər davranışı mənim üçün diqqətçəkəndi.

Çılğın davranır, dəfələrcə özünü gülünc vəziyyətə salır. Sonra da Molla Nəsrəddinin məşhur lətifəsində dediyi kimi, üzrü günahından betər işin içindən çıxmağa çalışır. Bir dəfə Fariz Yusifovun hansısa qərarına əsəbləşmişdi. Səhv xatırlamıramsa, elə "Sumqayıt”ın "Neftçi” ilə qarşılaşması idi. Deyirdi ki, komandanı çempionatdan çıxardacaq. Bilmirəm sonradan ya özü nə dediyinin fərqinə vardı, ya da Nobel prospektindən zəng vurub, "barıtını çox eləmə” dedilər. Nəticəsi o oldu ki, "Sumqayıt” heç yerə gedəsi olmadı.
 
Kamran bəylə bağlı xatirələrimiz o qədər çoxdu ki, onları xatırladıqca, mətləbdən bir az uzaqlaşmışıq oluruq. Amma gərək üzrlü sayasız, iki məqama da toxunaq, sonra mətləbə gələrik. Bunlardan biri yenə də hakimlərlə bağlıdı. Rəhim Həsənov "Qəbələ” ilə oyunda penaltiyə bənzəyən epizodda fitini səsləndirməmiş, davam qərarı vermişdi. "Sumqayıt”ın prezidenti isə qaydanın pozulduğunu deyib, haray-həşir qoparmış, uca səslə hakimləri təhqir etməkdən çəkinməmişdi. Hətta "isti başla” hakimlərin qərəzindən, "Qəbələ”yə "işləməsindən” də jurnalistlərə danışmışdı. Az sonra qarşı tərəfdən çəkilən görüntüləri izləyəndən sonra səhvini anlayıb, Rəhim Həsənovdan davranışına görə üzr istəmişdi. Bu fakt ondan xəbər verirdi ki, Fariz Yusifovla bağlı yaşanan olaydan Quliyev dərs çıxarmayıb, klub prezidentinin özünü azarkeş kimi çılğın aparmasının doğru davnranış olmadığını başa düşməyib. Həmin məqamın üzərinə yazının sonunda yenidən qayıdacağıq, unutmayın.

Xatırlatmaq istədiyim ikinci məqam Təvəkkül Məmmədovun baş rolda olduğu hadisədi. "Bakı”yla oyundan əvvəl Aqil Məmmədov Təvəkkülün adını start heyətdən çıxarıb, onun yerinə Orxan Əliyevi yazmışdı. Qərarın da izahı beləydi ki, millimizin baş məşqçisi Robert Prosineçki qarşılaşmanı izləyəcək, ona Məmmədovdansa Əliyevin oyununu göstərmək lazımdı. Sonrası hamımızın yadındadı. Təvəkkül "Sumqayıt”ı da, Azərbaycanı da bir dəfəlik tərk edib getdi. Aqil Məmmədovun özbaşına belə qərar vermədiyi, bu qəfil əvəzetməni AFFA-dan Kamran Qulityevə gələn göstərişlə etdiyi məlum məsələ idi.

Bütün bunları xatırlatmaqda məqsədim odu ki, cənab Quliyevə xüsusi diqqət göstərməyim, onu maraqla izləməyim heç də səbəbsiz deyil. Adam daim maraqlı açıqlamalar və addımlarla, gülməli və təəccüblü davranışları ilə diqqət mərkəzində olmağı bacarıb. Oxşar hərəkətləri ondan Klublar Komitəsinin sədri kimi görməyə də almışıq. Vəzifələr, statuslar dəyişsə də, Kamran bəy dəyişməyib. Olanı budu, niyə dəyişsin?! "Neftçi”nin prezidenti olandan bəri öz ampluasındadı. Mövsümün ən gərgin çağında baş məşqçi Tərlan Əhmədovun arxasında olduğunu, baş məşqçinin gələcək taleyi ilə bağlı qərarı yalnız mövsümün sonunda verəcəklərini bildirmişdi. Biz də onun səmimiyyətinə inanmışdıq. Düşünürdük ki, Əhmədovun gələcəyi mövsümün sonunda "Neftçi”nin tutacağı yerdən asılı olacaq. Biz saydığımızı saymaqdaykən cənab Quliyev özünün nə saydığını göstərdi. Sosial şəbəkələrdə azarkeşlərin keçirdiyi "Tərlan Əhmədov getsin, ya qalsın” sorğusuna qatıldı və "getsin” düyməsinə basdı. Bilərəkdənmi, ya bilməyərəkdənmi özünü ifşa etdi. Yəqin ki, dünya futbolunda ilk belə hadisəydi. Klub prezidenti baş məşqçi barədə mətbuata bir söz deyirdi, sosial şəbəkədəki sorğuda isə başqa cür davranırdı.

Üstündən birtəhər keçmişdik, söhbəti unutmuşduq da. Amma Quliyevin həmkarlarımın ünvanladığı bir suala verdiyi cavab bizi yenidən həm güldürdü, həm də "like” mövzusunu aktuallaşdırdı. Kamran bəyin sözlərinə diqqət edək: "Mən Kamran Quliyev "Neftçi"nin rəhbəri olaraq, sosial şəbəkədə heç kimdən fərqlənməyən insanam. Elə burada da heç kimdən fərqlənmirəm. Bura ancaq vəzifədir. Vəzifə də insan kimi müvəqqətidir. Bir insan olaraq, fikrimi bildirmişdim. Belə şey deyəndə heç kimdən utanmıram. Bu, bir insanın şəxsi fikri idi”. Az əvvəl Kamran bəyin azarkeşliklə kluba cavabdeh şəxs arasındakı sərhədləri müəyyənləşdirə bilmədiyini nahaq yerə yazmamışdım. Bu açıqlaması da onu bir daha isbatlayır. Cənab Quliyev mövqeyini bir qədər də dəqiqləşdirməli, "like” düyməsini nə vaxt basdığını deməlidi. Xalq da bilməlidi ki, Quliyev bu mövqeyini ortaya qoyarkən, özünün dediyi kimi, heç kəsdən fərqlənməyən insan olanda iş saatı bitibmiş, ya yox.

81 illik tarixi olan kluba prezidentlik etməyə borclu olan insan unudur ki, onun çiyinlərində hansı məsuliyyət var və davranışlarında etiket qaydalarına əməl etməyə borculudu. Adam "ştatlı prezident” olsa belə, özünü prezident kimi aparmağı bacarmalıdı. Əks halda bu cür qəribə və gülməli durumlara hələ çox düşəcək. Bizdən xəbərdarlıq etməkdi. Qalanını özü bilsin.

Amal ABUŞOV
 
 

Xəbər lenti