Güləşçilər və cüdoçular ilə görüş - Nazirlikdə

Güləşçilər və cüdoçular ilə görüş - Nazirlikdə
Fevralın 27-də Gənclər və İdman Nazirliyində Almaniyanın Düsseldorf şəhərində keçirilmiş cüdo üzrə "Böyük dəbilqə” və Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirlərdə uğurlu çıxış edən Azərbaycan idmançıları ilə görüş keçirilib.

Sport7.az xəbər verir ki, tədbirdə nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti Firdovsi Umudov, məşqçilər və idmançılar iştirak ediblər.

Azərbaycan idmançılarının hər iki yarışda qazandıqları uğurları yüksək qiymətləndirən nazirliyin şöbə müdiri parlaq nailiyyətlərə görə onları təbrik edib. F.Mansurov oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına idmançılarımızın ciddi hazırlaşaraq ölkəmizi uğurla təmsil etmələrinin vacibliyini vurğulayıb. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını qeyd edən şöbə müdiri atletlərimizin beynəlxalq idman yarışlarında ölkəmizi uğurla təmsil etdiklərini bildirib.

AGF-in birinci vitse-prezidenti və sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi F.Umudov göstərilən yüksək diqqətə görə təşəkkürünü bildirib. Güləşçilərimizin göstərilən etimadı layiqincə doğrultduqlarını qeyd edən F.Umudov atletlərimizin qarşıdan gələn dünya kuboku, Avropa çempionatı, Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da uğurla çıxış edəcəklərinə əminliyini bildirib. O, qazanılan qələbələrin idmançıları daha böyük uğurların əldə olunmasına ruhlandırdığını diqqətə çatdırıb.

Qeyd edək ki, 65 ölkədən 441 cüdoçunun mübarizə apardığı "Böyük dəbilqə” turnirində Rüstəm Orucov (73 kq) gümüş, İrina Kindzerska (78 kq-dan yuxarı) isə bürünc medal qazanıblar.

Kiyevdə 37 ölkədən 500-dək güləşçinin iştirak etdiyi XXII beynəlxalq turnirdə Azərbaycan yığmasının üzvləri 9 qızıl, 6 gümüş və 4 bürünc medal əldə ediblər. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Rafiq Hüseynov (82 kq) qızıl medallara sahib olublar. İslam Abbasov (87 kq), Sabah Şəriəti (130 kq) gümüş, Elvin Mürsəliyev (82 kq) və Orxan Nuriyev (97 kq) üçüncü yerdə qərarlaşıblar.

Sərbəst güləşçilərdən isə Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq) və Cəbrayıl Həsənov (79 kq) turnirin gümüş medalına sahib olublar. Bürünc medalı isə yığmaya Əfqan Xaşalov (57 kq) qazandırıb. Qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib olub. Yalnız final görüşündə uduzan İrina Netreba (65 kq) gümüş medalla kifayətlənib. Alyona Kolesnik (57 kq) isə üçüncü yeri tutub.

Sonda jurnalistlərin sualları cavablandırılıb.
 
Sport7.az

Xəbər lenti