Günahsız Qurban

Günahsız Qurban
Kosovo ilə oyundakı məğlubiyyətin üzərindən iki sutkaya yaxın vaxt keçib. Yavaş-yavaş əsəblərimiz soyuyur, baş verənlərin mənzərəsi aydınlaşır, mühakimə yürütmək asanlaşır. Belədə 0:4 hesablı məğlubiyyəti qaçılmaz edən səbəblər haqda ətraflı danışmaq üçün də yeni fürsətlər yaranır.

Priştinadakı yenilgi hələ uzun müddət müzakirə olunacaq. Hərə özünə görə həqiqət axtarışına çıxacaq, günahkar tapmağa çalışacaq. Təbii haldı. Heç bir səbəb bizim bu cür böyükhesablı yenilgimizə bəraət ola bilməz. Milli komanda 0:4 hesabıyla məğlub olubsa, burda AFFA rəsmilərinin, milli komandanın məşqçilər koprusunun və sözsüz ki, müqəddəs formanı əyninə geyinib, meydana ayaq basan futbolçuların günahı var. Kimdəsə çox, kimdəsə az.

Bəli, biz qısa müddətdə iki oyun keçirməyə hazır deyilik.

Bəli, çempionatımızın səviyyəsi aşağıdı.

Bəli, Bakıda Kosovonu məğlub etməməklə, Malta ilə iki oyunda 4 xal itirməklə işimizi xeyli qəlizləşdirmişdik.

Bəli, yerli azarkeşlərin oyundan öncə himnimizi fitə basması futbolçularda əlavə gərginlik yaratdı, onların həyacanı mənfi enerjiyə çevrildi, özümüzü "yandırdı”.

Bəli, bu həyacanın davamı kimi 2-ci dəqiqə tamam olmamış qapımızda qol gördük və vəziyyətimiz bundan sonra xeyli qəlizləşdi, oyun intizamı pozuldu, rəqib isə daha da rahatlaşdı.

Bəli, Qurban Qurbanovun və yetirmələrinin motivasiyadan əziyyət çəkdikləri aşkar görünürdü. Bizimkilər Kosovo qarşısında yetərincə aqressiv və istəkli davranmır, məğlubiyyətlə barışmış kimi çarəsiz idilər...

Bəli, bu səbəblərin hamısı nəticəyə təsir edən məqamlardı. Hətta bir az davam etmək, siyahını genişləndirmək, "bəli”lərin sayını artırmaq da olar. Amma elə bu qədəri də yetər. Bizim futbolumuzun problemləri onsuz da xirtdəyəcəndi. Onlardan bir günün, bir ayın, hətta bir ilin içində qurtula bilmərik. Heç Kosovonu məğlub edib, qrupda birinci yeri tutsaydıq belə bizim üçün ciddi nəsə dəyişməyəcəkdi. Uzaqbaşı növbəti oyundakı məğlubiyyətə qədər özümüzü göylə aparacaq, futbolumuzun inkişafı haqda şirin nağıllardan sərxoş olacaqdıq.

Elə Kosovo ilə oyun ərəfəsində də bunu yazmışdım. Bu qarşılaşmanın ölüm-qalım sayılmasıyla razılaşmadığımı bildirmişdim. Daha ciddi işlərlə məşğul olmaq lazımdı, bəylər. Bir az da dəqiqləşdirim: İş görmək lazımdı, iş. Futbolun inkişafına xidmət edəcək real iş! Qeybətçilik, ayaq altı qazmaq, Qurban Qurbanovu xalq düşməni elan etmək, 26 illik millinin və AFFA-nın bütün günahlarını onun üzərinə yıxmaq adil davranış deyil.

Susursa, soyuqqanlı davranırsa, kimlərinsə çirkin oyunlarına bizim düşündüyümüz səviyyədə cavab vermirsə, onu qurbana çevirməyə tələsməyin. Amil Yunanov dedik, dəvət göndərdi. Bəxtiyar Həsənilizadəni arzuladıq, onu da milliyə çağırdı. Rüfət Dadaşovun adı dillər əzbərinə çevrildi, Qurbanov Almaniyanın yarımhəvəskar çempionatında qolları sıralayan hücumçu üçün də millinin qapılarını açdı. Mirabdulla Abbasovu istədik, son aylarda "artırıb” dedik... Cəddinə qurban olduğumun da dəvəti gecikmədi, millinin formasında son iki oyunda meydana çıxdı.

Arzuladığımız, millinin heyətində görmək istədiyimiz, çempionatda az-çox üzdə olan futbolçuların 90 faizi Millətlər Liqasının davam etdiyi müddətdə milliyə dəvət aldı, şansı qazandı. Unutduq ki, Millətlər Liqası səkkiz komandalı Premyer Liqa deyil, orda rəqiblər "Zirə”, "Səbail”, "Keşlə” səviyyəsində olmurlar. Adları kiçik səslənsə də, qarşımızda milli komandalar vardı, illərini beynəlxalq görüşlərdə keçirən avropalı futbolçular. Bu cür həqiqətləri qəbul etmək, real gücümüzü düzgün qiymətləndirmək lazımdı.

Nə qədər tez qəbul etsək, o qədər yaxşıdı, inanın mənə. Qurban Qurbanovu qurban verməklə heç nə qazanmayacağıq, buna şübhəniz olmasın. Hələ irəlidə görüləsi çox işlər var. Foqtsa, Prosineçkiyə necə dözmüşüksə, bir az da Qurbana dözək. Günahsız Qurbana!

Amal ABUŞOV

Xəbər lenti