Gürcü azarkeş Sport7.Az-a  danışdı:

Gürcü azarkeş Sport7.Az-a danışdı: "Həmin bayrağın Tiflisdə nə işi vardı?"

 Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ”nin I təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo” klubu ilə matçı heç də xoş hadisələrlə yadda qalmadı. Tiflisdə baş tutan ilk oyunda təmsilçimizin azlıqda qalan rəqibinə 1:2 hesabı ilə uduzması azmış kimi, qarşılaşma ərzində ev sahibinin azarkeşləri tərəfindən təxribatçı pankartların açılması da kefimizi korladı.

Bununla yanaşı gürcü azarkeşlərin azərbaycanlı fanatlara hücum etməsi də  gündəmi zəbt edib. Bicoların "Sector11” fan-klubunun üzvlərinə təzyiq edərək, onlardan Azərbaycan və "Qəbələ”yə məxsus bayraqları alması, həmin atributları təhqir etməsi təbii ki, heç də xoş qarşılanmadı. Məhz bu söhbət ətrafında son günlərdə sosial şəbəkələrdə etirazlar davam edir. Bir sıra fan-klublar birləşərək rəqib fanatlardan qisas alacaqlarını, onlara öz tərzlərində cavab verəcəyini söyləyirlər. 

Bəs görəsən, məsələnin qızışmasına, Tiflisdə azərbaycanlı fanatlara hücum olunmasına səbəb nə olub? Bizim qonşuluq münasibətlərimiz var axı...

Sport7.az-ın Əldə etdiyi məlumata görə, "Qəbələ”yə dəstək üçün Tiflisə gedən azarkeşlərə gürcü millətçiləri hücum edib. Bu da səbəbsiz deyilmiş. Sən demə, onların qıcığına "Sector 11” fan-klubunun özü ilə Gürcüstana apardığı  və üzərində Bozqurdun əks olunduğu bayraq səbəb olub. Həmin bayraq da Boris Payçadze adına "Dinamo Arena” ətrafında dalğalananda aləm bir-birinə dəyib.
 
Bunu saytımıza danışan "Dinamo”nun ən qatı azarkeşlərindən olan Ako Luarsabişvili də təsdiqləyib: "Məndə olan məlumata görə, sizin həmyerlilərinizə hücum edənlər gürcü millətçiləridi. Onlar ultras deyillər. Fikrimcə, doğru addım atıblar. Bozqurd bayrağının Gürcüstanda nə işi var? Bozqurdlar vətənsevər gürcüləri məhv ediblər, öldürüblər. Onlar bizim üçün terrorist sayılır. "Qəbələ”yə dəstək üçün gələnlərin bayraqlarında da bizimkilər həmin işarəni, bozqurdu görüb. Buna görə də kimisə qınamaq düzgün deyil. Bəli, biz qonşu ölkələrik. Ancaq sizinkilərin Tiflisə o bayraqla gəlməsi tamamı ilə yalnış addım idi. Bizim azərbaycanlılara hörmətimiz var. Ancaq biz heç vaxt gəlib Bakıda və ya hansısa bir şəhərinizdə düşməninizin bayrağı ilə gəzmərik. Bilirəm, Azərbaycan bayrağına qarşı da hörmtəsizlik olunub. Bunu doğru hesab etmirəm. Fikrimcə, bu emosianallıqdan  irəli gəlib. Gərək ilanın quyruğunu tapdalamayasan”.

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR