Gözüm gözünüzdən uzaq olsa da...

Gözüm gözünüzdən uzaq olsa da...
Bakının cansıxıcı istisindən, ağır ilin yorğunluğundan xilas olmaq istəyi məzuniyyət qərarını qaçılmaz etdi. Dincəlmək, həm orqanizmə, həm də beynə bir qədər istirahət vermək hər kəsə vacibdi. Elə bu qərarın təsiri ilə avqustun 5-dən Azərbaycanın hüdudlarını tərk etmişəm, amma qısa müddət sonra geri dönmək şərti ilə.
 
İstirahətimin faydasını tezliklə özüm də, dəyərli oxucularımız da hiss edər. Onlara daha maraqlı, dərin analizə və doğru məntiqə söykənən maraqlı yazılar təqdim etməyi bacararıq.

Rəhmətlik Səməd Vurğunun məşhur misralarında deyildiyi kimi, "Gözüm gözünüzdən uzaq olsa da, könüldən könülə yollar görünür”. Mənim də Azərbaycandan məsafəcə uzaq olan elə gözlərimdi. Uzaqdan da olsa, gözüm və qulağım daim doğma vətəndən gələn xoş xəbərlərin sorağında, könlüm də sizinlədi.

Elə bu hisslərin təsiri ilə dünən start götürən Topaz Premyer Liqasının ilk oyununu böyük maraq və həyacanla izlədim. Əlbəttə ki, elitada iştirakçı sayının, bölgə təmsilçilərinin və buna paralel olaraq rəqabətin artmasını çox arzulayırdıq. Amma olmadı. Artıq gileylənmək və şikayətlənmək, asıb-kəsmək gecdi. Bizə qalan indiki məqamda əlimizdə olana şükr etmək, onların da qədir-qiymətini bilməkdi.

Premyer Liqanın səkkiz iştirakçısının hər biri bizim üçün dəyərli və əzizdi. Onların problemlərini, qayğılarını yaxından hiss edirik. Çətinliklər isə var. Nəinki elitada, heç birinci divizionda təmiz mübarizə aparmağı arzulayan klubların sayının azalması, hər il bir-iki klubun ofisinin qapısının qıfıllanması, "klub qəbristanlığı”na yeni adların yazılması başımızı əllərimizin arasına alıb, qara-qara düşünməyimiz üçün ciddi əsaslar verir. Amma ki...

Hər bir yeni başlanğıc yeni bir ümiddi. Bu mənada həmin ümidi xoş hisslərlə qarşılamaq, gələcəyə nikbin baxmaq lazımdı. Novruz bayramı ilə bağlı olan adətlərdə deyildiyi kimi, baharı necə qarşılasan, ilboyu da həmin əhval-ruhiyyədə davam edərsən. Ona görə də biz də yeni futbol mövsümün yaxşı əhvalla, nikbin notlarla qarşılayaq ki, XVII Azərbaycan çempionatını da yüksək səviyyədə başa vura bilək. Mövsüm bizə bir-birindən maraqlı, həyacanlı və ən əsası, şəffaf mübarizə şəraitində keçən oyunların sevincini yaşatsın.

"Qarabağ”a, "Qəbələ”yə, "Neftçi”yə, "Sumqayıt”a, "Zirə”yə, "Sabah”a, "Səbail”ə, "Keşlə”yə uğurlar. Hər biri üçün mövsüm yeni bir sınaq, özünüsübut ab-havasında keçəcək. Ayrı ayrılıqda klubların hər biri üçün yetərincə motivasiya, qələbə qazanmaq üçün səbəb var. Yerli və ya legioner fərq etmək, futbolçulara da yeni futbol ilində ağır zədələrdən qaçmağı, zədə səbəbindən oyunlardan kənar qalmamağı arzulayıram.

Sözsüz ki, yeni mövsüm təkcə klublarımız üçün başlamayıb. Peşəkar Futbol Liqasında çalışan, öz işini sevən və bu işə ürəkdən can yandıran dostarımız üçün də ciddi sınaqlar olacaq. Eləcə də hakimlərimiz. Onlar daxili çempionatda özlərini yaxşı tərəfdən göstərməklə qitə səhnəsinə çıxır, orda Azərbaycanın adını ən yüksək səviyyədə təmsil edirlər. Deməli, onlar üçün də duaçı olmalı, ədalət qoruyucularına da uğur diləməliyik.

Bu yerdə dəyərli həmkarlarımı, idman jurnalistlərini də unutmuram. Onlar Azərbaycan futbolunun dəli sevdalıları, əsl fədakarlarıdı. Yorulmayasız, əziz dostlar. Gücünüz tükənməsin, qələminiz kəsərli və iti olsun. Yaşıl meydanlarda və ondan kənarda baş verənləri oxucularımıza obyektiv və operativ çatdıra biləsiniz. Birlikdə Azərbaycan futbolunu zirvələrə qaldıraq. Yeni futbol ilimiz mübarək olsun!

Gözüm gözünüzdən uzaq olsa da, könlüm sizinlədi!

Amal ABUŞOV
 
 

Xəbər lenti