Gözünü uzaqlara dikən Canni – AFFA-nın taxdığı eynəklə haranı görmək olar?

Gözünü uzaqlara dikən Canni – AFFA-nın taxdığı eynəklə haranı görmək olar?

Amal ABUŞOV

Dünən AFFA-nın rəsmi saytında hamımızı təəccübləndirəcək belə məlumat yer aldı: "Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi Türkiyənin Antalya şəhərinə səfərə yollanıb. Səfərin məqsədi Antalyada təlim-məşq toplanışında olan klubların heyətində çıxış edən Azərbaycan milli komandasına potensial namizəd futbolçuları izləməkdir”. Həmin açıqlamanı da bu yazıyla birlikdə təqdim etdiyim şəkillə birlikdə paylaşmışdılar.

Necə də romantik və düşündürücü görüntüdü. Albaniyanı Avropa çempionatının final mərhələsinə çıxaran italyan mütəxəssis Canni De Byazi AFFA-nın loqosu olan geyimdə, eynək taxdığı gözlərini uzaqlara dikib, harasa məchul bir nöqtəyə baxır. Hansı markadan olduğunu bilmədiyimiz bahalı eynəyi günəşin zərərli şüalarından qorunmağa yetərli olmayıb. Başqa cür ola da bilməzdi, çünki bizim ölkəmiz günəşli Azərbaycandı. Elə bu səbəbdən də De Byazi sağ əlinin də köməyinə ehtiyac duyub, həmin əliylə gözünü günəşdən qorumağa çalışır. İstəyir ki, baxdığı yerə nəzərlərini toplamağa, istədiyini görməyə ona heç nə mane olmasın. Əmindi ki, axtardığını tapacaq, istədiyini görəcək.

Gözü yolda qalan Canninin dərdini yaxşı bilirik. İtalyan mütəxəssis futbolçu axtarır. Amma unudur ki, onu Azərbaycana klub yox, millini çalışdırmağa gətiriblər. Millinin baş məşqçisi isə özünü klub məşqçisi kimi aparmaz, əcnəbi klubların heyətində legioner axtarmaz. Biz varını verəndə utanmayan xalqın nümayəndələriyik. Olanımız budu, sinyor Byazi. Hamısı da Azərbaycanda oynayır, sənin də, bizim də gözümüzün önündə. Mən biləni Antalyada toplanışda olan klubumuz yoxdu. Düzdü, hər ilin bu vədəsində Azərbaycan klubları və hakimləri Türkiyənin kurort bölgəsində hazırlıq keçərdi, orda xaricilərlə də gücünü sınayardı. Hazırda belə bir şey yoxdu, futbolçularımız da, hakimlərimiz də evində oturur, Bakıda hazırlaşır. Hazırlaşmağa bir şey varsa...

Bəli, Canni De Byazi çıxılmaz durumdadı. Çox tezliklə Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç kimi gülünc duruma düşəcək. Bəlkə də artıq düşüb belə. Amma bəhanələri vardı ki, Millətlər Liqası ciddi turnir hədəfləri olmayan yarışdı. Vaqif Sadıqov demişkən, bu turniri italyanlar Azərbaycan millisinin üzvlərini tanımağa, onların potensialını öyrənməyə sərf etdilər. İtalyanlar deməyim sizi təəccübləndirməsin. Canni De Byazi özüylə bir orduya yetəcək qədər həmyerlisini gətirib, əl-ələ verib... Azərbaycanda pul qazanacaqlar. Həm özləri üçün, həm də onlar bura gətirən işbazlar üçün.

Onu bura gətirənlər də yaxşı başa düşür ki, De Byaziylə bizim futbol inkişaf etməyəcək, millimiz nəticələri yaxşılaşmayacaq. Onları buna görə çarmıxa çəkən, istintaqa cəlb edən də olmyacaq. Bir bəhanə tapıb, itlalyanların Azərbaycandakı sərgüzəştlərinə son qoyacaqlar. Sonra da yeni qurbanların axtarışına çıxacaqlar. De Byazi də bunu yaxşı başa düşür. Anlayır ki, hazırkı azərbaycanlı futbolçularla uzağa getmək, ciddi uğur qazanmaq mümkün deyil. AFFA Azərbaycanda uşaq futbolunu məhv edib, istedadı olanları da pərən-pərən salıb. 65 yaşlı italyan uzun müddət işsiz qalandan sonra AFFA-nın timsalında yağlı tərəfdaş, yaxşı maaş verən patron tapıb. İstəyir ki, burdakı günlərini uzatsan, mümkün qədər zaman və pul qazansın.

Neynəmək lazımdı? Futbolçu yoxdu, onları Canni De Byazi yaşının bu çağında yetişdirib, milliyə cəlb edə bilməz. Deməli, Riad Rəfiyevin səsinə səs vermək, "milliləşdirmə” prosesinə qatılmaq lazımdı. Canni De Byazi Antalyaya da bu prosesə dəstək vermək üçün gedib. Rusiyanın "Ximki” klubunda çıxış edən Kamran Əliyevin və Ukraynanın "Minay”ında oynayan Anatoli Nuriyevin "milliləşdirilməsi” prosesinə rəsmiyyət və ciddiyyət qazandıracaq. Futbolçular deyəcək ki, bizim dalımızca o boyda italyan şəxsən gəlib. Azarkeşlərə də deyəcəklər ki, bu futbolçuları Riad milliyə dürtüşdürməyib, De Byazi özü onların oyununu görüb və bəyənib.

Əmin olun ki, dəyişən heç nə olmayacaq. Ramil Şeydayevin, Emin Mahmudovun, Renat və Rüfət Məmmədovların, Eddi İsrafilovun, Dmitri Nazarovun, Riçard Almeydanın və daha kimlərin dərdinə məlhəm ola bilmədiyini millini Kamranla Anatoli xilas edə bilməz. Canni De Byazi gözlərini uzaqlara diksə də, burnunun ucundan o yanı görməyəcək. Çünki AFFA-nın onun gözünə taxdığı eynəklə bu mümkün deyil!
 
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR