Hacıməhərrəmov: "Klubların yerinə qərar verə bilmərik, özləri narazılıq etməlidilər"

Hacıməhərrəmov:
Ötən gün AFFA-nın İntizam Komitəsi Premyer Liqanın 15-ci turu ilə bağlı bir sıra qərarlar çıxarıb, cərimə və cəzalar tətbiq etdi. 

Bu qərarlardan ikisi daha çox diqqət çəkdi. Belə ki, "Qəbələ" - "Sumqayıt" matçında hakimlər otağında lazımı inventarlar olmamasına görə bölgə təmsilçisi 1600 manat cərimələndi. "Qarabağ" - "Neftçi" oyunundan əvvəl isə məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olduğuna görə ağdamlılar da eyni məbləğdə cəriməyə məruz qaldı. Bu isə artıq AFFA-nın həddindən artıq sərt davranması anlamına gəlir. Ölkənin az da olsa Avropada üzünü ağ edən bu iki kluba belə münasibət bəsləmək nə dərəcədə doğrudu? Hər halda bu cərimələri tətbiq etməzdən əvvəl ən azı xəbərdarlıq edilə və ya nisbətən daha az məbləğdə cərimə kəsilə bilərdi. Bu yerdə isə Klublar Komitəsi yada düşür. Hansı ki, klubların maraqlarını qorumaq üçün yaradılmış bir komitə. Niyə yığışıb bu cür məsələlərdə vahid mövqe nümayiş etdirmirlər?

Bununla bağlı KK-dan da münasibət öyrənmək qərarına gəldik. Komitənin koordinatoru Zaur Hacı Məhərrəmovla əlaqə saxladıq. Zaur bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Düşünürəm ki, klublar özləri bu məsələləri Klublar Komitəsində qaldırmalıdı. Mən sadəcə, koordinatoram və bu məsələləri qaldırmaq səlahiyyətimdə deyil. Martın əvvəlində iclas planlaşdırmışıq. Klublar Komitəsinə yeni sədr seçiləcək. Xatırlayırsızsa keçən il, sədr seçilməmişdi. Bu məsələni klublar açmalıdı. İstəsələr PFL nümayəndələrini də dəvət edə bilərik. Biz klubların yerinə bu qərarları verə bilmərik, özləri narazılıq etməlidilər. Buna haqları da var. Klublardan da bizə müraciət edən olmayıb.

Mən onun tərəfdarıyam ki, klublar yığılsınlar, məsələ qaldırsınlar, narazılıqlarını bildirib, təkliflərini versinlər. Bəs komitə nə üçündü? Sədr yoxdu, klublar da komitəyə bir qədər biganə yanaşır. Sədr seçiləndən sonra, hamını yığmalıdı. Siz haqlısız, klub narazıdısa, haqqını tələb etməlidi. Amma İntizam Komitəsinin qərarlarına mən cavabdehlik daşıya bilmərəm. İK qərarları verən tam ayrı bir qurumdu. Mən yalnız klublara təklif edə bilərəm ki, məsələni qaldırsınlar. Komitədə həmişə belə olub. Kimlərin iclasda iştirakı vacibdisə onları dəvət edirik. Məsələn hansısa klub İntizam Komitəsinin qərarından narazıdısa hər iki tərəfin nümayəndəsini çağıra bilərik. Dəfələrlə olub ki, məsələn PFL-dən Aslan Şahgəldiyev, yaxud Məlik Həsənov gəlib iştirak ediblər. Hakimlərə aid hansısa məsələni klublar qaldırıbsa, iclaslarımızda Stuxlik, yaxud əvvəllər Xaqani Məmmədov iştirak edib. Kimə aid məsələ varsa, hər iki tərəfi çağırırıq, özləri müzakirə aparırlar. Komitənin məqsədi də budu. Yetər ki, klublar məsələ qaldırsınlar. Hələ ki, bayraqla bağlı müzakirələr olmayıb. Amma qarşıda hansısa iclasımız gözlənilirsə, məsələn 1 ay əvvəl klublara məktub göndəririk ki, hansısa məsələlərin müzakirə olunmasını istəyirlərmi. 3-4 gündən sonra, gələn həftənin əvvəllərində planlaşdırıram ki, klublarla əlaqə saxlayım.
 
Klub prezidentlərinə, yaxud İcraçı Direktorlara e-mail yazıb xahiş edirəm ki, hansısa məsələlər varsa bildirin və mən onları gündəliyə salım. Nə təklif verirlərsə onu gündəliyə salıram. PFL-ə, İntizam Komitəsinə və ya Hakimlər Komitəsinə aid nəsə varsa qarşı tərəfi də müzakirə aparmaq üçün iclasa dəvət edirəm. Yəni qaydalar və proseslər belədi. Gələn həftənin əvvəlində klublara məktub yazacam. "Qəbələ" istəsə, əlbəttə ki, məsələni gündəliyə salacam. Yetər ki, mənə hansı məsələləri gündəliyə salmaq istədiklərini bildirsinlər, başqa heç nə lazım deyil. İclasımız 5 və ya 12 martda nəzərdə tutulub. Amma əvəlcə klublarla danışmalıyıq. Sonra qərar verəcəyik. Qaldırılsa, həmin iclasda 100 faiz bu məsələlər müzakirə olunacaq. Buna əmin ola bilərsiz. Elə bir məsələ olmayıb ki, hansısa klub müraciət etrsin, amma biz müzakirəyə çıxarmayaq. Hətta bəzi hallarda klublar çox da vacib olmayan, cüzi məsələlərlə bağlı müraciət ünvanlayıblar və onları da müzakirə etmişik. Hansı ki, onların üzərindən keçmək mümkündü. İstənilən halda müraciətlər cavablandırılır. Amma biz klubların əvəzinə narazılıq də bilmərik ki. Canla-başla tərəflər dəvət olunur və proses aparılır".

Sport7.az

Xəbər lenti