"Hafiz Məmmədov dərhal Almaniya ilə əlaqə saxlayıb ki..." - RUBRİKA

"Gülməli xatirələr" rubrikamız davam edir. Futbol ictimaiyyətinin nümayəndələri futbolda başlarına gələn, gördükləri, eşitdikləri gülməli hadisələri bizimlə bölüşüblər. 

Keçək xatirələrə...

İbrahim Cəfərov ("Futbolxeber.az" saytının baş redaktoru): "Bakı”da bir inzibatçımız vardı, Baxşəli Baxşəlizadə. Amma adını Zaur kimi təqdim etmişdi. Bir dəfə maaş cədvəlində gördüm Baxşəli Baxşəlizadə. Soruşdum bu kimdi, dedilər Zaur. Səbəbi ilə maraqlandım. Məlum oldu ki, babası və başqa hansısa qohumu eyni adda olub və hər ikisi eyni yaşda, gənc rəhmətə gedib. Səbəb gülməli olsa da, insanların fikrinə hörmətlə yanaşmağa borcluyuq. Bununla belə o gündən başladım onu Zaur yox, Baxşəli kimi çağırmağa. Adını deyəndə bizim "Zaur” çox əsəbləşirdi. Hətta Jabaya da öyrətmişdim, arada şirin türkcəsi ilə "Bakşeli, Bakşeli” qışqırırdı, "Zaur” da dəli olurdu .(gülür)... Almaniyada təlim-məşq toplanışında idik. İstirahət günü komanda olaraq kartinqə getdik. "Zaur” orda qəza törətməklə bizi qorxutdu. Maşın necə çırpılmışdısa, zərbədən sükan sınmışdı. Otelə qayıtdıqdan sonra klubun rəsmi saytında bununla bağlı xəbər yerləşdirdim. Komandanın istirahətini kartinqdə keçirdiyini, Jabanın 20 iştirakçı arasında qalib olduğunu və s. yazdım. Yekunda da "Komandamızın inzibatçısı Baxşəli Baxşəlizadə ağır qəza törətməklə hamımızı qorxutdu” cümləsini xüsusi qabartdım. Burda məqsəd sırf "Zaur”u "dəli eləmək idi”. Xəbəri sayta qoyduqdan sonra məlum oldu ki, Bakıda aləm dəyib bir-birinə. Klub prezidenti Hafiz Məmmədov da xəbəri oxuyub və bərk narahat olub. Dərhal Almaniya ilə əlaqə saxlayıb ki, uşağın vəziyyəti necədi? Hamı düşünmüşdü ki, ciddi nəsə olub deyə belə yazmışam. Qalmaqal böyüdüyündən dərhal o hissəni xəbərdən çıxartdım. (gülür)...

 

Bəlkə də bu hadisəni danışmağım düz çıxmaz. Amma da keçib, necə deyərlər. Sadəcə etik cəhətdən düz olmadığı üçün futbolçunun adını yazmıram.

Antalyada təlim-məşq toplanışındaydıq. Axşam məşqindən sonra təxminən 10-12 nəfər, mən, gənc yerli futbolçular, bir də Andre Ladaqa. Zarafatlaşmağa başladıq. Lorı dillə desək, "şitliyimiz tutmuşdu”. Onu yerə yıxırdı, bu bunu. Birdən gənc futbolçulardan birinin qolu çıxdı. Durduğumuz yerdə zibilə düşdük. Gizlincə həmin futbolçunu köməkləşib "pojarnı vxod”dan rəhmətlik İlham həkimin otağına gətirdik. Məlum oldu k,  gips qoyulmalıdı. Səhər məşqə çıxırıq, baş məşqçi Coko Haciyevski idi. Haciyevski diqqətlə həmin futbolçuya baxdı. Məndən soruşdu ki, biz axşam məşqdən çıxanda bunun qolu salamat idi. Mən də bilmədim nə deyim, qayıtdım ki gecə pis yuxu görüb, yataqdan yıxılıb. Cavab Haciyevskinin xoşuna gəlmişdi deyə, əsəbləşmədi. Təbii ki, o da düz demədiyii bilirdi. Amma üz vurmadı...(gülür)...

Anar Şabanoğlu (İdman jurnalisti): "Futbol+" qəzetində təzə işləyən vaxt, mən həm də fotoreportyorlyuq edirdim. Bir gün Gürcüstan millisi ilə "Tofiq Bəhramov"da  yoldaşlıq oyunumuz vardı. Mən də yenə meydanın kənarında dayanıb şəkilləri çəkirdim. O zaman Gürcüstan millisində gənc futbolçu vardı Rati Aleksizde. "Çelsi"yə transfer olunmuşdu. Səbrsizliklə onun oyununu görmək istəyirdim. Çünki, gürcülərin qalan bütün ulduz futbolçularını - Arveladze qardaşlarını, Ketsbayanı, Kobiaşvilini, İaşvilini hamısını əzbər tanıyırdım. Amma sonra ümidləri doğrultmayan Aleksidzenin oyununu bir dəfə də olsun görməmişdim.  
 
Qolsuz bərabərliklə bitən oyundan sonra mətbuat konfransında qonaqların baş məşqçisi əfsanəvi Revaz Dzoudzuaşviliyə sual verdim ki, bəs Rati Aleksidzeni niyə meydana buraxmadınız?
 
Konfrans zalına sükut çökdu. Revaz Mixayloviç şirin gürcü ləhcəsi ilə qayıtdı ki bəs "Rati bil na pole". Sükutu kütləvi gülüş səsi pozdu. Sən demə başım fotoqraflığa o qədər qarışıb ki, Aleksidzenin ikinci hissədə meydana daxil olması diqqətimdən yayınıb.
 


"Hürriyyət” qəzetində işləyən vaxtlarım idi. Bir az xəbər qıtlığı vardı. "Şəmkir” çox iddialı idi, o zaman. Allah Şahbaz Süleymanova rəhmət eləsin, doğma komandasından heç nə əsirgəmirdi.  Nə isə... Səhifəni doldurmaq lazım idi. Belçika çempionatının bombardiri Desire Mbonabusiya vardı. Soyadından xoşum gəlirdi. Götürdüm yazdım ki, "Şəmkir” Belçika çempionatənın bombardirini transfer edir. Jurnalistlər qəzet çıxan kimi çempionunuzun baş məşqçisi Ağasəlim Mircavadova zəng edirlər ki, eşitmik Belçikadan futbolçu alırsız. Ağasəlim müəllim qayıdıb ki, "bəli, düz söhbətdi”. Soruşublar ki, bəs hansı futbolçudu? Qayıdıb ki, Zakir Mahmudov. Zakir müəllim də, o vaxt Ağasəlim müəllimin "Şəmkir”də köməkçisi idi".

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR