Heç "1" azərbaycanlıya lazım olmayan "Formula"

Heç
Azərbaycanlıların bütün dərdləri, problemləri bitib, indi də oturub gözünün qarşısından saatda 200-300 km sürətlə keçən maşınları görməyə çalışacaq? Xub! Kimin nəyinə lazımdı axı?

Ötən gün "Feysbuk"da "gəzişirdim". Qarşıma "Formula 1"in rəsmi səhifəsindən paylaşılan reklam xarakterli məlumat çıxdı. Məlumatda hər kəsi bu yarışa baxmağa çağırırdılar. Gözünə döndüyüm camaat da xəbərin altından yazdığı şərhlərdə nəyi var təşkilatçıları sərt şəkildə tənqid etməyə başladı. Təbii ki, mən də şəxsi münasibətimi bildirdim. Hələ də tənqidlər davam edir. Hətta bəziləri tənqidləri bir kənara qoyub təhqirlərlə də "hücum" edirlər. Açığı indiki məqamda bunun nə qədər düzgün olub-olmadığını demək çətindi. Amma artıq boğaza yığılan camaata da haqq qazandırmamaq mümükün deyil. Neyləsinlər, elə günə salıblar ki, camaatın əlindən gələn son həmlə budu. Həə şərhlərdə nə yazıldığının bir qismi ilə aşağıdakı rəsmdə tanış ola bilərsiz: 



Əslində belələrinin sayı daha çox olduğundan hamısını təqdim etmək mümkün deyil, hətta yuxarıda yazılanlardan daha sərt tənqidlər də var. Olmalıdı, olacaq da. Çünki "Baku-2015", "İslamiada", "Formula 1" kimi mənasız yarışların bizə lazım olmadığını hər kəs bilir. Amma təşkilatçılar öz aləmlərində bu tipli yarışlarla guya Azərbaycanı dünyaya tanıdacağını, xalqın bütün problemləri həll edəcəklərini, hətta bəlkə də Qarabağı geri qaytaracağını düşünürlər. Aydın məsələdi ki, bu ölkənin pulun talamaq, Avropanın, dünyanın ayağının altını, üstünü yalamaq, boğazlarından minlərlə paralarını kəsdikləri yazıq camaatı isə bacardıqca "dalamaq", belə demək mümkünsə çökdürmək məqsədi daşıyır və bilərəkdən həyata keçirilir. Guya başqalarına göstərmək istəyirsiz ki, Azərbaycanda hər şey qaydasındadı? Sanki qiymətlər, kredit faizləri və digər mallar gündən-günə bahalaşmır. Sanki, ikigündənbir erməni dığaları ilə sərhəd zonalarından şəhid xəbərləri eşidilmir. Vallah bütün dünyanın, böyük ölkələrin hər şeydən xəbəri var. Sadəcə, "loxlayıb" xalqın boğazından kəsilən, dərisini soyub haram, əyri yollarla qazanılan pulu alırlar. 

Təsəvvür edin biletin qiyməti minimum 60-80, maksimum 700 manat təşkil edir. Yəqin ki, 60 manatlıq biletlər "Formula 1" maşınlarının şütüdüyü yola yaxın olan ağacların başından və ya bulvardakı "Şeytan təkəri"ndən baxmaq üçündü. VİP yerlərdən izləmək istəyənlər isə 700 manatından keçməlidi. İndi siz deyin, ölkədə ümumi gəliri heç 700 manata çatmayan ailənin vecinə olarmı bu yarışlar? Bu vəziyyətdə 2 saniyənin içində saatda 250-300 km sürətlə hərəkət edən maşını görə bilmək üçün biletə 700 manat pul verən hansısa azərbaycanlıya isə axmaq deməkdən başqa yol yoxdu. 

Tüpürüm o neftə ki, gətirdiyi gəlirin xalqa bir qram faydası yoxdu. Kimlərinsə cibinə, ordan da belə mənasız yarışlara, dolayısı ilə də ölkə xaricinə axır o pullar. Ondansa əhalinin sosial vəziyyətin yaxşılaşdırılması yönündə işlər görün desən, görməzlər. Axı, "xalq" deyəndə qarınağrısı başlayır. Ona görə də hamı haqlı olaraq qarğış "yağdırır". Çünki sabah yarışlar qutaranda çökəcəklər xalqın boğazına ki, bəs büdcədə pul yoxdu, doldurmaq lazımdı. Camaatın cibinə girmək üçün çirkin əməllərə əl atacaqlar, onsuz da boğazdan olan korrupsiya artacaq. Amma inanın, bu qarğışlardan sonra heç kim xeyir tapmaz, tapa bilməz. Haramınız olsun xalqın boğazından kəsib xaricilərə yedizdirdiyiniz o pullar...

Səbuhi NƏRİMANOĞLU

Xəbər lenti