"Heç kim mənə dəstək göstərmir" - klubsuz qalan Amil Yunanov

Bir neçə il əvvəl Amil Yunanov adı Azərbaycan futbolunda ən üzdə olanlardan idi. "Sumqayıt"ın yetirməsi olan hücumçu perspektiv vəd edirdi, hətta yığmaya da dəvət alırdı. Sonradan nə baş verdisə futbolçu şans qazanmadı və kənarda qaldı. Hazırda klubsuz olan Yunanov çətin günlər keçirir. Bu səbəbdən onunla əlaqə saxlayıb düşüncələrini, gələcək planları ilə bağlı fikirlərini bölüşməsini istədik.

Amil Sport7.az-a müsahibəsində bu vəziyyətin ona pis təsir etdiyini söylədi:

- Amil, xeyli müddəti klubsuz qalmısan. Günlərin necə keçir?

- Heç nə, bekarçılıqdı, evdə oluram. Fərdi məşqlərlə kifayətlənirəm. Bəzən də uşaqlarla gedib mini futbol oynayıram.

- Klubsuz qalmağınla bağlı nə deyə bilərsən?

- Nə deyim? Vəziyyət məlumdu, neçə müddətdi klubsuzam. Sadəcə, pis oluram, bu vəziyyət məni çox sıxır.
 
 
- Yetirməsi olduğun "Sumqayıt" da səninlə maraqlanmır

- Xeyr, heç kim maraqlanmır. Kənarda qalmışam.

- Kənarda qalmağının səbəbini nədə görürsən?

- Açığı, belə bir vəziyyətə düşəcəyimi heç vaxt gözləmirdim. Səbəbini özüm də tapa bilmirəm. Səbəb ümumiyyətlə, görmürəm. Çünki insan bəzən çətinləyə düşəndə səhv özündə olur. Bəlkə də mən səhv etmişəm. Ya kimlərsə... Allah bilir. Sonuncu dəfə "Sumqayıt"ın heyətində Qəbələdə yoldaşlıq görüşündə oynamışam. Həmin vaxt klublar pandemiyadan sonra yenicə yığışmışdı. Onda da cəmi 1 oyunda meydanda oldum. Sonradan nə məşq oldu, nə də harasa dəvət etdilər. Fərdi məşqlərlə kifayətlənirəm, arada dostlarımla mini futbol oynayırıq. Əzələlərimin "ölməməsi" üçün çalışıram. 

- Bundan sonra futbolsuz qala biləcəyinlə bağlı nə dərəcədə narahatsan?

- Əlbəttə, narahatlığım var. 5-6 yaşından küçələrdə futbol oynamışam. 9-10 yaşından çiynimdə çanta məşqlərə getmişəm. Hesablasaq, ömrümün təxminən 20 ilini futbola vermişəm. Həyatım boyu, futboldan başqa heç bir işlə məşğul olmamışam. Yaxınlarım, dostlarım, məni tanıyanlar özümü futbola necə həsr etdiyimi yaxşı bilir. Həqiqətən bu vəziyyət məni çox üzür. Ən pis təsir edən odu ki, heç kim mənə dəstək göstərmir.

- Sonuncu dəfə "Sumqayıt"dan ayrılanda, səbəbini necə izah etdilər?

- Mənə nə izah edən, nə "sağ ol", nə "get", ya da "qal" deyən oldu. Sanki heç Amil adında futbolçu olmayıb. Nə deyə bilərəm. Bunlar haqda ümumiyyətlə, danışmaq istəmirəm.
 
 

- Sənin kimi bəzi yerli futbolçular var ki, kənarda qalıb. Klublar isə əcnəbi transfer edirlər. Bu duruma münasibətin necədi və yerlilərə diqqətsizlik nədən qaynaqlanır?

- Çox şey danışa bilərəm. Ancaq mənim danışmağımla nəsə düzələcək? Danışmaq üçün o qədər səbəb var ki. Mənə qarşı edilənləri hələ açıqlamaq istəmirəm, səbr edirəm. Vaxtı gələndə deyəcəyəm. Çox danışmağım heç nəyi düzəltməyəcək. Görək daha nə qədər səbr edəcəm.

- Bu dönəmdə hansısa komandaya transfer olacağınla bağlı ümidlərin var?

- Bəli, ümidlərim var. Həyatdı, hər şey mümkündü. Bəlkə nəvaxtsa, kiməsə lazım olaram. Kiminsə yadına düşərəm. Alınmasa da heç nə. Dünyanın sonu deyil ki. Düzdü, bu mənə çox pis təsir edəcək. Ancaq həyat bitmir, hər şey irəlidədi. Hamı ilə üz-üzə gəlirsən. 

- "Sumqayıt"ın "Şkendiya" ilə matçı haqda nə deyə bilərsən?

- Həm ölkə çempionatındakı, həm də Avroliqadakı oyununu izlədim. Açığı, heç oyun görmədim ki, nəsə deyim. Danışılası heç nə yoxdu.

- Komanda rəqib qapısına doğru bir zərbə belə vura bilmədi. Bu fiaskonun səbəbini nədə görürsən?

- Elə məsələ də budu. Hamısı göz önündədi, mənim nəsə deməyimə ehtiyac yoxdu.

- "Sumqayıt"ın transfer etdiyi iranlı futbolçuların səviyyəsi ilə bağlı nə deyə bilərsən?

- Heç nə deyə bilmərəm, onlar da futbolçudu. Pisdi, yaxşıdı, bu haqda nəsə fikir bildirmək istəməzdim. Onsuz da necə oynadıqlarını hamı görür. 
 
 
- Çempionat oyunlarını izləyirsənmi? Komandalarda ciddi dəyişiklik gözə çarpır?

- Əlbəttə, izləyirəm. Bütün oyunları demək olar canlı izlədim. Elə də ciddi dəyişiklik yoxdu. Uşaqlar da neçə müddətdi futbolsuz qalıb. İlk 3-4 tur çətin olacaq.  Bir məsələni də nəzərinizə çatdırım. Diqqət yetirsəz görərsiz ki, ilk turda bütün qolları yerli futbolçular vurub. Bu sevindirici haldı. Bunun özü çox məqamlardan xəbər verir. Yerli futbolçulara diqqət ayırsalar yaxşı olar. Çox oyunlarda belə olur. Kənardan gələn elə-belə legionerlərdənsə yerli futbolçuları oynatmaq mümkündü. Əlbəttə, "Qarabağ"dakı kimi səviyyəli legionerlər gətirsələr o başqa. Hər yerindən duranı tutub gətirməyin mənası yoxdu. 

- Ümumiyyətlə, yay transfer dönəmində alınan futbolçulardan kimlər diqqət çəkir? Hansılar haqda mənfi və ya müsbət düşüncələrdəsən?

- Heç kim diqqət çəkmir. Heç güclü transfer də edilmədi. Bildiyim qədər klubların maliyyə vəziyyəti yaxşı deyil. Əvvəlki kimi istədikləri futbolçuları gətirə bilmirlər. Bu da başadüşüləndi. İlk turda maraqlı transfer görmədim. Ancaq öz uşaqlarımızı bəyəndim.

- Gələcək planların necədi? Adətən belə hallarda futbolçular depressiyaya düşə bilir, psixoloji cəhətdən gərginlik yaşayırlar.

- Depressiya deyəndə, uşaq deyiləm, 27 yaşım var. Çox biabırçı vəziyyət yaranıb. 1-2 il əvvəl millidə oynayırdım. Amma indi klub tapa bilmirəm. Köməklik edən də yoxdu. Bu həqiqətən çox pis təsir edir mənə. Artıq-əskik hərəkətim də olmayıb, deyim ki, buna görədi. Başqa nə edə bilərəm? Əlimdən nə gəlir ki? Lap depressiyaya düşüm, oturub bütün günü ağlayım, bununla nə dəyişəcək? Bir müddət çıxış yolu axtarmağa çalışdım. Yaxın insanlara da müraciət etmişəm. Bacardığım qədər səbrli olmağa çalışıram.

- Düzdü, indi pandemiya ilə əlaqədar bir qədər çətin vəziyyətdi. Yenə də xaricə getməklə bağlı düşünürsən?

- Düşünürəm, bununla bağlı bir neçə nəfərə də müraciət etmişəm. Hazırkı durumla əlaqədar çox adam xaricə gedə bilmir. Yoxsa, indiyə qədər belə qalmazdım. Bir neçə ölkəni çıxmaq şərtilə qalanlarında durum pisdi. Bu da məni çox geri saldı. Bəzi insanlar məni xaricə apara bilərdi. Hələ gözləyirəm.
 
 

- Klublarda oynadığın vaxtlarda, xaricdən dəvətlər alırdın?

- O qədər dəvət olurdu ki. Dəfələrlə dəvət gəlib, ancaq klublarla müqaviləm olduğu üçün məni buraxmayıblar. Bəzən də kimlərəsə görə gedə bilmirdim. 

- Həmin vaxtlarda xaricə getmədiyin üçün peşmançılıq hissi keçirirsən?

- Əlbəttə, 22-23 yaşlarımda xaricə getsəydim, mənim üçün daha yaxşı olardı. Əslində, getmək istəyirdim. Ancaq klublar imkan vermirdi. Potensialımı orada aça bilərdim, Azərbaycanda qaldım. 

- Yəqin ki, yığmadan da dəvət gözləmirdin...

- Xeyr, indiki vəziyyətdə yığmaya çağrılmadığım üçün narazılıq edə bilmərəm. Hansısa komandada oynamıram axı. Bir az insaflı danışmaq lazımdı, bu düzgün deyil.

- De Byazi və yığmamızla bağlı nə düşünürsən? Nə edə bilərik? Bu bizi irəli daşıya biləcək addım idi?

- Bu barədə danışmağım düzgün olmaz. Təki yaxşı olsun, oradakı futbolçular, məşqçilər ölkəmizi təmsil edir. İnanıram ki, yaxşı olacaq. Çünki bildiyimə görə De Byazi uğurlu məşqçidi. Albaniya yığması onun rəhbərliyi altında uğurlu çıxış edib. Əsas odu ki, nəticə versinlər. 

- Onun açıqladığı komanda əvvəlkilərdən elə də ciddi şəkildə fərqlənmədi. Belə vəziyyətdə nəsə etmək mümkündü?

- Nələrisə dəyişmək çətin olacaq. Amma müəyyən dəyişikliklər görə bilərik. Pilə-pillə müəyyən işlər görə bilər.

- Sənin kimi yerli futbolçuların kənarda qalması qəbulolunmazdı. Bəs klub tapmasan, nə edəcəksən?

- 33-34 yaşım olsa, bu mənə o qədər də təsir etməz. Fikirləşərəm ki, "onsuz da 1-2 ilə futbolu atacam".  Amma 27 yaşım var və mənə tələbat yoxdu. Tanıyanlar da bilirlər ki, necə insanam. Avara, ifadəmə görə bağışlayın "oğraş" deyiləm. Bunu da qeyd etmənizi istərdim. "Sumqayıt"a getdim, mövsümboyu mənə 1-2 oyunda şans verdilər. Bu biabırçı vəziyyətdi. Hansı ki, məni komandaya bəh-bəhlə dəvət etmişdilər. "Keşlə"də xeyli matçda meydana çıxmışdım. Cəmi 2-3 oyunda şans qazanmadım. Ancaq "Sumqayıt"a, öz klubuma qayıdandan sonra çox az şans verdilər. Cəmi 50-60 dəqiqə. O da necə? 75, 80, 85-ci dəqiqələrdə. Bununla da bitdi. Maraqlıdı, niyə indi "Sumqayıt"da 1 hücumçu var? Amma mənim vaxtımda komandada 3 hücumçu oynayırdı. "Keşlə"də 1 hücumçu oynayır. Mənim vaxtımda isə 4 hücumçu vardı. Həqiqətən qəribə situasiyadı. 

- Şans qazanmamağın səbəbini baş məşqçidən soruşurdun? 

- Bir dəfə narazılıq etdim, yəqin ki, xoşuna gəlmədi. "Sumqayıt"a ehtiyatda oturmaq deyil, sırf oynamaq üçün getmişdim. Özləri də mənimlə belə danışmışdı. Ancaq gedib başqa vəziyyət görəndə adama təsir edir. 1-2 ay da gözləyəcəyəm. Komanda tapmasam yəqin ki, karyeramı bitirəcəm. Öz-özümə daha nə qədər məşq edim? 8 komandalı çempionatdı. Bundan sonra gedib Birinci Divizionda oynayası deyiləm ki. Bilsəm ki, hansısa komandada oynayacağımla bağlı təminat verirlər, gözləyərəm, məşq edərəm...

Səbuhi Həsənov
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR