"Heç olmasa buna qiymət verərdilər" - Elçin Həsənov

"İnter"in sadiq azarkeşi, fanklubun idarə heyətinin üzvü Elçin Həsənov vəzifəsindən ayrılıb. 

Hər halda "feysbuk" səhifəsində özü bu haqda açıqlama yazmışdı. Açığı uzun illərdi bu komandanın fanatı olan, futbolçularla, məşqçilərlə birlikdə məğlubiyyətlərə üzülən, qələbələrə sevinən Həsənovun bu addımı bir qədər təəccüblü idi. Bu üzdən onunla əlaqə saxlayıb fikirlərini öyrəndik.

Elçin bəy Sport7.az-a açıqlamasında bunları söylədi:  

"Fanklubun idarə heyətində ixtisarlar edildi. Dünən kadrlar şöbəsindən məni çağırıb ixtisara düşdüyümü bildirdilər. Heç kimdən incimirəm, hamıya işlərində uğurlar arzu edirəm. Sadəcə, mənə yer edən o oldu ki, yaranan gündən komanda ilə bir yerdəyəm. Qar, yağış, tufan, boran, isti-soyuq bilməmişəm. Demək olar ki, bu komandanın məndən stajlı azarkeşi yoxdu. Heç olmasa buna qiymət verərdilər. Amma eyb etməz. Belə məsləhət biliblərsə...

Avroliqa oyununu gözləyirəm. Tribunada bütün fanklub uşaqları ilə hallalşacağam və daha sonra müstəqil şəkildə oyunlara gəlib "İnter"ə dəstək olacam.

Mənə də ağır gələni odu ki, sadəcə ixtisar edildiyimi bildirdilər və başqa səbəb demədilər. Buna baxmayaraq dünən Ruslan Muradovla telefon əlaqəsi saxladım və idarə heyətində olmasam da, ehtiyac yarandığı vaxt fankluba yardım edəcəyimi bildirdim. 

Fanklubdan ayrılmağım heç bir halda "İnter"i qəlbimdən silə bilməz. 13 ildi bu komanda ilə bir yerdə addımlayıram. Tribunada sevincdən göz yaşlarımı saxlaya, kədərdən səhərə qədər yata bilmədiyim anlar olub. Bu hissləri, 13 ili həyatımdan silib ata bilmərəm. "İnter" mənim həyatımın bir parçasıdı. Bundan sonra da komandanın oyunlarına gəlib "İnter"in qalib olmasını arzulayacağam".

Sport7.az

Xəbər lenti