"Həm AFFA-ya, həm də Prosineçkiyə ayıb olsun, utanıb yerə girsinlər!"

Yığmamızın baş məşqçisi Robert Prosineçki "Roma"nın Bakıda "Qarabağ"ı yenməsinə sevinib.
 
Bu barədə İspaniya mətbuatına açıqlama verən mütəxəssis hazırda "Roma"da idman direktoru vəzifəsində çalışan dostu Monçiyə görə şad olduğunu bildirib və "Biz onunla "Sevilya"da birgə çıxış etmişik. Oyunu izləməmişdən əvvəl Monçi ilə şam etdik" ifadələrini işlədib.

Bəs bu nə dərəcədə doğrudu? Onun "Roma"ya görə sevindiyini açıq şəkildə bəyan etməsi etik çərçivəyə sığırmı?

Bu suala tanınmış həmkarlarımızdan cavab aldıq. Onlar Sport7.az-a açıqlamasında bunları söylədi:

Kənan Məstəliyev: "Prosineçki getdikcə ən iyrənc formada addımlar ataraq bizi özündən iyrəndirməyə çalışır. Onu alqışlaya bilərəm: bu, onda çox yaxşı alınır. Robini ilk vaxtlarda çox dəstəkləmişəm və bir məşqçi kimi bəyənmişəm. Ancaq görünən odu ki, onun "yaxşı oğlan"lığı bizim ondan tam peşəkarlıq tələb edənə qədər imiş. "Bursaspor"a getmək şansını AFFA tam haqlı olaraq gözündə qoyandan sonra bu adamın "başı əməlli-başlı qaçıb". Yay boyu Bakıya gəlmədi, çempionatımızı, tariximizin ən uğurlu avrokubok mövsümünü vecinə almadı, indi də belə qeyri-etik, heç bir peşəkar çərçivəyə sığmayan açıqlama verir. Özü də bunu məhz meneceri Yaşar Çalışırın Bakıda olarkən etməsi də maraqlıdı. Məncə, bu təsadüf deyil, bilərəkdən atılmış addımdı. Nə deyək, Prosineçki tərbiyəsini göstərir. Türklər demiş, bizə iyi seyirlər".

Rəşad Ergün: "Prosineçki dediyi kimi, "Qarabağ"la oyunda "Roma"nın qələbəsinə sevinibsə, buna normal baxıram. Bunu çox şişirtməyə dəyməz məncə. Sizinlə mərc gələrəm ki, bu ölkədə Qurban Qurbanovun uğursuzluğunu arzulayan yetərincə mütəxəssis var. Özü də onlar yerli mütəxəssislərdi. Amma onlar nə edir? Hansını danışdırsaz, "Qarabağ" bizim canımızdı, uğurumuzdu" deyir. Səmimi deyillər. Özlərinin hansısa rekordu qırılmasın, onları təkrarlayan olmasın deyə, əzab çəkən elə məşqçilərimiz var ki... Prosineçki kimdi? Aldığı pulun müqabilində Azərbaycanda çalışan biri. O, Azərbaycanı, "Qarabağ"ı sevməyə məcburdumu? AFFA ona millidə çalışmaq üçün pul verir, Azərbaycanın, "Qarabağ"ın uğurlarına sevinmək üçün yox. Əksinə, Prosineçki "Roma"nın qələbəsinə sevindiyini deyibsə, səmimi olduğu üçün ona təşəkkür düşür. Bu da bir şeydi. Elə bir şey ki, əksər azərbaycanlılarda yoxdu".

Natiq Muxtarlı: "Bilirsiz, bu tip məsələlərə öz mentalitatimizlə yanaşırıq. Avropada isə buna loyal yanaşırlar. Hər insanın bir klubda dostu ola və lap etika xətrinə onun qələbəsinə sevindiyini deyə bilər. Bu Avropada çox normal qəbul olunur. Biz isə bu məsələlərə aqressiv yanaşırıq. Prosineçkinin "Roma"nın qələbəsinə sevindiyini deməsini normal qəbul edirəm. Bunu açıq şəkildə bəyan etməsinə gəlincə, Azrbaycanda işləyən bir məşqçi bu xalqın xarakterini bilməli və açıqlamnın hansı önəm kəsb etdiyini düşünməlidi.  Bunu açıq şəkildə deməməlidi. Görünür Prosineçki burda olduğu müddətdə xalqımızın xarakterini öyrənməyə meyl və cəhd etməyib, mentalitetimizə hörmət göstərməyi fikirləşmədiyi üçün belə deyib. Bu da yığmaya baş məşqçi seçimində həmişə səhv addıma yol verildiyinin bariz göstəricisidi. AFFA hansısa məşqçi ilə müqavilə bağlayanda, yerli adət-ənənələrə, xalqın mentalitetinə hörmət etməyi, milli xarakteri öyrənməyi tələb kimi qarşısına qoymasa da, ən azı tövsiyə etməlidi. Bu görünür nə Berti Foqtsun, nə də Prosineçkinin qarşısına qoyulub. Ona görə də bu məşqçilər Azərbaycanda özlərini sərbəst aparırlar. Əslində, məsələni şişirtməyin tərəfdarı deyiləm. Sadəcə, bu onu göstərir ki, yığmanın baş məşqçisi yerində deyil".

Əli Sahib: "Millinin baş məşqçisi üçün belə rahat açıqlam vermək düzgün deyil, həqiqətən etik çərçivədən kənardı. Amma Prosineçki AFFA-ya gələn ilk məşqçi deyil ki, Azərbaycan haqda belə fikirlər bildirir. Məsələn, Foqtsu götürək. Elə bir dövrdə çalışıb ki, Azərbaycanda futbolun inkişafı üçün 2005-2015-ci illər dövlət proqramı vardı. Hətta səhv etmirəmsə həmin dövrdə bildirmişdi ki, Azərbaycan futbol yox, şahmat ölkəsidi. Əcnəbilərə dövlət tərəfindən ayrılmış milyonlarla pulları yedizdiririk, onlar üçün ölkəni dağıdırıq. Ələxsus da dolların qalxan vaxtı müqavilələri bu valyuta ilə bağlayırıq. Sonda da onlar Azərbaycanla və komandalarımızla bağlı mənfi fikirlər səsləndirir. Səhv etmirəmsə bir müdət öncə Prosineçki Azərbaycanda "Qarabağ"dan başqa heç bir klubun futbola pul xərcləmədiyini söyləmişdi. Halbuki indiyəcən Azərbaycanda məhz futbolun inkişafına kifayət qədər pul xərclənib. Amma Elxan Məmmədovkimilər (AFFA-nın baş katibini nəzərdə tutur - M.) timsalında, düzgün idarəçilik olmaması səbəbindən bu milyonlar havaya sovrulub. Bunun nəticəsidi ki, bəzim futbolla məzələnirlər. Çünki Prosineçki burda çalışır və hazırda karyerasını Azərbaycanda davam etdirir. Dostuna görə sevinə bilər. Amma bunu açıq-aşkar və rahat şəkildə bəyan etməsi heç bir etikaya sığmır. Futbolumuzun düzgün idarəçiliyinin olmamasının nəticəsidi. Prosineçki kimdi? Müqavilə şərtləri əsasında Azərbaycanda çalışan və AFFA qarşısında öhdəlik götürmüş bir mütəxəssisdi. Deməli, indiyəcən bundan işini tələb edən, günlərlə Xorvatiyada yaşamasının və Azərbaycanda keçirilən oyunları izləməməsinin səbəini soruşan yoxdu. Çox rahat buraxılıb. Ona görə də özünü sərbəst hiss edir, aylarla "Hilton" otelində qalır, pulsuz yeyib-içir, gedəndə də müqavilə pulunu cibinə qoyur. Başıboş idarəçilikdi. Tapşırıqlara vaxtında diqqət etmək, müqavilə şərtlərini nəzarətdə saxlamaq əslində AFFA-nın boynuna düşür. Bu işlə Elxan Məmmədov məşğuldu. Bağlanan müqaviləni bənd-bənd Prosineçkinin qarşısına qoymalıdı. Onun gördüyü işə nəzarət etməlidi. Müqavilə şərtlərinə əməl edib-etmədiyini nəzarətdə saxlamalıdı. Məhz belə açıqlamalara görə onu tənbeh etmək lazımdı. Görünür, Elxan Məmmədovla Prosineçki arasında ayrıca müqavilə var. Baş məşqçinin özünü belə sərbəst hiss etməsi də deyəsən elə futbol idarəçilərinin onun yanında gözükölgəli olmasından irəli gəlir. Yəqin ki, onun müqaviləsindən umacaqları olduğu üçün Prosineçkiyə heç nə deyə bilmirlər. Mən belə deyərdim. Mən demirəm o "Qarabağ"ı sevməlidi, uduzduğu üçün üzülməlidi. Sadəcə, aşkar şəkildə bəyan etmək düzgün deyil. Həqiqətən belə açıqlama veribsə, həm AFFA-ya, həm də Prosineçkiyə ayıb olsun, utanıb yerə girsinlər!".

Sport7.az

Xəbər lenti