Həmin o “Neftçi” qayıtdımı?

Həmin o “Neftçi” qayıtdımı?
Dünən axşamdan bəri çoxlarını bu sual düşündürür. Amma cavabını verməyə heç də hamı tələsmir. Çünki Müşahidə Şurası yaranandan sonra "xalq komandası”nın başına çox bəlalar gəldi, "Neftçi” çox enişli-yoxuşlu yollardan keçməli oldu. Hörmətini və əzəmətini sarsıtdı, ciddiyətini itirdi.

Elə o səbəbdən də "Neftçi”nin qayıtdığına, iddialarını bərpa edib, "Qarabağ”la "Qəbələ”nin mübarizəsinə baş qoşacağına inanmaq o qədər də asan deyil. Digər yandan "İnter”in hazırda hansı psixoloji vəziyyətdə olduğu, AFFA-nın komanda üzərindəki təsirinin əhəmiyətlilik dərəcəsi hamımıza məlumdu. Maraqlı məqamdı ki, "Neftçi” ölkə çempionatında elə sonuncu qələbəsini də məhz "İnter” üzərində qazanmışdı. Bu mənada "xalq komandası”nın qaldığı yerdən davam edəcəyini düşünmək olar. Amma bu cümlə belə reallığın obrazlı ifadəsidi.

Bəli, "Neftçi” qış fasiləsindən sonrakı ilk iki oyunda da pis təsir bağışlamamışdı. Təəssüflər olsun ki, həmin qarşılaşmalarda hakim qərarları futbolun önünə keçmiş, komandanın yeni transferlərinin oyunu haqda təhlillər aparmaq, proqnozlar vermək zərurətə çevrilməmişdi. "İnter”lə oyun isə bəzi müşahidələri əsaslandırmağa, "Neftçi”nin ümid verdiyi qənaətinə gəlməyə imkan verir. Bir şey dəqiqdi ki, bu dəfəki transferlər əvvəlkilərdən tam fərqlidi. AFFA-nın baş katibi Elxan Məmmədovun "Neftçi”yə təhkim etdiyi yeni kadrlar Elnur Məmmədovla Vəli Qasımovdan daha diqqətli çalışıb, səviyyəli əcnəbilərin paytaxt klubuna gətirilməsi üçün əllərindən gələni ediblər. Məşhur təmsildə deyildiyi kimi, dərslərini özlərindən əvvəl dərisi soyulmuşlardan alıblar. Düzdü, nə o vaxt, nə də indi komandaya transfer üçün nə qədər pul ayrıldığı açıqlanmamışdı. Bu baxımdan kimin büdcədən daha yaxşı yararlandığını demək çətindi. Elə o səbəbdən də pul söhbətini müzakirə etmədən bir nəticəyə əminliklə gəlmək olar: gələn 9 futbolçu gedən 9 nəfərdən daha faydalıdı. Deməli, simasını dəyişmiş "Neftçi”nin ən azından qış fasiləsinə qədər görməyə alışdığımız komandadan yaxşı çıxış edəcəyinə inanmağa dəyər.

Problemlər isə bitməyib. Bu problemlərin başında komandanın yerlilər baxımından çəkdiyi korluq dayanır. Unutmayaq ki, limitin tələbləri yerlilərin dəyərini artırır. Elə "İnter”lə oyundakı səhviylə gülüş obyektinə çevrilən "milliləşdirilmiş” Vaylonun "çərçivə”də dayanması həmin korluğun əlaməti idi. Elxan Abdullayevin bərkə-boşa düşmüş mütəxəssis olmaması da gələcəkdə "Neftçi” üçün ciddi əngələ çevriləcək. "İnter”lə oyun rahat keçdi, kritik məşqçi müdaxilələrinə ehtiyac qalmadı. Amma heç də həmişə belə olmayacaq. Üstəlik, legionerlərin həmişə belə ürəklə oynayıb-oynamayacağı, ümumi ansamblın anlaşmasının həmişə "İnter Arena”dakı kimi dil tapıb-tapmayacağı da zamanla cavabını tapacaq sualdı.

Azarkeşlər də, mətbuat da ardıcıl 3 il çempionluğu heç kimə güzəştə getməyən, avrokuboklarda tarix yazan "Neftçi”nin qayıtmasını arzulayır. Elə "Qarabağ”la "Qəbələ”nin indikindən də güclü olması üçün daha bir səviyyəli rəqibin peyda olmasına ehtiyac var. Ümid edək ki, çox tezliklə başlıqdakı sualın müsbət cavabını verə biləcəyik.

Amal ABUŞOV


Xəbər lenti