"Həmişə insanlara səhv olduqlarını göstərməyə çalışmışam" - "Arsenal"dan rədd cavabı alan Harri Keynlə hər şeyə dair

23 fevral / Harri Keynlə busəfərki görüş məkanımız Londonun şimalında yerləşən Hempsteddi. Bura ingilis futbolçunun hazırda bərpa prosesini keçdiyi "Tottenhem"in məşq meydançasının yaxınlığındadı.
 
Keyn "Mançester Yunayted"lə görüşdə topuq bağlarından aldığı zədə səbəbindən yanvarın ortalarından bəri yaşıl meydanlardan uzaq düşüb. Hücumçu, həmişəki kimi, nikbindi. Zədə ilə bağlı irəliləyiş var:

"Daha öncə sağ ayağımda bənzər zədələr olub, ona görə də necə bir şey olduğunu və bərpa prosesində nələrə diqqət etmək lazım gəldiyini bilirəm.

Heç bir futbolçu zədələnmək istəməz. Mən isə zədəni, bərpa prosesindən sonra daha da yaxşı futbolçu olmağım üçün bir şans kimi görürəm. Hər şeydə kiçik detallara diqqət yetirməyə çalışıram. Boş dayandığım bu günlərdə belə, daha güclü biri, daha yaxşı fərd kimi geri dönmək istəyirəm.

Həftədən həftəyə irəliləyiş var. Ötən həftə açıq havada məşqə çıxdım. Növbəti etapa keçməliyəm, yoxsa bərpa prosesini daha çox önəmsəyib tələsməməliyəm? - yaxın günlərdə topla məşğələlər zamanı vəziyyətin reallıqda necə olduğunu görəcəyik".

Keyn haqqında bilməli olduğunuz ilk şey: o, meydanın daxilində olduğu kimi, ondan kənarda da fleqmatikdi.
 


Klubu Keynə 200 milyon funt sterlinq qiymət qoyub. O, tarixin ən bahalı ingilis futbolçusu ola bilər. Ötən ilin dekabrında açıqlanan Britaniya İmperiyası Ordeni ilə təltif olunanların siyahısında Harrinin də adı var idi. Klub və yığmadakı oyunlarını ümumiləşdirsək, ötən il ingilis futbolçu 62 qarşılaşmada 41 dəfə rəqib qapılarına yol tapıb. Keynin kapitanı olduğu İngiltərə millisi 1990-cı ildən bəri ilk dəfə dünya çempionatlarında yarımfinal gördü. Bütün bunlarla yanaşı, forvard 6 qolla mundialın "Qızıl Buts" mükafatına sahib çıxdı:

"Ora qədər bir neçə maneəni aşmağımıza baxmayaraq, dünya çempionatında bizə böyük ümidlər bəsləmirdilər. Əlbəttə, çempion olmaq istəyərdik. Kim bilir, bəlkə də, həyatımız boyunca əlimizə bir də belə imkan düşməyəcək. Ancaq indi də irəliyə doğru addım atmaq üçün düzgün pozisiyada olduğumuzun fərqindəyik".

Onun həyatının dönüş nöqtəsi "Roy of the Rovers"vari (Roy Reys adlı futbolçunun həyatından bəhs edən ingilis komiksi) bir şeydi. 2014-cü ilin noyabrında "Aston Villa" ilə oynanılan görüşdə Keyn ikinci hissədə meydana daxil olur və onun oyunun sonlarında cərimə zərbəsindən vurduğu qol (rikaşet də olur) komandasına 2:1 hesablı qələbə qazandırır. Harri Premyer Liqadakı ilk qolunu özünü yerə ataraq qeyd edir. Məhz həmin gün Keyn təkcə "Tottenhem"in əsas heyətinə deyil, həm də azarkeşlərin qəlbinə yol tapdı.

Harri əvvəlcə 2014-15 mövsümündə "ilin gənc futbolçusu" seçildi, daha sonra isə iki il ardıcıl Premyer Liqanın "Qızıl Buts"unu qazandı.

İsveçrədə yerləşən Beynəlxalq İdman Araşdırmaları Mərkəzinə görə, hazırda Keynin dəyəri 198,6 milyon avrodu. Dünya çempionatından sonra bu məbləğ 204,6 milyon avroya bərabər idi. İndi Harri bu mənada təkcə PSJ-nin hücumçusu Kilian Mbappedən (219,6 milyon avro) geri qalır.

Necə oldu ki, tombul məktəbli belə dəyərli birinə çevrildi? Bəlkə də, erkən yaşlarda "Arsenal"dan rədd cavabı alması Keynin başına gələn ən yaxşı hadisədi. Mənə elə gəlir ki, bu iki şey arasında ayrılmaz bağ var:

"Arsenal" məsələsi mənim hekayəm adına, bəlkə də, ən önəmli detaldı. İnsanlar bir gün səni "Tottenhem", ertəsi gün isə İngiltərə yığmasının formasında görəndə hər şeyin çox asan olduğunu və asanlıqla buralara gəldiyini düşünürlər. Ancaq onların əksəriyyəti həyatımızdakı uğursuzluqların rolunu dərk etmirlər. "Arsenal" 8 yaşım olanda məndən imtina etdi. O yaşlarda belə şeylərə necə reaksiya verəcəyini bilmirsən. Yaxşı ki, ailəm konsentrasiyamın itməməsi üçün mənə yardımçı oldu.

O gündən bəri həmişə özümü nəyisə sübut etmək məcburiyyətində olan biri kimi görmüşəm. Həmişə insanlara səhv olduqlarını göstərmək istəmişəm. Həmçinin özümlə də mübarizə aparırdım. İdman və ya idmandan kənar - hər şeydə rəqabətə davamlı biriyəm. Həmişə ən yaxşımı ortaya qoymaq və ən yaxşı olmaq istəyirəm. (Deyilənə görə, ötən il klubdaxili Uno yarışında yarımfinalda Mussa Sissokoya uduzaraq mübarizəni dayandıran Keyn buna görə əsəbiləşib. Bu fakt da onun sözlərini təsdiqləyir).

Hər şeyin içində bir pozitiv detal tapmağı bacarmalısan. Hətta pis şeylərin belə, baş vermə səbəbi olur. Rədd edilmək insanın daxilində müqavimətin toxumlarını səpir. Bu sayədə neqativ şeyləri pozitivə çevirirsiniz. Hətta uğursuzluğu belə, şans kimi görə bilərsiniz".
 


Keyn "Los Anceles Rems" və "Nyu-İnqlend Petriots" arasında oynanılan və ikincilərin qələbəsiylə yekunlaşan Superboul matçından yeni qayıdıb. O, qəhrəmanı - 6-cı dəfə çempionluq yaşayan Tom Bredini canlı izləyib. İkilinin görüşmək imkanı da olub:

"Tom mənimlə görüşdü. Bredi gənclik illərimdə mənim üçün böyük ilham mənbəyi idi. Daha öncə sosial mediada danışsaq da, hər ikimiz məşğul olduğumuz üçün həyatda görüşmək imkanımız olmamışdı. Odur ki, çempion olduqdan sonra onunla bir araya gəlmək əla idi. Tomun oğlu futbol fanatıdı. Onunla danışmaq gözəl idi".

Bredidən ilham alan - Harri kimi, karyerasının əvvəllərində ona da şübhə ilə yanaşırdılar - Keyn performansını mümkün olan hər yolla artırmağa çalışır. Bitmək bilməyən texniki məşğələlərdən qidalanmaya, şəxsi aşpaz, bərpa texnikası, alkoqolik içkilərdən uzaq durması... - o, digərlərini üstələmək üçün hər şeyi edir.

Baş məşqçisi Maurisio Poçettinoya görə, mental güc və iradə baxımından, Keyn dünyanın ən yaxşı oyunçusudu: "Esseks"də evi olmasına baxmayaraq, Harri daha çox vaxtını məşq meydançasına yaxın olan evdə keçirir. Məşqə ilk gələn və ən axırıncı gedən odu". 

Zinədin Zidan Keyni "hər cür özəlliyə sahib oyunçu" kimi təsvir edir. İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeytə görə isə o, hər çalışdırıcının soyunub-geyinmə otağında istədiyi rol-modeldi:

"Karyeramı bitirəndə nəyəsə görə peşmançılıq çəkmək istəmirəm. Bu, mənim üçün hər şeydən önəmlidi. Geriyə baxanda "Niyə daha çox trenajora getmədim?", "Niyə daha çox məşq etmədim?" kimi sualları özümə ünvanlamaq istəmirəm. Bir də 25 yaşımda olmayacam. Karyerasını bitirən futbolçularla danışıram. Demək olar ki, hamısı bir göz qırpımında zamanın keçdiyini deyirlər.  Ən yaxşı olmaq üçün mümkün olan hər şeyi etməyə çalışıram. Ümid edirəm ki, bu hissi komanda yoldaşlarıma və ətrafımdakı insanlara da da ötürə bilirəm və bu sayədə onlarda da eynisini etmək istəyi yaranır".
 


Onun insanlıqdan kənar fokusunun təzahürlərindən biri penalti məsələsidi. Son dünya çempionatındakı Kolumbiya matçını xatırlayarsız. İlk öncə Keyn 57-ci dəqiqədə penaltini qola çevirdi. Oyun sonrası 11 metrlik zərbələrdə də nöqtəyə ilk yaxınlaşıb, dəqiq olan ondan başqası deyildi:

"Etiraf etməliyəm ki, özümə çox güvənirdim. Penaltiləri bir neçə dəfə məşq eləmişdik. Məşq meydançasındakı hər iki penalti nöqtəsi, demək olar ki, yararsız vəziyyətə düşmüşdü. Hər kəs 11 metrlik zərbələr üzərində çalışırdı, ancaq mən hamıdan daha çox cəhd edirdim. Artıq bütün penaltiləri qola çevirəcəyimi düşünürdüm. Sadəcə, topu istədiyim nöqtəyə qoymaq kifayət edirdi, qapıçının şansı yox idi.

Uzun müddətdi ki, futbolla məşğulam. Özümə və bacarığıma güvənirəm. Penalti bir az fərqlidi, çünki o an bütün dünyanın gözü üzərində olur. Ancaq mənim hər həftə məşqlərdə təkrarladığım rutin var: eyni addımlar, eyni nəfəs - qolfçular kimi. Onlar da hər atışdan əvvəl eyni hərəkətləri edirlər.

Özümə məxsus qovluğa çəkilmişəm. Önümə Tom Bredi və ya Tayqers Vudsu çıxarın, fərq etməz, gözlüklərim var, heç birini tanımayacam. Səs filan, mən başqalarının və ya digər oyunçuların dediklərini eşitmirəm. Öz diqqət zonam var. Alışdığımdan, artıq bənzər hadisələr olanda beynim və bədənim avtopilota keçir. Qalan şeylər isə hamıya məlumdu".

Keynin özəlliklərindən biri də individualizmdən daha çox, komandanın parçası olmağı önəmsəməsidi:

"Özümdən daha böyük bir şeyin parçası olmaq çox önəmlidi. Ailə hissi vacibdi. Hamı xüsusi bir şeyin parçası olmağı arzulayır. Özün təkbaşına bacarsan, nə gözəl, ancaq başqalarını qürurlandırmaq hissi dəyərsizdi. Ailə üçün, komanda yoldaşları üçün, ya da hər kimsə, başqaları naminə nəsə etmək, öz həyatını onlara yardım etmək üçün fəda etmək... - məni cəlb edən, motivasiya verən şey budu. Etdiklərim təkcə özüm üçün deyil. Hər şey həyatım boyunca məni dəstəkləyən hər kəs - ailəm, dostlar, məşqçilər və azarkeşlər üçündü. Mənə yardım etmək üçün zamanını ayıran hər kəsə artıqlaması ilə qarşılığını ödəmək istəyirəm".

Keynə, yığmanın baş məşqçisi Qaret Sautqeytlə arasında çox yaxın münasibətlərin olduğunu təxmin etdiyimi dedim. Güldü və razılıq mənasında başını aşağı-yuxarı salladı:

"Qaretlə əla münasibətlərim var. Etdiyim fədakarlıqları yüksək qiymətləndirir. Əminliklə deyə bilərəm ki, İngiltərə millisindəki hamı üçün ata fiqurudu. Birlikdə çox zaman keçiririk. Həmin periodlarda komanda ailənə çevrilir. DÇ-2018 kimi, yaxşı turnir keçirəndə komanda yoldaşlarınla arandakı bağ da güclənir. Hamımız məşqçi ilə dostuq. Boss odu və onun meydanda dediyi hər şeyə hörmətlə yanaşırıq. Ancaq meydandan kənarda dostuq - həqiqi və səmimi dost".
 


Harridən bir çoxlarını maraqlandıran sualı soruşdum: "Yarımfinalda Xorvatiya ilə görüşdə qeydə alınan məğlubiyyətdən sonra Sautqeyt səni qucaqlayanda nə demişdi?"

"Təkcə "fəxr edirəm" ifadəsini xatırlayıram. Hətta özümüzü bərbad hiss etdiyimiz anda belə, bizimlə fəxr edirdi. Çox fədakarlıq etmiş və bu yerə qədər gəlmişdik. Azarkeşləri qürurlandırmaq istəyirdik. Bərbad hisslər idi. Ancaq Qaret iki il öncə, Avropa çempionatından sonra azarkeşlərin bizi fitə basdığı anları yadımıza saldı. O, bizə haradan hara gəldiyimizi xatırlatdı. Heç vaxt bunu unutmayacam".

Görəsən, Sautqeytin Avro-96-da Almaniya ilə görüşdə qaçırdığı penalti bu gün onun daha yaxşı məşqçi olmasına yardımçı olubmu?

"Məncə, o da işin böyük bir parçasıdı. O, İngiltərə yığmasında oynamağın, yarımfinala qədər irəliləməyin, penalti qaçırmağın və onun nəticələrinin necə olduğunu yaxşı bilir. Əminliklə deyə bilərəm ki, həmin andan daha yaxşı biri olmaq üçün istifadə edib və o hissləri komandamıza ötürməyi də bacardı. Yayda etdiklərimiz inanılmaz idi".

Futbolda tez-tez "12-ci adam"ın mistik gücündən bəhs olunur. Kiminə görə, bu, azarkeşlərdi, kiminə görə isə məşqçi... Ancaq mənə elə gəlir ki, Keynin situasiyasında "12-ci adam" nişanlısı Keyt Qudlenddi. Onlar ibtidai sinifdə oxuyarkən tanış olublar, yeniyetmə illərində sevgili kimi görüşməyə başlayıblar, hazırda isə bir 2 yaşlı, bir də 6 aylıq qız övladları var:

"100% elədi. 18 yaşımdan bəri onunla birlikdəyik. Bütün eniş-yoxuşlarda yanımda olub. Uğurlar qazananda, çətinliklə üzləşəndə, zədələrlə mübarizə aparanda... - hər situasiyada yanımda idi. Özümü pis hiss edəndə, məni narahat edən nələrsə olanda onunla bu barədə asanlıqla danışa bilirəm. Hər şeyə açıq olması onunla daha güclü bağ qurmağıma yardımçı olur. Futbol emosiyaların oyunudu, müxtəlif hisslərə qapılırsan və bəzən hər şeyi içinə atıb, olanları komanda yoldaşlarınla bölüşmürsən. Keyt məni yenidən həyata qaytarır. Het-trik edəndə mənə deyir: "Ok, bu gün evdə çaylar sənlikdi". Özü və ya mənlə zarafatlaşmaqdan çəkinmir.
 


İki qız uşağına sahib olmaq əladı, çünki oyunlardan öncə adrenalin səbəbindən yata bilməyəndə onların gecə qidalanmasını üzərimə götürə bilirəm.

Partnyorunla hər şeyi bölüşə bilmək faydalıdı - xüsusilə də mental baxımdan. İçində saxladıqlarını üzərindən atmaq çox önəmlidi. Çünki çox saxladıqca çox düşünməyə başlayırsan və yekunda depressiyaya düşürsən. Həmişə hisslərimi ortaya atan, çox emosional biri deyiləm, ancaq düşünürəm ki, hiss etdiklərini dilə gətirmək, bəzən öz təfəkküründən şübhə etmək və bacardığın qədər problemlərini ətrafındakılarla müzakirə edə bilmək önəmlidi.

Valideynlərimlə hələ də çox yaxınıq - həmçinin qardaşım Çarli və Keytin ailəsi ilə də. Məhz ətrafımda belə bir mühitin olması sayəsində həm daim ünsiyyətdə ola bilirəm, həm də ayaqlarım yerə sağlam basır. Bir də, həmişə futbol danışmalı olmuram. Danışılası başqa mövzuların olması, başqa öhdəliklər daşımaq önəmlidi.
 


Uşağım dünyaya gələndə çox emosional idim, ancaq heç vaxt çığırğan olmamışam. Məncə, bu Keyti dəli edir. Bir dəfə mənə demişdi: "Nikah mərasimi zamanı mən zala daxil olanda ağlamasan, fikrimdən daşınacam".

Keyndən özünü üç sözlə ifadə etməyimi istədim. Tərəddüd etmədən cavab verdi: "Qətiyyətli, temperamentli və qayğıkeş". Bunlar daha çox sosial xidmətlərdə çalışan insanların sahib olmalı olduqları xüsusiyyətlərdi. Futbolçu hara, qayğıkeş olmaq hara?

Pilləkənlərlə aşağı düşürük, Keyn avtoqraf imzalayır. Mən də öz növbəmdə ondan uşaqlarım üçün İngiltərə formasını imzalamasını istədim. Sən demə, tələsdiyimdən, evdən çıxanda çaşıb, Keyndən öncəki dönəmin İngiltərə formasını özümlə götürmüşəm.
 


"Bekhem forması. Beksi həmişə sevmişəm. O, əfsanədi", - deyə Keyn əlavə etdi və formanı imzaladı. Bəlkə də, bir gün bu imzanın dəyəri 200 milyon avrodan artıq olacaq.

Reportaj: Martin Daubni ("The Times")

Tərcümə və tərtibat: Rüfət Məcid
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR