"Həmişə necə idimsə, indi də elə olacaq" - "Sabah"ın yeni transferi

"Klubdan ayrılmağımda həm komandanın, həm də mənim razılığım olub".

Sport7.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Amin Seydiyev "Sabah"a keçidi barədə danışarkən deyib. 

22 yaşlı müdafiəçi əyalət təmsilçisi ilə müqaviləsinin olduğunu, lakin ayrılmaq qərarına gəldiyini bildirib. Lakin o, yetirməsi olduğu klubdan gediş səbəbini açıqlamayıb. 

Seydiyev "Sabah"a transfer olunmasına baxmayaraq Premyer Liqa bərpa olunacağı təqdirdə, "Qəbələ" üçün əlindən gələni edəcəyini vurğulayıb: "Komanda olaraq, əlimizdən gələni edəcəyik ki, ön sıralara yüksələk. Mövsümü 8-ci yerdə başa vurmaq istəmirik". 

Müdafiəçi paytaxt klubuna keçsə də, "Qəbələ"də motivasiya baxımından problemin olmayacağını deyib: "Həmişə necə idimsə, indi də elə olacaq. Çünki mən hələ də "Qəbələ"nin oyunçusuyam. Dəyişən bir şey olmayacaq. Məni tanıyanlar tanıyır, bilənlər də bilir ki, bu, mənə təsir etməyəcək. Əlimdən gələni əsirgəməyəcəyəm".

Oyunçu "Sabah"da özünü göstərəndən sonra karyerasına ölkə xaricində davam etdirmək niyyətinin də olduğunu sözlərinə əlavə edib: "Ən yaxın vaxtda xaricdə çıxış etmək istərdim. Bunu zaman göstərəcək". 

Seydiyev 2019/2020 mövsümünün ardından "Sabah"a keçəcək. O, paytaxt klubu ilə 3 illik sözləşmə imzalayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR