"Hər şey tez bitsin, həftədə 8 gün işləməyə də razıyam" - Aslan Şahgəldiyev

Koronavirus pandemiyası səbəbindən mart ayının 13-dən etibarən ölkəmizdə futbol yarışları dayandırılıb. Xüsusi karantin rejimi də elan olunduğundan hər kəs evdə qalmağa məcbur olub. Kimisi bu günlərdən istirahət kimi yararlanır, kimisi də aktiv həyat tərzi üçün darıxır. 

Həftə içi ofisdə, həftə sonlarını isə turun oyunlarında keçirən PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin karantin günləri necə keçir? 

Bu barədə qurum rəsmisi Sport7.az-a "POZİTİV" müsahibəsində danışıb:

- Aslan bəy, karantin günləri neçə keçir, nə işlə məşğulsunuz? 
- Sonuncu dəfə gördüyüm ən uzun müddətli karantin rejimi əsgərlikdə olub. 40 gün addımlamağı, silahdan istifadə etməyi, hərbi andı öyrənmişdik. Əsgərlikdəki karantinin bir tərəfi yaxşı idi ki, başın qarışırdı, vaxt gedirdi. Bu karantin isə daha çətindi, çünki çox yer bağlanıb, futbol tam dayanıb, görməyə iş qalmayıb. Fürsətdən istifadə edib çoxlu yatıram, kinoya baxıram, uşaqlarla başımı qatıram. Nurlan İbrahimov sağ olsun, hərdən "votsap" qupumuza suallar göndərir, onların cavabını tapmağa çalışır, vaxtımızı səmərəli keçiririk.

- Bəs PFL prezidenti Ramin Musayevlə gün ərzində əlaqə saxlayırsınızmı? 
- İşə getmək üçün icazəmiz var. Vaxtında akkreditasiya vəsiqənizi götürsəydiniz, siz də gedə bilərdiniz. Vacib məsələ varsa, 2-3 saatlıq işə gedirik, xırda məsələləri isə "votsap" qrupumuzda müzakirə edirik. Ramin müəllimlə hər gün danışırıq, ən son xəbərləri onun diqqətinə çatdırıram. O da öz növbəsində tapşırıqlarını verir. Bir sözlə distant iş rejiminə keçmişik.

- Hazırki vəziyyətlə bağlı nə düşünürsünüz? Bu işlərin axırını necə görürsünüz, sizcə gedişat necə olacaq?
- Bu işlərin axırını görə bilsəydim, dünyanın ən məşhur adamı olardım. Hadisələr çox sürətlə baş verir, demək olar hər gün yeni nə isə yaşanır. Hadisələrin sonunu, gedişatı düşünməkdənsə, verilən qərarlara hörmətlə yanaşıb, onlara maksimum əməl etməyə çalışmalıyıq. Pozitiv düşünmək lazımdı ki, testimiz neqativ çıxsın.

- O zaman pozitiv bir sual: Həftəsonları oyunlarda olduğunuz üçün istirahət günləriniz demək olar ki, olmazdı. Karantindən istifadə edib həmin günlərin əvəzini çıxa bilirsinizmi?
- Bildiyiniz kimi,  futbol sahəsində çalışan insanların istirahət günü olmur. Həftə içi işdə, həftə sonu isə çempionatla əlaqədar olaraq stadionlarda olurduq. 16 ildən sonra ilk dəfədi ki, bu qədər uzun müddət evdə otururam. İşdə olduğumuz günlərin əvəzini belə çıxmağın tərəfdarı deyiləm. İstirahətin, evdə qalmağın da bir həddi olar. Bu qədər evdə qalmaq insanı tənbəlləşdirir. Karantin bitəndən sonra işə adaptasiya olmaqda çətinlik yaşayacağıq. Hər şey tez bitsin, həftədə 8 gün işləməyə də razıyam. (gülür)...

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR