"Hər şeyi dəyişmək niyyətindəyəm" - "Kəpəz"in futbolçusu

"Kəpəz” komandası ilə bağlı bu gün daha bir xəbər yayılıb.
 
Sport7.az xəbər verir ki, ötən həftə 7 futbolçusu ilə müqaviləsini yeniləyən Gəncəlilər bu gün daha 3 üzvü ilə yeni müqavilə imzalayıb. Bunlar Vüqar Bəybalayev, Ceyhun Cavadov və heyətdə Gəncə futbolunun yeganə nümayəndəsi olan Tural Rzayevdir. "Kəpəz”in elitaya döndüyü ilk mövsümdə daha çox oynamaq imkanı qazanan Rzayev, ötən mövsüm uzun müddət ehtiyyatda qaldı. Lakin futbolçu müqaviləsinin artırılması ilə bağlı verdiyi açıqlamasında yeni mövsümün tam fərqli keçəcəyinə ümid etdiyini bildirib:
 
"Kəpəzdə keçirdiyim ilk mövsümdə daha istəkli idim. Bu səbədən daha çox oynadım. Ötən mövsüm heyətimiz genişləndi. Bəzən vaxtımı gözləməli oldum, bəzən uğursuzluq, bəzən isə bəxtsizlik potensialımı tam açmağa imkan vermədi. Geridə qalan mövsümü boşa verdiyimi desəm yanılaram, az oynasam da xeyli təcrübə qazandım. Az oynamağımın da günahını heç kimdə yox, özümdə görürəm. "Kəpəz”in məşqçilər korpusu işini ədalət prinsipi üzərində qurub, ola bilsin ki məşqlərdə özümü yaxşı tərəfdən göstərə bilməmişəm və ya məşqçilər məndən gözləniləni ala bilməyiblər. Lakin hər şeyi dəyişmək niyyətindəyəm. Komandaya faydalı olmaq istəyirəm. Ötən mövsüm Avrokuboklara vəsiqə qazana bilməsək də, komanda olaraq yaxşı çıxış etdik.
 
İki mövsümü ümumilikdə götürsək pis təsir bağışlamadığımı düşünürəm. Yeni mövsümlə bağlı planlarım isə tam başqadı. Qarşıdakı çempionatı karyeramda dönüş nöqtəsi kimi qiymətləndirərdim. Baş məşqçimizə güvəniləsi futbolçu olduğumu göstərmək istəyirəm. Əvvəlcə əsas heyətdə yerimi bərpa etmək, daha sonra isə ilk onbirlikdə möhkəmlənmək niyyətindəyəm. Komanda istirahətdə olsa da, mən fərdi məşqlərimi davam etdirirəm. Yeni mövsümlə bağlı böyük arzularım var. Yerli publika da bir gəncəli kimi mənə böyük ümidlər bəsləyir. Onların ümidini doğrultmaq istəyirəm. Məşqlərdə daha səylə çalışıb, Kəpəzə faydalı olacağımı düşünürəm”. Qeyd edək ki, 23 yaşlı gənc yarımüdafiəçi "Kəpəz” dən əvvəl "Ağsu” və "Zirə” komandalarının şərəfini qoruyub".
 
Sport7.az

Xəbər lenti