"Hər şeyin sonu olur" - Rəşad Sadıqov

"Bizi ciddi rəqib gözləyir. Çexiya yığmasının son 2 matçını izləmişik. Rəqib çox yaxşı formadadı”.
 
Sport7.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.
 
Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu ev oyununu sabah Çexiyaya qarşı keçirəcək.
 
Bu görüş Sadıqovun yığmanın heyətində keçirəcəyi sonuncu matç olacaq. Matçdan öncə keçirilən mətbuat konfransında Rəşad əvvəlcə bununla bağlı danışıb: "Çexiya yığması hazırda turnir cədvəlində qərarlaşdığı yerə layiq deyil. Şəxsi fikrimdi ki, Şimali İrlandiya millisindən iki baş üstün oyun göstərirlər. Biz də matça yaxşı hazırlaşmışıq. Sonuncu ev matçımızdı. Əlimizdən gələni edəcəyik ki, bütün azarkeşlərimizi və futbol ictimaiyyətimizi yaxşı nəticə ilə sevindirək”.
 
- Millidə 16 il ərzində 110 oyun keçirmisiz. Sabah isə yığmada sonuncu matça çıxacaqsız...
 
- Bu haqda çox danışmaq olar. Sadəcə, sabah bizi oyun gözləyir. Fikrimin dağılmasını istəmirəm. Komanda şəklində matça köklənmişəm. Birinci gündən əlimdən gələni etmişəm. Nə qədər yaxşı və ya pis alındığına azarkeşlər, futbol ictimaiyyəti qərar verə bilər. Fikrimcə, bu haqda matçdan sonra danışmağa vaxtımız olacaq. Asan qərar deyil. Milli həmişə döyünən ürəyim olub. Amma hər şeyin sonu olur. Əsas odu ki, son vaxtında olsun. Mən də düşünürəm ki, artıq millidən getməyimin vaxtıdı.
 
- Millidə yaxın gələcəkdə rekordlarınızı yeniləyəcək futbolçu görürsüzmü?
 
- Əvvəla onu deyim ki, penaltini digər futbolçu daha yaxşı vurursa, sabah da o yerinə yetirməlidi. Mənim bu məsələyə yanaşmam belədi. Rekorda gəlincə, elə futbolçularımız var ki, 25-26 yaşında yığmada 60-70 oyun keçiriblər. Mənim rekordum yalnız oyun sayı ilə bağlıdı. Bəzi futbolçularımız var ki, 5-6 il sonra bu rekordumu yeniləyə bilərlər. (apasport)
 
Sport7.az

Xəbər lenti